Deputat Fazil Mustafa Milli Məclisdəki plenar iclasda YAP-ın qurultayı münasibətilə təbrik etdi və Prezidentin çıxışını islahatlar üçün zəmin hesab etdiyini bildirdi.
Deputat qeyd etdi ki, bu gün Azərbaycan insanını daha çox maraqlandıran məsələ pandemiya ilə əlaqədar Operativ Qərargahın hansı qərarı qəbul edəcəyidir. O bildirdi ki, insanlarda yenicə fəaliyyətinə imkan yaradılmış iş yerlərinin, müxtəlif obyektlərin qapadılacağı ilə bağlı qorxu var. “Heç bir yeri qapatmağa gərək yoxdur”, deyən F.Mustafanın fikrincə, biz ilk növbədə Azərbaycan vətəndaşlarının sosial durumunu nəzərə almalıyıq. “Qiymətlər yüksək sürətlə qalxmaqdadır və vətəndaşın evinə gəlir daxil olmur, bu da kütləvi yoxsulluğa aparır”, deyən deputat əlavə etdi ki, bütün yerlərin qapadılmasına ehtiyac yoxdur, sadəcə nəzarəti gücləndirmək lazımdır.
“Bayram günlərində rayonlara yolların bağlanması da doğru deyil. 10 gün tətil olacaqsa, insanlar rayonda daha təcrid olunmuş halda istirahət edə və Bakının yükü azala bilər. Məncə, postlar qoymaq yerinə, post-patrul maşınlarının sayını artıraraq, ayrı-ayrı vətəndaşların yoxlanmasını həyata keçirmək olar”, – millət vəkili qeyd etdi. Həmçinin o, İsraildəki kimi, yaşıl pasport rejimini tətbiq etməyi məqsədəuyğun saydı.
E.Paşasoy,
Musavat.com
araz.az xəbər portalı.