Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gördüyü böyük işlərlə özünü Rusiya Federasiyasında nüfuzlu diaspor qurumlarımızdan biri kimi tanıdan və mərkəzi ofisi Novosibirsk vilayətinin Novosibirsk şəhərində yerləşən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında «Sodrujestvo» Əməkdaşlıq Fondu, azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar, beynəlxalq ictimaiyyətə ünvanlanan və öz kəskinliyilə diqqəti daha çox cəlb edən BƏYANAT yayıb. Araz.az saytının redaksiyasına daxil olan və Fondun təsisçisi, tanınmış diasporçu, Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist Mirkazım Heydər oğlu Seyidovun təşkilatın çoxsaylı üzvləri adından imzaladığı həmin sənəddə öncə qeyd edilir ki, 1918-ci il martın 31-də törədilmiş bu qətliamlar Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalıb: “Həmin il erməni daşnakları tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətl edilməsi getdikcə etnik təmizləmə siyasəti xarakteri alıb və XX əsrin sonlarınadək davam edib. Beləcə, ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkəyə çevrilib. Bu səbəbdən, erməni vandalizmi cəzasız qalmamalıdır. Hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətin başlıca prinsipləri də buna hesablanıb və ermənilərin “Böyük Ermənistan” xülyasını da darmadağın edib”.
Daha sonra bəyanatda diqqətə çatdırılıb ki, bu cür soyqırımı törədənlərin ifşa olunması, bu dəhşətlər barədə beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması baxımından, dünyanın ayrı-ayrı ölkələrində yerləşən diaspor təşkilatlarımızın belə bəyanatlar qəbul edib, yaymaları mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, ermənilərin dövlətimizə və xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya bəyan etmək mümkün olub. 1998-ci il martın 26-da isə, ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla, erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib. Bundan sonra erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyətin getdikcə genişlənməsi, ermənilərə qarşı kəskin ideoloji mübarizənin aparılması mümkün olub. Bu danılmaz faktdır ki, tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən soyqırımı faktları barədə danışan ermənilərin məkrli siyasətinin ifşa olunmasında ümummilli liderin, onun layiqli varisi, ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının xüsusi rolları var. Heydər Əliyevin son 200 ilin tarixinin yenidən araşdırılması barədə verdiyi göstəriş əsasında, Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşları tərəfindən dünyanın müxtəlif ölkələrinin arxivlərində aparılan araşdırmaların nəticəsində, XX əsrin əvvəllərindən başlayaraq, ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, dini və tarixi abidələrin, məktəblərin, məscidlərin və qəbristanlıqların dağıdılması faktları sənədlərlə sübuta yetirilib. Bu istiqamətdə aparılan işlərdə, xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaqda, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqda möhtərəm prezidentimiz İlham Əliyev cənablarının qəbul etdiyi qərarlar da mühüm rol oynayıb”.
Daha sonra bəyanatda o da vurğulanıb ki, azərbaycanlıların soyqırımı gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazılması, bizim əsl düşmənlərimizi tanımağımızda xüsusi rol oynayıb: “Bu soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız soydaşımız amansızlıqla qətlə yetirilib. Tarixboyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən əl çəkməyən ermənilər havadarlarının köməyi ilə, əzəli torpaqlarımızı işğal etməyi özlərinin məqsədlərinə çeviriblər. Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində, bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.
Ölkəmizin ərazisində yaşayan, multikultural mühitin tərkib hissəsi olan etnosların soyqırıma məruz qalması faktları da, dünya ictimaiyyətinin nifrətini qazanıb. Son bir əsr ərzində, azərbaycanlıların bir neçə dəfə ermənilər tərəfindən soyqırıma məruz qalması, bu xalqın çirkin niyyətlərini bir daha sübuta yetirib. Nüfuzlu bir diaspor təşkilatı olaraq, bizim dövlət səviyyəsində soyqırıma həsr olunmuş müxtəlif tədbirlər keçirməyimiz də, bu istiqamətdə gələcək hədəflərimizi müəyyənləşdirmək baxımından daim çox böyük əhəmiyyət daşıyıb.
Bu tədbirlər Azərbaycan xalqına qarşı erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxarıb. Ermənilərin, torpaq əldə etmək üçün, Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilib. Elə, buna görə də, bu vandalizm cəzasız qalmamalıdır. Çünki 1918-ci il martın 31-də törədilmiş qətliamlar Azərbaycan xalqının qan yaddaşına ən faciəli hadisələrdən biri kimi həkk edilib. Hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət də, daha çox buna hesablanıb. Biz keçirdiyimiz tədbirlərdə daim özündəi tarixi faktları əks etdirən təqdimatlarla çıxış etmişik: Bu səbəbdən, onların effektiv nəticələri bu böyük regionda yaşayan çoxsaylı ermənilərə sarsıdıcı zərbələr vurub. Bir təşkilat olaraq, biz belə tədbirlərin keçirilməsi üçün, əlimizdən gələni bundan sonra da əsirgəməyəcəyik. Bu, bizim əsl vətəndaşlıq borcumuzdur və dünyanın ayrı-ayrı yerlərində yaşayan soydaşlarımızı da, belə təsirli tədbirlər keçirməyə səsləyirik”.
Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.
araz.az xəbər portalı.