arzu

Martın 3-də vəfat edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin həyat yoldaşı, tanınmış jurnalist Arzu Qaziyeva Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevə və onun komandasına açıq məktubla müraciət edib.

Mərhumun həyat yoldaşının məktubu bilmədiyimiz dəhşətlərin üstünə işıq salır, səhiyyəmizin vəziyyəti ilə bağlı qorxunc mənzərənin aydın təsəvvürünü yaradır.

Məktubu olduğu kimi təqdim edirik:

“Biz onu dəfn etdik. Sonrasa xəstəxanada qalmış əşyalarını və lazımi sənədlərini – mən hələ də o sənədlərin adını çəkə bilmirəm – götürmək üçün xəstəxanaya getməli oldum. Sayca 4-cü gedişim idi. Zənn edirəm ki, bir daha o “qəbristanlığa” yolum düşməyəcək. Bu prosedura cavabdeh şəxslə əlaqə saxlamaq üçün məlumat lövhəsində göstərilmiş nömrəni yığdım. Bir neçə dəqiqədən sonra Elmar adlı həmin adam gəlib məni içəriyə keçirdi.

Əşyalarını iri qara sellofan torbada gətirmişdilər. Torbanın çirkindən cin hürkürdi. İçindəkiləri çıxarmaq üçün bağını açanda quruyub qaldım. Palto, papaq, yun şərf, poluver, şalvar və s. ələ gələsi deyildi. Pasiyent reanimasiyaya köçürülən kimi bütün əşyaları anbara verilmişdi. Orda da onları bataqlıq çamırındakı tək çürütmüşdülər. Bu qeyri-insanlığın müəllifini tapa bilmədik. Tibb bacısı anbardar Elmarın, anbardar tibb bacısının üstünə atdı. Mənə min cür bəhanə gətirdilər, gah dedilər qaytarmırıq, gah dezinfeksiyadan, gah da yandırılmadan uzun-uzadı cəfəngiyyat danışdılar. Onlara məlumat lövhəsində yazılmış elanı bir daha oxutdurdum: “Reanimasiya xəstələrinin paltar və qiymətli əşyalarının yaxınlarına verilmə saatları…” (Bu elana bir daha qayıdacağam).
Deməli, paltarlar mənə söylənilən bütün cəfəngiyyatlara baxmayaraq, olduğu kimi qorunub saxlanmış vəziyyətdə qaytarılmalı idi. Danışmağa sözləri bitəndə məsul şəxsi tələb etdik. O, harasa buxarlanmışdı. İşin qızğın vaxtında itib-yoxa çıxmışdı. Mən yalnız saatını, telefonunu, özü ilə orda da oxumağa apardığı iki kitabını, eynəyini və kiçik əl çantasını götürə bildim.

Deməli, siz əminliklə əminsiz ki, reanimasiyaya köçürülən xəstələrin taleyi artıq geriyə dönmədən həll olunmuş olur və paltarları da lazımsız? Bəs, əgər Dilavər sağalıb qayıtmış olsaydı necə? Çürütdüyünüz paltarlarını geyinib xəstəxanadan çıxmalıydı? Sizin rəhbər, həkim, insan kimi qurduğunuz xəstəxanadaxili qaydalar budurmu? Siz Dilavər Əzimlinin müalicəsinə də onun paltarlarını çürütdüyünüz kimi baxmışdınız!

Mənsə sizin və ora yığdığınız praktikant komandasının üzünə baxmaq istəyirəm, baxıb soruşmaq istəyirəm: xəstəliyin artan xətlə getmə riski qarşılığında “sən yüngülsən” deyib yüngül müalicə ilə də məsuliyyətsizcəsinə ağırlaşdırdığınız üçün kiminsə tükü tərpənir? Öz ayağı ilə xəstəxanaya gedən, nə təngnəfəsliyi, nə boğulması olan adam həqiqətən də lazımi müalicə alırdısa, necə oldu ki, 4 gün müddətində birdən-birə və doğrudanmı reanimasiyalıq oldu? Biri 20%, digəri 5% zədələnmiş ciyərlərin bir neçə günə böyük sürətlə tam sıradan çıxması inanılmazdır! Bəs siz özünüz necə, inanırsız??

Həkimi demişdi ki, o, EKMO aparatına qoşulduğu zaman ciyərlərinin ikisi də, hətta 5% zədələnmiş ciyəri də 100% zədələnmişdi. Mənim açıq qalmış və şübhə doğuran suallarım çoxdan çoxdur.

İmzanızla mənə verilmiş xəstəlik epikrizini diqqətlə oxudum. Dilavərin telefonundakı mesajlarla tutuşdurdum – o qədər uyğunsuzluq var ki. Çox uzağa getmirəm, təkcə iki cümlə ilə – “Aparılan bütün tədbirlərə əsasən (!) xəstənin vəziyyəti pisləşməyə davam etdmişdir”, ekmoda olduğu halda “SPO2 səviyyəsi azaldı” (???) cinayət işi başlatmaq olar.

Siz heç nəyə diksinmirsiz, sizi heç bir acı tərpətmir. Dilavərsə sağlamlığını, canını sizlərə etibar edərkən tamam unutmuşdu ki, qəssablar da ağ xalat geyinirlər!”

araz.az xəbər portalı.