c887ed87e0ac387aaebe8a1d812aed81850

Kolumbiya və Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentlikləri olan “El Expediente” və “Ola Politica” portallarında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, Azərbaycanın çoxmədəniyyətlilik, dini və etnik dözümlülük ənənələrindən bəhs edən “Azərbaycansayağı sülh” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Pravda.az-a verilən məlumata görə, yazıda dünyanın bir çox bölgəsində, o cümlədən iqtisadi və texnoloji baxımdan inkişaf etmiş cəmiyyətlərdə belə dözümsüzlük və ayrı-seçkilik kimi məvhumların çoxsaylı sosial qarşıdurmalara səbəb olduğu dövrdə Azərbaycanda bu sahədə uğurlu dövlət siyasətinin aparıldığı bildirilir, Prezident İlham Əliyevin sözlərinə istinadən ölkədə çoxmədəniyyətlilik anlayışının həyat tərzinə çevrildiyi qeyd olunur və bu sayədə Azərbaycanın ən humanist cəmiyyətlərdən birinə malik ölkəyə çevrildiyi deyilir.

Avropa ilə Asiyanın qovuşduğu coğrafi məkanda yerləşməsindən irəli gələrək müxtəlif dini və etnik mənsubiyyətə malik insanların bir arada toplandığı Azərbaycanda hökumətin apardığı iş sayəsində müsəlman, xristian və yəhudilərin, eləcə də müxtəlif xalqarın qarşılıqlı hörmət, anlayış və sülh içində birgə yaşadığı qeyd olunur.

Əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycandan xaricə səfər edən dini nümayəndə heyətlərinin tərkibində çoxluğun katolik, pravoslav və yəhudi dini liderlərindən ibarət olduğu vurğulanır, 2016-cı ildə Roma papası Fransiskin də Azərbaycana səfəri zamanı ölkədəki dini tolerantlıq mühitini xüsusi təqdir etdiyi vurğulanır.

Məqalədə həmçinin “Bakı prosesi”, xüsusən Azərbaycanda ənənəvi hal almış mədəniyyətlərarası dialoq forumları haqda məlumat verilir, bu platformalar vasitəsilə ölkəmizin mədəniyyətlərarası dialoqu uğurla təşviq etdiyi, beynəlxalq ictimaiyyətlə bu sahədəki təcrübəsini paylaşdığı və dünyada sülh və tolerantlığın güclənməsinə əvəzsiz töhfə verdiyi deyilir.

Yazıda həmçinin Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox ölkəsində müxtəlif dinlərə məxsus abidələrin bərpasının da həyata keçirildiyi məlumat verilir.

Qeyd edilir ki, minillik tarixə malik, fərqli mədəniyyətlərinin təsirindən keçmiş Azərbaycanda sosial resurs olaraq çoxmədəniyyətliliyin təbii resurslardan daha yüksək qiymətləndirilir, burada “fərdlərin hansı dinə mənsub olduğu deyil, necə bir insan olduğunun daha vacib önəm daşıyır” və bu fəlsəfənin bütün cəmiyyətlər tərəfindən mənimsənilməsinin dünyada sülh və barışığı gücləndirə biləcəyi qeyd olunur.

Bu özəlliklərin müasir Azərbaycanın öz tarixi irsinə sadiq qalması nəticəsində mümkün olduğu deyilir, bu xüsusda, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi, demokratik respublikanın məhz burada yarandığı, islam aləmində qadınlara seçki hüququnun da məhz Azərbaycanda verildiyi vurğulanır.

Məqalə Kolumbiyanın bütün siyasi xəbər KİV-inin birləşdiyi “Dircom Colombia Group” təşkilatına aid sosial şəbəkə hesabları üzərindən də yayılıb.

araz.az xəbər portalı.