Bakı şəhərinin Qaradağ rayonundakı Qızıldaş qəsəbəsində, ev, 35, mənzil, 33 ünvanında yaşayan Qardaş Əsədbala oğlu Əsədov ölkə başçısına, eləcə də aidiyyatı dövlət qurumlarının rəhbərlərinə şikayət xarakterli müraciət ünvanlayıb. İşçisi olduğu “Gülbaxt Tikinti Kombinatı” MMC-nin rəhbərliyi tərəfindən başına gətirilən haqsızlıqlar barəsində yazdığı həmin müraciətinin bir nüsxəsini də, şikayətci araz.az xəbər portalına göndərib. Bu məktubunda, o, üzləşdiyi bu probleminin həllində artıq əli hər yerdən — aidiyyatı dövlət qurumlarının hamısından üzüldüyünü xüsusi vurğulayıb. Xüsusi olaraq onu da qeyd edib ki, adı yuxarıda çəkilən MMC rəhbərliyinin ona qarşı yönələn və qanunlarımız çərçivəsinə sığmayan haqsız hərəkətlərinin qarşısını almaq üçün, bundan sonra, ümidini yalnız və yalnız mətbuatla bir olmağa bağlayıb. Bir sözlə, üzləşdiyi probleminin həllini, başına gətirilən qanunsuzluqları media vasitəsilə ictimailəşdirməkdə görür.
Redaksiyamıza bu yaxınlarda daxil olan həmin müraciəti olduğu kimi dərc edirik:
“Möhtərəm cənab Prezident!
Mən, 1995-ci ildə, Qaradağ rayonundakı “Gülbaxt Tikinti Kombinatı” MMC-də, qeyri-rəsmi olaraq, kran maşinisti kimi əmək fəaliyyətinə başlamışam. 01 iyul 2005-ci il tarixində isə, əmək müqaviləsi bağlayaraq, 30.01.2019-cu il tarixinədək, rəsmi olaraq, həmin tikinti kombinatında kran maşinisti vəzifəsində çalışmışam. Əlavə kran maşinisti vəzifəsində işləyən işçi olmadığına görə, rəsmi işlədiyim 14 il ərzində məzuniyyətlərimdən istifadə etməmişəm. Hər dəfə məzuniyyət götürmək istədikdə, tikinti kombinatının rəhbərliyi tərəfindən mənə belə bildiriblər: “Kran maşinisti vəzifəsində sizi əvəz etmək üçün işçimiz olmadığına görə, əlbət ki, məzuniyyət pulunu ödəmək şərti ilə, xahiş edirik, bu il əmək məzuniyyətindən istifadə etməyəsiniz”. Lakin iki ilə yaxındır öz xahişimlə əmək müqaviləmə xitam verilsə də, məzuniyyət pulumu ala bilmirəm. Keçən müddət ərzində, dəfələrlə, müraciət etmişəm. Hər müraciətimdə rəhbərlik: “Bu ay raşotunu verəcəyik”, — cavabını verərək, məni süründürürlər. Müraciətlərimə isə, bu günə qədər cavab verilməyib.
Eyni zamanda, mənə, 170 manat aylıq maaş rəsmləşdiriblər. Lakin mənim aylıq maaşım 700 manat olub. “Gülbaxt Tikinti Kombinatı” MMC-nin keçmiş müdiri Elşad Quliyev tutduğu vəzifəsindən azad olunanda, kombinatın mənə beş min manatdan çox borcu vardı. Yəni ala bilmədiyim aylıq maaşımın aylarının toplam cəmi beş min manatdan çox idi. Qeyd edim ki, normal aylıq maaşlarımızı ala bilmədiyimizə görə, bu pul yığılıb, qalmışdı. Mən həmin pulu Elşad Quliyevdən tələb edəndə, təzə rəhbərliyə təyin olunmuş Natiq müəllim mənə belə dedi: “Elşad müəllim işindən azad olunub və Sizə borcu yoxdur. Çünki Elşad Quliyevin həyətində işləməmisiniz ki, borc onun olsun. “Gülbaxt Tikinti Kombinatı” MMC-nin sizə borcu var. Dünən müdir Elşad müəllim idi, bu gün isə, mən. Mən müdir təyin olunmuşamsa, deməli, bu borc mənimdir”.
Dediklərinə baxmayaraq, Natiq müəllim verdiyi sözü indiyədək yerinə yetirməyib. Yetirmək də istəmir! İndi də deyir ki, Elşad Quliyevin zamanında kombinatın mənə olan borcu, artıq, onluq deyil! Axı, bu necə ola bilər?! Mən, Natiq müəllimin özünün dediyi kimi, doğrudan da, Elşad Quliyevin dədəsinin həyətində işləməmişəm ki, gedib pulumu da ondan tələb edim. Axı, “Gülbaxt Tikinti Kombinatı” MMC-də işləmişəm. Elə, həmin kombinat da mənə borcludur.
Yeri gəlmişkən, onu da qeyd edim ki, Natiq müəllim müdir təyin olunan gündən, bu kombinatı şəxsi mülkiyyətinə çevirərək, idarə edir. Elə, kombinata rəhbər gətirilən gündən də, buradakı narazılıqların sayı günbəgün artıb, artıq, sayı-hesabı yoxdur. Bütün bunlarla bağlı, möhtərəm Prezident, şəxsən Sizə və aidiyyatı üzrə dövlət orqanlarının rəhbərlərinə rəsmi şəkildə dəfələrlə şikayət ərizəsi yazaraq, müraciət etmişəm. Bunların hamısı, baxılması üçün, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Mənim bu müraciətlərimdən sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri üzrə İdarəsinə dəvət olunmuşam.
Şikayətlərimi araşdıran həmin idarənin Heydər adlı müfəttişi, mənim izahatımı aldıqdan sonra, mənə köməklik etmək əvəzinə, müxtəlif bəhanələr uydurmağa başladı. Əvvəlcə bəhanə etdi ki, guya, müraciəti gec etdiyimə görə, idarə köməklik edə bilməyəcək. Lakin mən ona əvvəllər etdiyim şikayətlərimin ərizəsini göstərəndə, yeni uydurmalar etməyə başladı. Qısası, sonda mənə açıq-aydın dedi ki, bu idarənin “Gülbaxt Tikinti Kombinatı” MMC-nin direktoruna gücü çatmır: “Dəfələrlə xəbərdarlıq və cərimələr etsək də, Sizin pulunuzu ödəmirlər. Daha heç nə edə bilmərik. Gedin verin məhkəməyə”.
Əslində, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tələblərinin əməl olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır və vəzifəsini yerinə yetirərkən, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri inzibati qaydada məsuliyyətə cəlb etməli, üstəlik, lazım gəldikdə belələrinin məsuliyyətə cəlb olunması üçün, digər dövlət orqanları qarşısında məsələ qaldırmalıdır. Lakin Dövlət Əmək Müfətişliyi Xidmətinin Bakı şəhəri üzrə İdarəsi xəbərdarlıq və cərimə etməklə, öz vəzifəsini bitmiş hesab edir. Bu orqanın vəzifəsi qanuna nəzarət etməkdir. Amma, təssüf ki, əmək müfəttişliyi öz vəzifəsinin öhdəsindən gələ bilmir. Axı, öz vəzifəsinin öhdəsindən gələ bilməyən bir orqana nə ehtiyac var?! Axı, nədən, həmin orqanın yüzlərlə işçisi bizim ödədiyimiz vergi hesabına yüksək maaş almalıdırlar?!
Çox hörmətli cənab Prezident!
Məcburiyyətdən, indi, mən, mətbuat vasitəsi ilə Sizə çatdırmaq istəyirəm ki, iki uşağım ali məktəbdə ödənişli təhsil alırlar. Çoxdandır ki, həmin ödənişləri edə bilmirəm. “Gülbaxt Tikinti Kombinatı” MMC-nin rəhbərliyi də, məzuniyyət və ödənilməyən aylıq əmək haqqı pullarımı mənə ödəmək istəmirlər. Artıq onların yalançı vədlərinədə inanmıram! Çünki, il yarımdan çoxdur ki, onlar, çoxları kimi, məni də yola verirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhəri üzrə İdarəsi isə, iş görmək qabiliyyətində deyil. Ancaq, belə problemləri həll etmək əvəzinə, şikayətçilərin hərəsini bir bəhanə ilə yola verməklə məşğuldurlar. Ona görə də, Sizdən bir daha çox xahiş edirəm ki, heç olmasa, mənim bu müraciətimi şəxsi nəzarətinizə götürə, işlədiyim müddətdə istifadə etmədiyim məzuniyyət və mənə ödənilməyən aylıq əmək haqqı pullarımın “Gülbaxt Tikinti Kombinatı” MMC-dən alınaraq, mənə ödənilməsinə ciddi göstəriş verəsiniz”.
Edəcəyiniz köməyə görə, Sizə, qabaqcadan minnətdarlığımı çatdırıram!”.
Sonda, onu da bildirmək istəyirik ki, şikayətçi tərəfindən iddia olunanlarla bağlı, maraqlı qarşı tərəflərin də mövqelərini dərc etməyə hazırıq.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.