2021 03 04 15 30 57qzXqLRcam1sRcoUWuRQo file

“Rusiya bütün kimyəvi silahını məhv edib və ümid edir ki, ABŞ-da bunu edəcək”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya artıq çox illər öncə öz ərazisindəki bütün kimyəvi silahını məhv etdiyini bəyan edib və təsdiqləyib. Rusiya müvafiq konvensiyanın müddəalarına tam əməl edib, Rusiyanın heç bir kimyəvi silahı yoxdur. Yeri gəlmişkən, bəzi həmkarlarımızın da bu konvensiyanın müddəalarına əməl edəcəyini gözləyirik. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları da daxil olmaqla, ərazilərində kimyəvi silahlara sahib olan bir sıra ölkələr var”, – deyə Kremlin sözçüsü vurğulayıb.

D. Peskov ABŞ Dövlət Departamentinin çağırışını tamamilə məntiqdən məhrum və əsassız adlandırıb. Onun sözlərinə görə, bu, Rusiyanın fəaliyyətini daha da məhdudlaşdırmaqdan ötrü öz siyasətlərini kamuflyaj etmək üçün uğursuz bir cəhddən başqa bir şey deyil.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays blogger Aleksey Navalnıya görə sanksiyalardan yayınmaq üçün Rusiyanı kimyəvi silahlarını məhv etməyə çağırıb.

araz.az xəbər portalı.