“Avropanın təhlükəsizliyini Avropa Birliyinə daxil olmayan Böyük Britaniya, ABŞ və Türkiyə qoruyur. Suriya və İraqla sərhədi olan Türkiyənin beynəlxalq terrorizmə qarşı mübarizədə rolu son dərəcə önəmlidir ”.
Bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq səsləndirib. O bildirib ki, Avropa Birliyi NATO-nun üzvü olan bu ölkələrlə yaxşı münasibətlər qurmalıdır.
Dünyanın müxtəlif regionlarında özünü göstərən proseslərin ümumi analizi fonunda konkret hadisələrin proqnozlaşdırılması maraqlı mənzərə yaradır. Bütövlükdə dünyada risklər azalmayıb, əksinə, yeni münaqişə ocaqları meydana gəlib. Amma gözlə görünən budur ki, bütün dünyada yeni geosiyasi oyunçular sırasında Türkiyənin ulduzu parlamaqdadır və bu ölkə artıq özünü ön sıralarda göstərməyi bacarıb.Bəs yaxşı NATO bu fikirləri səsləndirməklə Türkiyəni vuran əli, qılıncı kimi gördüyünümü iddia edir?
Kafkasya Stratejik Araştırmalar Mərkezi (KAFKASSAM) Başkanı Prof. Dr. Hasan Oktay Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, hazırda NATO və Avropa Birliyi arasında fikir ayrılıqları mövcuddur. Britaniya Avropa Birliyindən ayrıldığına görə, Türkiyə isə bu birliyə daxil olmaq üçün müəyyən problemlər yaşayır. Eyni zamanda AB öz müdafiəsini Türkiyəsiz görmür. Buna görə də Avropa ailəsi gələcəkdə Türkiyə ilə münasibətlərini sıx- sıx dilə gətirəcək.
“Türkiyə NATO-nun 2-ci ən güclü ordusuna sahib bir dövlətdir. Ona görə də hesab edirəm ki, Türkiyəni Avropa Birliyinə mütləq qəbul edəcəklər, ya da NATO-nun Baş Katibliyinə bir türk rəhbər olaraq gələcək. AB təhlükəsizlik və müdafiə sənayesinə investisiya yatırmaqdansa, müdafiəsini NATO üzərindən reallaşdırmaq strategiyası ilə Türkiyəni sistemin içinə çəkəcək. Bu mənada Türkiyənin Rusiya ilə olan münasibətləri daha çox tənqid atəşinə məruz qalır. ABŞ-ın S400 məsələsində Türkiyəyə qarşı çıxma səbəbi budur.Türkiyə isə NATO və Avropa Birliyində daha təsirli olmaq, ABŞ və AB-yə qarşı əlini gücləndirmək üçün S400 sistemlərini arsenalına daxil etmək üçün tələsir”,- deyə politoloq bildirib.
Başqa sözlə, Avropa Birliyi həqiqətən Türkiyəni özünün güclü, vuran qolu kimi görmək, istifadə etmək istəyir. Lakin Türkiyə yeni dünya reallığına yeni ideyalarla gəlir. O, vuran dəmir yumruq ola bilər, lakin kimin üçünsə deyil, öz milli maraqları naminə. Əslində Qarabağ əməliyyatları dünyaya yeni pəncərələr açmış oldu. Bu pəncərədən çölə baxınca güclənən qardaş ölkəyə və Azərbaycana qarşı maraq, həsəd göstərən böyük güclər var, içəri baxınca isə böyük hədəflərə doğru böyük strateji planlarla irəliləyən Türkiyə-Azərbaycan görünməkdədir.
İlhamə
araz.az xəbər portalı.