1998-ci ildən 31 mart respublikamızda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməsini artıq bütün dünya da bilir. Danılmaz faktdır ki, ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq, yerlə yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları uzun zaman bu məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaradıb, özlərinin qəsbkar torpaq iddialarını pərdələyiblər. Nəticədə, erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb.
Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən çox qeyri-erməni millətindən olanlar — azəri türkləri, ləzgilər, talışlar, yəhudilər, almanlar… qətlə yetiriliblər.
Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilib. Həmin ilin dəhşətləri hələ də ürək göynətdiyindən, hərə həmin günü bir cür yanğı ilə qeyd edir. Təşkilat və qurumlar isə, o günün tökülən qanlarının əsl günahkarlarının bağışlanmaz vəhşiliklərini dünyaya bəyan etmək üçün, müxtəlif sənədlərə imza atıb, sülhsevər beynəlxalq ictimaiyyətə ünvanlayırlar. Soyqırımın 100-cü ildönümü ilə əlaqədar, “Bakı-Dirçəliş” İctimai Birliyinin qəbul etdiyi BƏYANAT və birliyin Ağsaqqallar Şurasının yaydığı MÜRACİƏT də bu qəbildəndir. Hər iki sənəd kəskin xarakterli nüansları ilə diqqəti cəlb etdiyindən, onları dəyərli oxucularımızın da diqqətinə çatdırırıq:
“BAKI-DİRÇƏLİŞ” İCTİMAİ BİRLİYİNİN BƏYANATI
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Bədnam qonşularımız iki əsrdən artıq müddətdə əsassız iddialarını gerçəkləşdirməyə çalışmış, bu məqsədlə terrorizm, soyqırımı və deportasiya kimi dəhşətli beynəlxalq cinayətlərə əl atmış, azərbaycanlıları kütləvi qırğınlara məruz qoymuşlar. Hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Şərqdə təsir dairəsini genişləndirmək, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVII əsrin sonu XVIII əsrin əvvəllərindən Türkiyə və İrana qarşı müharibə apararkən məhz “erməni kartı”ndan siyasi alət kimi yararlanmağa çalışmışdır. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır.
Heydər Əliyev Fondu da son illər milli həqiqətləri dünyaya tanıtmaq istiqamətində böyük işlər görür. Fond bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart və Xocalı soyqırımları haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur.
31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbir diləyərək dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqı ürəkdən inanır ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini təmin edəcəkdir.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir Azərbaycan vətəndaşının borcudur. Bu məqsədlədə hər birimiz Azərbaycan dövləti və onun prezidenti ətrafında sıx birləşməliyik.
Abbasağa MƏMMƏDOV,
“Bakı-Dirçəliş” İctimai Birliyinin sədri.
“BAKI-DİRÇƏLİŞ” İCTİMAİ BİRLİYİ AĞSAQQALLAR ŞURASININ SƏDRİ
NƏSİR BƏY AĞAYEVİN MÜRACİƏTİ
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtərlif bölgələrində , eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törətdilər.. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
Düşmən qüvvələr Azərbaycana təzyiq etməklə bu gün də ölkəmizin müstəqilliyinə və inkişafına zərbə vurmaq, ölkə daxilində çaxnaşma yaratmağa çalışır.
Tarix bir elm kimi ona görə öyrənilir ki, keçmişi tədqiq edərək bu gün üçün nəticələr çıxarılsın və gələcək inkişaf perspektivləri müəyyən edilsin. Bu günə kimi baş vemriş hadisələr bizi daha sayıq olmağa, tarixdən düzgün nəticə çıxarmağa, Azərbaycan dövlətçiliyi ətrafından sıx birləşməyə sövq edir.
Bütün dövrlərdə vətənimiz və xalqımız uğrunda mübarizədə şəhid olmuş Azərbaycanlılara Allahdan rəhmət diləyirəm.
Allah Azərbaycanı qorusun!!!
araz.az xəbər portalı.