Nəriman Həsənzadə: ”Mən də prezident seçkilərinin əleyhinəyəm…”

isgender h
…26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasi idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi. Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır… 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.

(Ali Sovetin 1992-ci il martın 24-də keçirilmiş fövqəladə sessiyası. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: moderator.az/news/218809.html)

“Rəhbər vəzifə tutanlar orurur zalda, gülürlər, zarafata salıb çıxıb gedirlər…”

Deputat Nəriman Həsənzadə çıxışına sualla başladı:”Günahkarlar kimdir? Elman bəy deyir ki, regionda səhv edənlər məlumdur. Deyir, karta qoyuldu, xəyanət olundu. Bunları biz niyə çap etməyək? Nə üçün bizim mətbuat orqanları verməsin bunu? Cəza mütləq verilməlidir…
Azərbaycanda qətiyyən ölçü götürülmür. Uzun müddətdir hamı danışır, hamı tələb edir. Rəhbər vəzifə tutanlar da oturur zalda, gülürlər, zarafata salıb gedirlər…
Mən Rəhim bəyin iradını özümə götürürəm. O yazıçılar ki, deyir, gələcəkdə yazacaqlar, qoy getsin, güllə səsi eşitsin. Rəhim bəy güllə səsi eşitmişik. Mən bir neçə regionda olmuşam, amma Şuşada olmamışam… Mən istərdim ki, bizim Milli Şura, yaxud Ali Sovet deputatları arasında vəzifə bölgüsü aparılsın. Bir çox millət vəkilləri oyundankənar vəziyyətdə qalıblar. Onlara xüsusi vəzifələr tapşırılsın…
Millət ağlayır, millət yolboyu karvanlarla, tarktorla, maşınla, lafetlə gəlir. Amma bir məsələ də var, əziz yoldaşlar, həmin gələnləri maşınlarda da soyurlar vaqonda bələdçilər də soyurlar… Bunları hamı danışır, amma heç bir ölçü götürmürlər…

“Azərbaycan oğlanları dustaqxanalarda çürüyürlər…”

Bundan əlavə, dustaqxanalarda qalan mütəxəssislərimiz var. Mən ayyarım bundan əvvəl Ali Məhkəməyə müraciət etmişəm. Düzdü, onlar deyirlər ki, biz ikisini buraxmışıq, erməni ilə dava-dalaşa görə tutulublar. 10-15 il iş verilib, ailələri ağır vəziyyətdədir. İndi Ermənistanda və Rusiyada bir dustaq belə qalmayıb. Silahlanıb hamısı bu saat gəlib azərbaycanlılarla vuruşur. Bizim Azərbaycan oğlanları isə dustaqxanalarda çürüyürlər…

“Elə bil, bu dövləti yad əllər idarə edir…”

Diversiyalar gedir. Londondan gələn Ceyms Qrin adlı türkoloq jurnalistin Xocalı faciəsini çəkdiyi videokamerasını və lentini əlindən alıblar…
Çox gözəl dedi Elman bəy:”Biz çılpaq gəlmişik!..” Elə faktlar deyirlər ki, insan olan ona dözə bilməz… Yalnız ayrı-ayrı adamlar xocalılılara kömək edirlər. Elə bil, bizim millət deyil, elə bil, bu xalqın övladları deyil, elə bil, bu dövləti yad əllər idarə edir… Mən dəhşətə gəlirəm. Nə gücüm var, canım da qurbandır. Sonra prezident seçkiləri ilə bağlı deyim ki, mən də prezident seçkilərinin əleyhinəyəm…”

haci-ebdul.jpg

Hacı Əbdül: “Söyüş söyməklə prezident yola salmazlar axı…”

Narazılıqla çıxışa başlayan Hacı Əbdül dedi:”… Kimin kimə gücü çatır, söz onundur. Qanun-qayda yoxdur məgər? Prezidentin istefa məsələsində, əvvəla, reqlament pozulub. Ikincisi, təzyiq olub. Üçüncüsü, Səfa Mirzəyev televiziyada çıxış eləsin ki, vəziyyət belədir. Prezident gələr də, gedər də, başqası da seçilər, amma əxlaqla. Etika da olmalıdır, söyüş söyməklə, qırğın-qiyamətlə prezident yola salmazlar axı. Əgər günahı varsa, açılmalıdır. Elə Xocalı hadisəsinin özü böyük bir hadisədir…
“Əbülfəz bəy deyir ki, biz üçrəngli bayrağımızı Cənubi Azərbaycana sancacağıq…”
Lap yerinə düşdü, Əbülfəz bəy də burada olduğu üçün danışıram. Olmasaydı, danışmayacqdım. Əbülfəz bəy bir dəfə Qarabağla əlaqədar olan meydan hadisələrində mətləbə heç bir dəxli olmadan İrandan söhbət saldı. Başladı ki, İmam Xomeyni orada azərbaycanlıları qırdırır, biz ona göstərərik… Deməli, hardasa bizim İran tərəfi ilə olan əlaqələrimizi də… Biz məcbur olub meydanı tərk etdik. Bu söhbətin yeri deyildi, bunun da bir vaxtı var. Əbülfəz bəy qəzetdə müsahibə verir ki, biz üçrəngli bayrağımızı Cənubi Azərbaycana sancacağıq. Allah eləsin, dünyanın hər yerinə sancaq. Sözüm onda deyil. Həmin bayrağı biz öz torpağımıza – Qarabağa sanca bilmirik. Gəlin əvvəlcə Qarabağ söhbətini qurtaraq. Sonra Zəngəzur var, Göyçə var, verdiyimiz torpaqlar var, oraya bayraımızı sancaq. Ondan sonra özümüzə gələk. Bir görək, nəfəs ala bilirik, mümkündür, ya yox? Sonra deyək ki, bayrağı bura da sancıram…

Pasazade.jpg

“Ruhani İdarəsi bu gün Moskvaya qulluq edir, mən də podpolkovnikiyəm…”

İsgəndər Həmidovun sözü yadıma düşdü. Deyir ki, Şeyx həzrətləri DTK-nın podpolkovnikidir. Bunu deməkdə məqsədim nədir? Canlı şahid kimi deyirəm. İkisi də burdadır, eşitsinlər. Yaxşı, çox gözəl, totalitar rejimin son dayağı aşırıldı. Bəs XVIII əsrdə II Yekaterinanın yaratmış olduğu Ruhani İdarəsi haradadır? İndi kişiliyin çatır, gəl sən də çıx bura, de ki, qardaşlar, doğrudan da II Yekaterinanın XVIII əsrdə yaratmış olduğu Ruhani İdarəsi bu gün Moskvaya qulluq edir. Mən də podpolkovnikiyəm. Bu gündən mən də istefa verirəm. Kişinin dalınca kişi kimi istefa vermək lazımdır. Şeyx çıxdı ki, tez bağlayın bunun çənəsini, dəfn eləyin, qurtarsın. A kişi, prezident gedir, camaatın sözü var, söhbəti var, qoy sözünü desin. Olmaz axı. Qardaş, indi özünün cəsarətin olsun, kişi kimi, camaat sənin çənəni bağlasın, tez-bazar. Əgər bu gün olmasa, söz yox ki, sabah-birigün lap dəhşətli vəziyyətdə olacaq…”
Sonra söz Əli Ömərova verildi…”

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 106-108)
(Davamı var)
Təqdim etdi: Sultan Laçın

araz.az xəbər portalı.