Bu günlərdə Araz. az saytının redaksiyasına Bakı Slayan Universitetinin məktəb-lisey kompleksinin 9-cu sinif şagirdi Məryam Abdin qızı Əmirovanın nənəsi, hansı ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq A, mən-42 ünvanında yaşayan Camangül Əli qızı Əmirova tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu xanım şikayət ərizəsində yazır: “Ötən ilin əvvəllərində Bakı Slayan Universitetinin məktəb-lisey kompleksində təhsil alan bir neçə nəfər şagirdin, Fransanın paytaxtı Paris şəhərində keçiriləcək bilik yarışmalarında iştirak etmələrinə dair söz-söhbət yayılmışdı. Elə ki, adı çəkilən təhsil ocağında oxuyan nəvəm Məryam Əmirova bu haqda məni məlumatlandırdı, o halda onun da iştirak etməsinə razı olduğumu bildirdim. Az sonra onu da dəqiqləşdirə bildim ki, Paris şəhərində keçiriləcək bilik yarışmasında iştirak edəcək şagirdlərə, məhz məktəb-lisey kompleksinin ingilis–dili müəlliməsi Vəfa xanım rəhbərlik edəcək. Bundan əlavə, şagirdlərin Paris şəhərinə təyyarə ilə getmələri, bir həftə ərzində həmin şəhərdə qalmaları, bilik yarışmalarında iştirak etdikdən sonra geri qayıtmaları və s. yöndə olan bütün xərcləri, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov-12 ünvanında fəaliyyət göstərən “Linqva TM” MMC-i həyata keçirəcək. Elə ki, bu şirkətin rəhbər şəxsləri ilə danışdım, həmin vaxt onlar bildirdilər ki, “Hər şagirdə görə ödəniləcək xərcin məbləği 1700 Euro təşkil edəcək”. Düzdür, ailəlikcə maddi sıxıntılar içərisində yaşasaq da, nəvəm Məryam Əmirova dərs əlaçısı olduğundan onun qəlbinə dəymək istəmədim və bu məqsədlə qohum-əqrəbadan, dost-tanışdan borc pul aldım. Yəni, iki dəfəyə olsa belə həmin məbləğ pulu “Linqva TM” MMC-nin rəhbər şəxslərinə çatdırdım. Qeyd edim ki, birinci dəfə 10 mart 2020-ci il tarixdə 1000 Evro pulu bu şirkətə ödədim və bunun qarşılığında mənə mədaxil qəbzinin kötüyü GDH/3№829919 saylı ödəniş qəbzi verdilər. İkinci dəfə isə 20 mart 2020-ci il tarixdə 700 Evro pulu ödədim, bu dəfə də mənə GDH/3№829919 saylı ödəniş qəbzi verdilər. Düzdür, hər iki ödənişi həyata keçirən zaman mənə eyni saylı ödəniş qəbzi versələr də, buna o qədər də əhəmiyyət vermədim. Elə ki, ödənişi ödədim, o halda çox keçmədi ki, ölkəmizin ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılması, belə bir səfər proqramının baş tutmasını əngəllədi.
Onu da bildirim ki, ödənişləri həyata keçirərkən “Linqva TM” MMC-nin əməkdaşı İmran Muxtarov “Hansısa problem olarsa, o halda pullarınızı özünüzə qaytaracağıq” deyə vəd versə də, bu gün də şirkətin rəhbərliyində olanlar vaxtilə verdikləri vədlərinə əməl etmirlər. Həmin vaxtlarda ölkəmizdə koronovirus infeksiyası yayıldı, xarici ölkələrə gediş-gəliş dayandırıldı. Belə olan halda verdiyim pulları “Linqva TM” MMC-nin rəhbər şəxslərindən geri qaytarmalarını xahiş etsəm də, ötən ilin sentyabr-oktyabr aylarına kimi gücbəla ilə üç dəfəyə 1500 AZN pulumu geri qaytara bilmişəm. Bildirim ki, mən bu şirkətə 1700 Evro ödəniş etdiyim zaman, həmin məbləğ pul Azərbaycan manatının kursu ilə hesabladıqda 3600 AZN edirdi. Elə ki, bu gün də yerdə qalan 2100 manat pulumu şirkətin rəhbəri Anar müəllimdən istəyirəm, o halda o, “Mən 1500 AZN qaytarmışam, qalan pulları da şirkətimizin işçisi İmran Muxtarov qaytarmalıdır” deyə cavab verir. Belə bir yolla da, bu gün məni getgələ salırlar və “Linqva TM” MMC-dən almalı olduğum pullarımı ala bilmirəm. Mən yaşlı qadınam, səhhətimdə çoxsaylı problemlərim var. Hələ də bu şirkətin rəhbər şəxslərinin atdıqları addımın mahiyyətini başa düşə bilmirəm. Çünki, etdiyim ödənişlərlə bağlı məndə qarşı tərəfin təsdiq edib verdiyi ödəniş qəbzləri var. Ona görə də bu gün ölkəmizin hquq-mühafizə orqanlarına rəhbərlik edən vəzifə sahiblərindən, ələlxüsus Baş Prokuror cənab Kamran Əliyevdən, Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan köməklik istəyirəm. Çünki, mən həmin pulları qohum-əqrəbadan, dost-tanışdan borca götürmüşdüm”.
İnanırıq ki, Camangül Əmirovanın redaksiyamıza ünvanladığı müraciəti əsasında hazırladığımız bu yazıdan sonra, bir çox dövlət qurumlarının rəhbər şəxsləri, ələlxüsus hüquq-müfafizə orqanlarında vəzifə sahibi olan şəxslər yaşanan problemin varlığına diqqət yetirib, zərərçəkən şəxsə lazım olan köməkliklərini göstərəcəklər.
Problemin varlığını diqqətdə saxlayacağıq.
Araz.az xəbər portalı.
araz.az xəbər portalı.