fazilmustafa12

“İlk öncə şəhid ailələrinə və qazilərə maddi təminat, ev, kredit borcları ilə bağlı sosial şəbəkədə başlayan narazılıq havasını dövlət atılan konkret addımlarla səngidə bildi. Elə bir ciddi bəhanə yeri qalmadı. Ardınca yeni mövzu tapıldı və gündəmimizə oturduldu. Şəhid məzarlarının yerinin dəyişdirilməsi ümummilli məsələyə çevrildi. Sonradan anlaşıldı ki, orada hansısa subasmadan söhbət getmir və hətta bir neçə ailə dövlət qurumlarının təkidinə baxmayaraq heç məzarların köçürülməsini də istəmədi. Demək ki, bu ailələrin onsuz da həssas olan duyğularını sömürərək küçəyə çıxarmağı bacarmışlar. Ancaq dövlət yenə də şəhid ailələrinə ənənəvi həssaslığını ortaya qoydu və məzarların yeri dəyişdirildi. Ardınca da hərbçilərin maaşı məsələsini yenə də sosial şəbəkə üzərindən geniş kampaniya çevirdilər və başıboş kütləyə yalandan söylənməyən ifadələri rəngli formatda tirajlayaraq dövlətə, parlamentə, ayrı-ayrı deputatlara qarşı söyüş-təhqir yağdırmalarını təmin etdilər. Hökumət isə bir neçə həftə idi ki, hərbçilərimizin maddi təminatının yaxşılaşdırılması üçün çalışırdı və rəqəmləri büdcə ilə uyğunlaşdırmaq vaxt tələb edirdi. Həm də bir çoxlarının arzuladığı terminologiyaya uyğun gələn döyüş bölgəsi ifadəsi ilə deyil, siyasi baxımdan daha doğru ifadə ilə Ermənistanla sərhəddə və yüksək risq şəraitində xidmət edən hərbçilərə 100 faiz, digərlərinə isə 50 faiz maaş artımını təmin etdi.

İndi elə bilirsiniz məsələ bitdi? Şimaldan, cənubdan, şərqdən, qərbdən xüsusi xidmət orqanları xalqımızın alt qatlarında yerləşmiş minaların xəritələrini əllərində hələ də gizlədə bilirlər. İndi düşünək görək bu həftənin mövzusu nə olacaq? Nəyi sırıyacaqlar bu cahilliyindən zövq alan və içində əksəriyyətinin ali təhsil diplomu olan Şeyx Nəsrullahın düşüncə varislərinə? Kimsə inciməsin, Milli Məclisdə kimsə söyləməmişdi ki, hərbçilərin maaşlarını azaltmaq lazımdır, əksinə hamı onların maaşının artırılması ideyasını dəstəkləmişdi. O halda istənilən yalan neqativ yüklü ifadəni parlamentin sədrinin, ayrı-ayrı deputatların adından tirajlayarkən ağlı başında olanları nəzərdə tutub etmirdilər ki? Xarakteri öyrənmişlər, həm də dərindən. Bilirlər ki, bu xalqın alt qatlarına basdırılmış cəhalət minaları Qarabağada basdırılmış minalardan daha təhlükəlidir. Yeganə məmləkətdir ki, Şeyx Nəsrullah ölülərin diriləcəyi barədə tezisinin Eynşteynin nisbilik nəzəriyyəsindən daha əhəmiyyətli olduğuna bizim babaları inandıra blmişdi. Yeganə məmləkətdir ki, böyük Mirzə Fəthəlinin bir heç deyib kənara tolazladığı qaranlıq keçmişi 150 il sonra Qızıl dövr deyibən vəsf edən insan çoxluğu mövcud oldu. İnanmıram ki, bu qədər tarixi və gözlənilməz hərbi qələbə qazanan bir dövlətə, bir hakimiyyətə qarşı bir cəmiyyəti heç qələbədən dörd ay keçməmiş bu qədər neqativ yükləmək mümkün olsun. Əlbəttə, dövlətin əlində olan informasiya resurslarının səriştəsiz və yaradıcı qafaya sahib olmayan məmurların əlində olması nəticəsində ənənəvi monoton təbliğatın effektsizliyi burada öz təsirini göstərir. Ancaq hər şey təbliğatla, dopinqlə olmur ki? Narazılıq üçün dünyanın hər bir yerində əsas var, hər bir şəxs bu və ya digər formada öz yaşamından obyektiv və subyektiv səbəbdən narazı ola bilər. Söhbət ümumimilli xarakterdən gedir. Sabah erməni sosial şəbəkələr vasitəsi ilə ötürsə ki, bəs “Azərbaycan Dağlıq Qarabağdan geri çəkiləcək” və ya “Bu iqtidar Şuşanı, yaxud Kəlbəcəri ermənilərə verəcək” dərhal inanacaqsınız?”

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Maraqlıdır ki, dövlət əleyhinə təbliğatda, kütlənin qızışdırılmasında ən çox canfəşanlıq edənlər də dövlətdən gizli şəkildə faydalanan bloggerlər, siyasi subyektlər və qaranlıq keçmişə sahib məmurların himayəsində olan araqarışdıranlardır. Onların çoxu hüquq-mühafizə orqanlarının qorxusundan dövlətin ən ali mərtəbəsində oturan şəxslərə çamur atmağa risq etmirlər, ancaq dövlətin xaosa sürüklənməsinin qarşısını almaq istəyən digər bütün qüvvələri sıradan çıxarmaq üçün səfərbər olunurlar. Budur gerçəkliyimiz və burada hakimiyyətin edəcəyi tək bir yol informasiya məkanında debatların, müzakirələrin önünü açmaqdır, keyfiyyətli və doğru informasiyanı almaq üçün əlində olan leqal resursları doğru çalışdırmaqdır. O halda qaraqışırıqçı, gopçu, dil pəhləvanı obrazlarının siluetləri qısa müddətdə xalqın yaddaşından yoxa çıxacaq və daha realist və ərdəmli yola dəvət edənlərin təsir imkanları artacaqdır. Parlamentdə aparılan müzakirələr efir vasitəsilə geniş auditoriyaya ötürülmürsə, xalqın problemlərinin əsas müzakirə yeri parlament olmursa, mütləq bu boşluğu xarici xüsusi xidmət orqanlarının yönəltdiyi, tezislərlə qidalandırdığı, insanları neqativ yükləmə fürsəti tapdığı sosial şəbəkələr olacaqdır. Mətn oxuya bilməyən çoxluğu qızışdırmaq üçün mövzuya nə var ki? Sabah məcburi köçkünün köçürülməsi də, bir şəhid uşağının burnunun qanaması da, bir qazinin özünü pis hiss etməsi də ölkədə durumun gərginləşdirilməsi üçün münbit bir mövzu deyilmi? Özünə ləyaqətli deyən bir azərbaycanlının Şuşanı, Kəlbəcəri, Ağdamı almış bir hakimiyyətin qarşısında ən azı qınayıcı sözü ola bilməz. Hətta bu hakimiyyətdən şəxsi mənada ən ağır zərər görmüş olsa belə. Oradan lotu-lotu biriləri deyəndə ki, “Rusiya sülhməramlıları dərhal çıxmalıdır” yaxud da “Niyə Xankəndində, Xocalıda bayrağımız dalğalanmır”, insan həyasızlığının son həddini görürəm sanki. Əlbəttə, rus sülhməramlısı vaxtı gələndə çıxarılmalıdır və çıxarılacaq da! Əlbəttə, Xankəndində, Xocalıda bayrağımız dalğalanmalıdır, dalğalanacaq da! Ancaq bunu sən etməyəcəksən ki? Yenə də bunu Şuşanı, Kəlbəcəri, Ağdamı hərbi və ya diplomatik yolla almış bu hakimiyyət edəcək də! Sağlam mühakiməsi olan azərbaycanlının bu gün “bu hakimiyyətə Qarabağı bütövlükdə suverenliyimzi altına qaytarmaq üçün nə kömək edə bilərəm” deməkdən başqa düşüncəsi olmamalıdır. Hələ ki, qələbədən dörd ay keçib, bu qədər səbrsizlik, inancsızlıq ortadadırsa, dörd il sonra bu xarakter bizi hara götürəcək, rahatça söyləmək mümkündür. Səsi duymayan toplumlar mütləq küyə gedəcəklər! Qarabağda səsizmizi duyurmaq istərkən onu küyə qurban verəcəyik. Görən bu həftənin narazılıq mövzusu nə olacaq? Şimalın, cənubun, qərbin mətbəxində bişirilən tezislər hansılar olacaq? Azərbaycanın böyük dostu Ərdoğan hakimiyyətə gələndə belə bir ifadə işlətmişdi: “Biz elə edəcəyik ki, Türkiyənin gündəmini kənardakılar deyil, millətimiz özü formalaşdırsın”. Bizdə isə nə yazıq ki, bir küçə uşağı, bir xarici şəbəkə ələmanı sosial şəbəkə resurslarından yararlanaraq cahil çoxluğunu referans alaraq cəmiyyətimiz üçün istədiyi gündəmi yarada bilir. Qısacası deyəcəyim budur ki, küyə getməyin, Qarabağdakı quruculuğa ayrılacaq enerjinizi yalan-palan gündəmlərə dəyişməyin. Bu tarixi anları da boşa versək, bundan sonra “Qarabağ şikəstəsini” belə oxumağa səsimiz qalmayacaq. Çünki səsin ən çox nifrət etdiyi küydür. Bu küy deyilən nəsnə hələ də bizim canımızda, qanımızda, ağlımızda dəyişməz yerini qoruyur” – F.Mustafa qeyd edib.

araz.az xəbər portalı.