Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri klassik jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin anım günü ilə bağlı, paytaxtdakı İkinci Fəxri Xiyabanda olub, görkəmli ziyalının məzarını ziyarət ediblər.
Bu barədə, Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, qurumun sədri Əfatun Amaşov Nəsir İmanquliyevin prinsipial jurnalist olmaqla yanaşı, həm də əsl vətənpərvər xarakterli gözəl pedaqoq olduğunu öz çıxışında xüsusi vurğulayıb. Deyib ki, məhz buna görə də, onun ərsəyə gətirdiyi “Bakı” və “Baku” axşam qəzetləri, o vaxtlar, həm jurnalistika məktəbinə, həm də müstəsna əhəmiyyət daşıyan ziyalı tribunasına çevrilmişdi. Bu, həm də Nəsir müəllimin fədakar əməyinin, bitib-tükənməyən yaratmaq əzminin nəticəsiydi.
“Jurnalistika, media özlüyündə dil hadisəsidir. Nəsir İmanquliyev ötən əsrin 30-cu illərində ana dili uğrunda mübarizənin öndə gedən obrazı idi. O, məhrumiyyətlərə və çətinliklərə, təqiblərə baxmayaraq, yolundan da dönmür, böyük cəsarət nümayiş etdirərək, dilimizin təəssübünü çəkirdi”, — deyən Əflatun Amaşov, görkəmli jurnalistin həm jurnalistlik fəaliyyətinin incəliklərinə nüfuz edən, həm də alimlik və müəllimlik keyfiyyətlərinə söykənən irsinin öyrənilməsinə və yaşadılmasına duyulan ehtiyacdan da söz açıb.
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, MŞ sədrinin müavinləri Umud Rəhimğlu və Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Akif Aşırlı öz çıxışlarında Nəsir İmanquliyevi xalqın ruhunu ifadə edən ziyalı səsi, prinsipial qələm sahibi, qayğıkeş və tələbkar pedaqoq kimi xarakterizə edən cəhətlərdən söz açıblar. Bildiriblər ki, Nəsir İmanquliyev həyat yolu ilə keçmişimizə, soykökümüzə, adətlərimizə bağlılığı qorumağın, ənənələri yaşatmaq naminə səylə çalışmağın fəxarət duyulacaq mərhələsini yaratmış şəxsiyyətdir, kişilik və mərdlik simvoludur. Bu böyük jurnalist, həm də Sovet İmperiyası dövrünün qadağalarına Vətəni naminə meydan oxumağın da bariz peşəkarlıq nümunəsi olmuşdur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.