keramet4

Azərbaycanda yazıçıların, şairlərin taleyini həmişə siyasət müəyyənləşdirib. Məsələn, bu ölkədə Zəlimxan Yaqub kimi istedadlı, hazırcavab şairlər çoxdur. Amma Heydər Əliyevin əlləri məhz onun çiyinlərinə qondu deyə Zəlimxan Yaqub parladı. Yaşadıqları isə əslində, Zəlimxan müəllimin öz taleyi deyildi. Hakimiyyət, dövlət ona süni bir tale düzəltmişdi. Eyni zamanda Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və bir çox şair və yazıçıların taleyini dövlətə, siyasətə münasibət yaratdı. Azərbaycanda dövlətin iradəsindən kənar, taleyin ümidinə qalan qalan yazarlar ya küçələrin hansısa bir tinində infarkt olub ölüb, ya içkidən serroz olub ölüb, ya da səfil bir həyat yaşamağa məcbur olub, sonda isə nə öz istedadını ifadə eləyə bilib, nə də rahat bir həyat yaşaya bilib. Əli Kərim kimi böyük bir istedad içkidən öldü və indi “Dəlim, dəlim” mahnısına bir ayda 4 milyon baxış gələn cəmiyyətin çox böyük bir hissəsi onu tanımır. Bu dəqiqə Azərbaycanda elə böyük istedadlar var ki, özlərini ifadə edə bilmirlər, ehtiyac içində çırpınırlar. Dövlətin əli onun çiyinlərinə qonsa olacaq Zəlimxan Yaqub, Anar, Fikrət Qoca, qonmasa da mümkün deyil, heç adını da bilməyəcəksiniz ki, Azərbaycanda belə bir istedadlı adam olub. Cəmiyyət, dövlət, hakimiyyətlə münasibət baxımından ən hiyləgər yolu Ramiz Rövşən seçdi. Bu əslində, yaradıcı bir insan üçün ən uyğun yoldur. Çünki başqa variant yoxdur. Ramiz Rövşən bu hakimiyyət haqqında 2003-cü ildə İsa Qəmbərin yanında tribuna da bir kəlmə söz deyib, deməyib, bilmirəm, adı bütün ölkədə qorxmaz, əyilməz şair kimi qalıb. Adam 30 ilə yaxındır ki, hökumət haqqında bir kəlmə də artıq-əskik söz deməyib. Di gəl ki, həm camaat onu çox istəyir, həm müxalifət, həm də hakimiyyət. Hökumət ona evlər də verir, ona pullar da verir, ona sevgi, diqqət, qayğı da göstərirlər, fəxri ad da verir, AzTV-də də çıxış eləyir, camaat da deyir, Ramiz müxalifətçidir. Ölkənin ən radikal müxalifətçiləri ilə də dostdur, ölkənin ən korrupsioner məmurları ilə də. Hakimiyyət Nəriman Həsınzadə üçün nə edibsə, Ramiz Rövşənə də o şeyləri eləyib. Amma birinin adı yaltaq çıxıb, birinin adı cəsarətli, əqidəli. Ramiz gör vəziyyətdən necə ustalıqla çıxıb. Allah mənə də Ramiz Rövşən səbri, dözümü, Ramiz Rövşən hiyləgəliyi, Ramiz Rövşən bəxti, Ramiz Rövşən taleyi versin. Onu özün qazanmalısan, özün elə olmalısan.

Kəramət Böyükçöl

Yazıçı

araz.az xəbər portalı.