1614949051 1

2021-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığorta haqlarının toplanmasına başlanıb. Yeni sığorta sistemi bütün ölkə ərazisində tətbiq olunmasa da, ödənişlər hamıdan tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu bir sıra hallarda vətəndaşların qeydiyyatda olduqları rayonlarda deyil, digər inzibati rayonlarda yaşaması, işləməsi ilə əlaqələndirib. Lakin əhali arasında maariflənmənin zəif olması bir çox suallar yaradıb. 

Kimlər icbari tibbi sığorta haqqını ödəməlidir və məbləği nə qədərdir? 
İki yerdə işləyən şəxslərin ödənişləri hansı qaydada olmalıdır? 

Valyuta.az İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev ilə birlikdə bu və digər suallara aydınlıq gətirməyə çalışıb. 

– Ruslan müəllim, icbari tibbi sığorta haqları kimdən və hansı məbləğdə tutulur? 

– İcbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği və dərəcələri “Tibbi sığorta haqqında” qanuna əsasən müəyyən olunub. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən  aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Vergi ödəyicisi kimi vergi uçotuna alınan fiziki şəxslər (VÖEN-lə işləyən) minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Hazırda minimum əməkhaqqı 250 manat olduğu üçün onların aylıq ödənişi 10 manat təşkil edir. Bu məbləğ  hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. 

– Bəs kimlər icbari tibbi sığorta haqqını ödəməkdən azaddır? 

– Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək. Həmçinin, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azad edilir.

– VÖEN-lə çalışan fərdi sahibkarlar bəzi hallarda ilin bütün aylarında gəlir əldə etmirlər. Bəs onlar icbari tibbi haqqını necə ödəməlidirlər?

– VÖEN-lə çalışan fərdi sahibkarlar gəlirləri olduğu halda bu məbləği  ödəyirlər. VÖEN açıq olduğu halda gəlir olmayan aylara görə, VÖEN müvəqqəti dayandırıldıqda və VÖEN tamamilə bağlandıqda icbari tibbi sığorta haqqı ödəmirlər. 

– İki yerdə işləyən şəxslərdən icbari tibbi sığorta haqqı necə tutulur? 

– Əgər vətəndaş 2 yerdə çalışırsa, hər bir yerə müvafiq bağladığı müqaviləyə əsasən bu məbləğlər tutulur. Eyni qayda əməkhaqqı alan, həm də VÖEN-lə fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslərə də aiddir. Hər iki yolla gəlir əldə edən şəxslər əməkhaqqı aldığı yerdən əldə etdiyi maaşına görə icbari tibbi sığorta haqqı ödəyir. Həmin şəxs eyni zamanda VÖEN-lə fərdi sahibkar kimi fəaliyyət göstərirsə, bunun üçün də ayrıca olaraq yuxarıda göstərilən qaydada sığorta haqqı ödəməlidir. Bir sözlə, hər iki halda eyni vaxtda ödəməlidir.   

Zeynəb Vəkil 

araz.az xəbər portalı.