O, sırf təsadüf nəticəsində ölümdən xilas olub. 1975-ci ildə Banqladeşin birinci prezidenti olan atası Şeyx Mucibir Rəhman və iyirmiyə yaxın ailə üzvləri hərbi çevriliş zamanı öldürüləndə Şeyx Həsinə Vazid Almaniyada olub.
Bu hadisədən sonra bir müddət Həsinə Vazid Banqladeşə qayıda bilməyib. Amma bütün qadağalara və yasaqlara baxmayaraq o, dönüş üçün özündə güc toplayıb, məqam gözləyib…
Şeyx Həsinə Vazid 1947-ci ildə Banqladeşin Tonqiparə əyalətində anadan olub. Dəkkə Universitetində ali təhsil alıb. O, universitet illərindən siyasi fəaliyyətlə məşğul olub, həmyaşıdları arasında siyasi fəallığı ilə fərqlənib.
Həsinə Vazidin atası Mucibir Rəhman müstəqil Banqladeşin ilk prezidenti olub. Onu ölkədə “millətin atası” adlandırıblar. Amma onun hakimiyyəti cəmisi dörd il çəkib. 1975-ci ildə yuxarıda qeyd etdiyimiz kimi, o çevriliş zamanı öz iqamətgahında güllələnib. Həmin ərəfədə Almaniyada olan Həsinə Vazidə Banqladeşə qayıtmaq qadağan olunub. Çevrilişdən sonra Mucibir Rəhmanın başçılıq etdiyi “Avami liq” partiyası buraxılıb.
Hindistanda məskunlaşan Həsinə Vazid 1981-ci ildə “Avami liq” partiyasını bərpa etməyə müvəffəq olub və elə həmin il də Banqladeşə qayıdıb. Həsinə Vaizidin Banqladeşə qayıdışı ilə ölkədə müxalifət hərəkatı fəallaşıb. O, mövcud rejimin başçısı Hüseyn Məhəmməd Ərşadın (1983-1990-cı illərdə Banqladeşin prezidenti) hakimiyyətinə qarşı aksiyalara başlayıb. Qadın siyasətçi bu mübarizəsinə görə bir neçə dəfə həbs olunub.
1991-ci ildə Hüseyn Məhəmməd Ərşad hakimiyyətdən getdikdən sonra Həsinə Vazidin partiyası parlament seçkilərinə qatılsa da, o, Halidə Ziyanın başçılıq etdiyi Banqladeş Milli Partiyasına məğlub olub.
Həsinə Vazidin güclü siyasi iradəsi ona siyasi səhnədən uzaqlaşmağa imkan verməyib. Beş illik mübarizədən sonra 1995-ci ildə o, seçkilərdə qələbə qazanaraq Banqladeşin baş naziri vəzifəsinə seçilib.
Onun birinci baş nazirlik dövrü beynəlxalq münasibətlərin yaxşılaşması, Qanq çayı ilə bağlı sazişin imzalanması ilə yadda qalsa da, bu dövr həm də iqtisadi artımın aşağı düşməsi ilə xatırlanır. Xüsusilə həmin ərəfədə su daşqınlarının ölkəyə vurduğu ziyan Həsinə Vazidin ölkə iqtisadiyyatı üçün görəcəyi işlərə kifayət qədər əngəl törədib. Bu səbəbdən də Banqladeş Milli Partiyası 1999-cu ildən başlayaraq Vazidin istefası ilə bağlı kütləvi tədbirlər keçiriblər. Həsinə Vazid isə öz vəzifəsini müddətinin sonuna qədər icra edib.
2001-ci il seçkilərində Həsinə Vazidin partiyası məğlubiyyətə uğradıqdan sonra onun həyatında yenidən qara zolaqlar görünməyə başlayıb. O, korrupsiyada və saxtakarlıqda ittiham olunaraq, 2007-ci ildə həbs edilib. Bir il həbsxanada saxlanıldıqdan sonra səhhəti ilə əlaqədar azadlığa buraxılıb. Həbsxanadan çıxdıqdan sonra Həsinə Vazid müalicə almaq üçün Amerika Birləşmiş Ştatlarına yollanıb.
Müalicədən sonra Banqladeşə qayıdan Həsinə Vazid 2008-ci ilin sonlarından qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlıq işləri görüb. “Avami liq” partiyası seçkilərdə qələbə qazanıb, 6 yanvar 2009-cu ildə Həsinə Vazid yenidən Banqladeşin baş naziri olub.
2014-cü ildə də Həsinə Vazid seçkilərdən qalib çıxaraq üçüncü dəfə baş nazir kürsüsünə sahib olub və bu gün də 73 yaşlı siyasətçi xanım Banqladeşin hökumət başçısıdır.
Həsinə Vazid siyasi fəaliyyətdə olduğu illərdə ona 30 dəfə sui-qəsdə cəhd edilib. 21 avqust 2004-cü ildə Həsinə Vazidə sui-qəsd zamanı tərəflərdən 24 nəfər həlak olub.
Həsinə Vazid 10-dan artıq sosial siyasət mövzusunda kitabların müəllifidir. O, bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Həsinə Vazid dünyanın siyasi müstəvisində Banqladeşdə demokratiya və sülhü təmin edən qadın siyasətçi kimi tanınır.
Xanım siyasətçi 1968-ci ildə ailə qurub. Onu həyat yoldaşı Mia Vazid dünyanın tanınmış nüvə sahəsi üzrə alimlərindən biri olub, 2009-cu ildə ürək xəstəliyindən vəfat edib.
Vazidlər ailəsində iki övlad böyüyüb. Oğlu Sacib Əhməd biznesmen və siyasətçidir, informasiya və kommunikasiya sahəsi üzrə mütəxəssisdir. Qızı Sayma Ümumdünya Səhiyyə Təşkilatının xoşməramlı səfiridir, autizm problemləri ilə məşğul olur.
Statistik göstəricilərə görə, Həsinə Vazidin baş nazir olduğu ikinci və üçüncü müddətdə Banqladeşdə iqtisadi artım yüksəlib, insan hüquqlarının qorunması məsələsi ön plana çəkilib, uşaq və qadınlarını hüquqlarının qorunması sahəsində müsbət göstəricilər əldə olunub. Hazırda Həsinə Vazid ölkəsində təhsilin, səhiyyənin keyfiyyətini və əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün ciddi islahatlar aparmaqda davam edir.
İlham Cəmiloğlu, Musavat.com
araz.az xəbər portalı.