Rusiya rəsmiləri yenə də milli maraqlarımıza zidd çıxışlarını davam etdirirlər.
Belə ki, Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zatulin deyib:
“Rusiya rəsmi olaraq 5 il müddətinə Dağlıq Qarabağa gəldi, amma əslində sonsuza qədər gəldiyini düşünürəm”.
Bu çıxış, Zatulunin öz dövlətinin etibarına kölgə saldığını, sözündə durmadığını düşünməyə əsas verir. Çünki ortada 10 noyabrda imzalanmış 9 maddəli bəyanat var və Rusiya burada vasitəçi olaraq mövqe tutub. Bəyanatda aydın şəkildə qeyd edilib ki, 5 ildən sonra münaqişə tərəflərinin hər ikisinin razılığı ilə sülhməramlıların bölgədə qalma müddəti artırıla bilər. Əvvəla onu qeyd edək ki, Rusiya sülhməramlılarının hazırkı vəziyyəti və davranışları nə Azərbaycan xalqını, nə də dövlətini qane edir. Belə olan halda 5 il səbr etməyin özü belə çoxdur.
Rusiya sülhməramlılarının bölgədə başınabuyruq davranışlarında ölkə başçısı, Cənab İlham Əliyev də dəfələrlə narazılığını bildirib. Belə olan halda Rusiya sülhməramlılarının Qarabağda 5 ildən artıq qalmalarına izn vermək qeyri mümkündür. Zatulinin fikirlərinin ermənilərə yarınmaq istəyindən irəli gəldiyini də söyləmək olar.
Çünki o, daim ermənipərəst mövqedən çıxış edib və beynəlxalq hüququn normalarını heçə sayıb. Belə bir şəxsin dövlət adından etdiyi çıxışları Azərbaycan- Rusiya münasibətlərinə ciddi zərbə vura bilər və onsuz da Azərbaycan xalqının Rusiyaya qarşı kövrək olan güvənini tamamən məhv edə bilər. Bunun isə qan bahasına da olsa, nə ilə nəticələndiyini 1993-cü ilin 25 mayında görmüşük.
“Onların bur hərəkəti ermənilərin Azərbaycana inteqrasiyasına mane olur”
Cebhe.info-ya açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, Mixail Zatulin yuxarıların sifarişini səsləndirir:
“Mixail Zatulin həmişəki kimi, beynəlxalq hüququn normalarına zidd olan çıxışlar edir. Bir zamanlar bu cür çıxışları Jirinovski edərdi. Jirinovskinin çıxışları da hakim dairənin mesajı kimi qəbul edilərdi. Ehtimal etmək olar ki, Zatulinin çıxışı da Rusiyanın hakim dairəsinin və keçmiş nüfuzu bərpa etmək istəyən qüvvələrin fikridir. Yəni Rusiya tarixən hara gedibsə, zəli kimi yapışıb qalıb. Rusiya bu kimi məsələlərdə heç zaman qarşı tərəfi nəzərə almayıb. Müxtəlif bəhanələrlə həmin ərazilərdə qalma müddətini uzadaraq, varlığını sürdürüb. Bugün Rusiya Gürcüstan, Suriya, Moldova və Ukrayna ərazilərində varlığını bu şəkildə sürdürür. Orta Asiya ölkələrindən, Tacikistan və Qırğızıstan ərazilərində mövcudluğunu sürdürür. Azərbaycan ərazisinə də gəldi. Digər tərəfdən, Ermənistanda, Belarusda onun hərbi bazaları və əsgərləri var. 10 noyabr bəyanatında göstərilir ki, Rusiya sülhməramlıları 5 ildən sonra bölgədə münaqişə tərəflərinin razılı ilə qala bilər. Amma görünən odur ki, Rusiya Qarabağda qalma müddətini uzatmaq üçün erməni faktorundan istifadə edəcək. Qarabağdakı ermənilərlə Azərbaycan hakimiyyəti nümayəndələrinin əlaqəsi yoxdur. Rusiya sülhməramlıları Qarabağa gətirilən erməniləri sanki rezervasiya vəziyyətində saxlayır. Elə şərait yaradır ki, sanki ermənilər hər an təhlükədədirlər. Bu da ermənilərin Azərbaycana inteqrasiyasına mane olur. Rusiya elə hərəkət edir ki, onlardan Azərbaycana qarşı istifadə edə bilsin və bununla da öz sülhməramlılarının Qarabağdakı qalma müddətini uzatsın. Zatulin də bu tip məsələləri nəzərdə tutaraq məlum çıxışları edib”.
“Onlar heç yerdən öz xoşuna çıxmır”
Politoloq ümid etdiyini deyib ki, Rusiya 10 noyabr bəyanatına əməl edəcək:
“Zatulin bilir ki, Rusiya girdiyi yerdən çıxmır, onu ya qovurlar, ya da müharibə yolu ilə çıxardırlar. II Dünya Müharibəsi zamanı Avropadan Rusiyanı qovub çıxardılar. Yaxud, SSRİ dağılan ərəfədə Rusiya necə silahları yerlərdəki qüvvələrə təhvil verib, başını götürüb qaçdısa, elə çıxarılır. Biz ümid edək ki, Rusiya 5 ildən sonra beynəlxalq hüquq normaları ilə Qarabağı tərk edəcək. Əks təqdirdə ona Çar Rusiyasının və SSRİ-nin taleyini yaşatmağa çarə qalır. Yəni oturub gözləyək ki, Rusiya zəifləsin və bu tip istəklərindən əl çəksin”.
“Sülhməramlıların vəzifələri qətiləşdirilməlidir”
Politoloq hesab edir ki, 10 noyabrda imzalanan 9 maddəli bəyanatın alt sənədləri hazırlanmalıdır ki, sülhməramlıların vəzifələri qətiləşsin:
“Digər bir məsələdə də bölgədə Rusiya sülhməramlılarının vəzifələrinin qətiləşdirilməsidir. 10 noyabrda imzalanan 9 maddəli bəyanat yarımçıqdır. Onun alt sənədləri işlənib hazırlanmalıdır. Hələki, yaradılmış işçi qurupu fəlaiyyət göstərir və onlar Zəngəzur, Laçın dəhlizləri, ermənilərin Qarabağa gəlib- getməsi, kommunikasiya xətləri ilə bağlı məsələləri müzakirə edirlər. Bunun üçün hökumətlərarası işçi qrup var. Ola bilər ki, perspektivdə, yəni ilk beş il ərzində 10 noyabr bəyanatının hər maddəsi ilə bağlı alt sənəd hazırlansın. Məsələn, həmin sənədin 4-cü maddəsində göstərilir ki, Ermənistan ordusu Qarabağ ərazisindən çıxarılmalıdır. Amma Ermənistandan həmin ərazilərə hərbçilər göndərilir. Bu isə razılaşmanın müvafiq maddəsinin pozulmasıdır. Ermənistan bu maddəni pozur və Rusiya da təminatçı dövlət olmasına baxmayaraq, buna münasibət bildirmir. Deməli, Zatulin dedikləri ilə sübut edir ki, Rusiya yalançı dövlətdir, ona inanmayın. Zatulin Rusiyanın getdiyi yerdən çıxmadığına işarə edir. O, öz dövlətini etibarsız, prezidentini isə yalançı hesab edir”.
Əli Bədir
Cebhe.info
araz.az xəbər portalı.