Bir müddətdir ölkə ərazisində karantin rejmi yumşaldılıb və bir çox sahələr ənənəvi fəaliyyətlərini bərpa ediblər. Son günlər isə yoluxma sayı artır. Çox güman ki, bu artım da karantin rejminin yenidən sərtləşməsinə gətirib çıxaracaq.
Bəzi inanlar Operativ Qərargahın qərarlarını tənqid edir, karantinin sərtləşməsinin məntiqsiz və lazımsız olduğunu bildirir.
Azadinfo.az feysbukda sorğu keçirərək, Operativ Qərargahın verdiyi qərarlara münasibət öyrənib.
Sorğunu təqdim edirik:
Fəridə Aslanova: Virus var, lakin virusa qarşı mübarizə üsulları mənə gülünc gəlir. Maskanın tam qorumasına inanmıram. Avtobuslar basabasdır, əgər virus elə qorxuludursa, onda sağ adam qalmaz. Görünür, deyildiyi kimi qorxulu deyil.
Ziya Səfərli: Operativ Qərargahın verdiyi qərarlar çox yersizdir. Metro işləmir, avtobusda sıxlıq olur. Toy olmaz, amma restoranlarda oturmağa yer tapmazsan. Hiper marketlər açıq, iri ticarət mərkəzləri bağlıdır. Virus varlığına inanıram, amma şişirdilmələr də ola bilər. Bir çox qurumlar ləğv edilərsə, onlar arasında Operativ Qərargah da olmalıdır.
Günel Cavadxan: Vaksin vurdurandan sonra insanların çoxu virusa yoluxub.
Vüsal Qarayev: Verilən qərarlar məntiqsiz, vətəndaşların sağlamlığına hesablanmayan qərarlardır. Yoluxma sayına inanıram. Buna da səbəb aidiyyatı qurumların yarıtmazlığıdır. Qurumların fəaliyyəti cəmiyyətdə virusdan daha çox xaos yaradır. Deyirlər ki, sosial məsafəni qorumaq üçün taksidə qabaqda oturmaq olmaz, amma avtobusda insanları ağız-ağıza daşıyırlar. Vəziyyətin bu həddə çatmasına tək səbəb aidiyyəti qurumlardır. Yersiz, gərəksiz, qərar xatirinə verilən qərarlardır.
Heydər Miriyev: Həftə sonları və bayram günləri metro işləsəydi çox gözəl olardı. Qalanları ilə haradasa razılaşmaq olar.
Ağası Əzizli: Operativ Qərargahın rəsmilərinə bir çox suallar vermək istərdim. Misal üçün, maskanın açıq havada taxılmasının zərərləri barədə nə deyə bilərlər? Bir ildir ki, metro işləmir və bizlər avtobusda sıxlıqda gedib- gəlirik. Metroda qapalıdır deyə maska ilə belə olmaz, amma açıq havada maska ilə sıxlıqda getmək olar.
Bəyim Əbilova: Avtobusda sıxlıq yaratmalarının səbəbi yoluxmanın artmasını istəmələridir. Utanmaz-utanmaz da deyirlər ki, yoluxma artır.
Həsən Həsənli: Bu virusun var olduğunu, amma Azərbaycan üzrə statistikada rəqəmlərlə oynanıldığını düşünürəm.
Xəyalə Bağırova: Xəstəlik mövcuddur, amma artım şişirdilir. Sadəcə müəyyən plan üzrə hərəkət edilir. Heç bir qərardan razı deyiləm, çünki heç biri məntiqli deyil. Hər şey sanki insanların psixologiyasını məhv etməyə yönləndirilib.
Aysel Məmmədova: “Alınan qərarların heç birinin məntiqi əsası yoxdur. Əsasən də metronun bağlı saxlanılması məsələsi çox gülüncdür. Avtobusdaki sıxlıq metronun köməyi ilə tənzimlənirdi. İndiki halda verilən bu qərarla axı necə razılaşmaq olar?
Rəhim İbrahimov: Xəstəlik mövcuddur və sayın da real olmasına inanırıq. Çünki FHN-nin Zığ modutipli xəstəxanasında xəstə sayı günü gündən artır. Hətta indi virusa yoluxanlar bunu daha çətin keçirdir.
Aytəkin Cəlali
araz.az xəbər portalı.