Mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova Moderator.az-ın suallarını cavablandırıb.
– Gövhər salam, bir müddət əvvəl Türkiyədə olduğun deyilirdi. Indi bəs hardasan?
– Salam, hal-hazırda Bakıdayam. Nənəm və xalamın ailəsi ilə birgə Mübariz Mənsimovun bizə hədiyyə etdiyi “Nəsimi”də hündürmərtəbəli binada yaşayırıq.
– Nənən yaşlı qadındır, səhhəti necədir?
– Nənəmin 81 yaşı var, şükür Allaha yaxşıdır.
– Bəs sənin neçə yaşın oldu?
– Mənim 13 yaşım var.
– Türkiyəyə niyə getmişdin?
– Mən Mahsun Kırmızıgülün “Mucize 2 Aşk” filmində çəkilmək üçün ora getmişdim. 10 gün ərzində orada çəkilişlərdə iştirak etdim. Bir müddət sonra isə yenidən filmin qala gecəsi üçün Türkiyəyə getmişdim.
– Filmə səni kim dəvət etmişdi?
– Mən Mahsun Kırmızıgülün filminə Mübariz Mənsimovun vasitəsi ilə çəkildim. Bildiyiniz kimi Mübariz Mənsimov bizə ev hədiyyə edəndə biz ailəmiz adından ona təşəkkürümüzü bildirib, məktub yazmışdıq. Məktubda həm də yazmışdım ki, mən Bakıda filmlərə də çəkilmişəm və çox istərdim ki, Türkiyədə də filmə çəkilim. Hətta filmlərdən şəkillərimi də məktuba əlavə etmişdim. Mübariz Mənsimov üstündən 2 gün keçməmiş məktubumuza cavab verdi və məni filmə dəvət etdilər.
– Çəkilişlər necə keçdi?
– Məşhur aktyorlarla bir çəkilişdə olmaq çox maraqlı idi. Hamısı ilə həmsöhbət olurdum, çəkiliş fasiləsində hamısı başıma sığal çəkirdi. Mən bu filmdə epizodik rol oynasam da professional aktyorlarla birgə çəkildiyim üçün özümü şanslı sayıram.
– Gələcəyinə aktrisa olmaq istəyirsən?
– Həm olmaq istəyirəm, həm də yox. Hələ ki, tam qərar verə bilmirəm.
– Sənin anan Xanım Qafarova bizim çox sevilən aktrisamız olub. Evdə onun haqqında sənə xatirələr danışırlar?
– Bəli, istər xalam, istərsə də nənəm hər zaman onu mənə xatırladırlar. Heç vaxt yaddan çıxmır. Hər gün onun haqqında danışırıq, mahnılarına qulaq asırıq. Xalamın qoxusunu içimə çəkirəm, çünki ondan anamın qoxusunu alıram. Özüm də anamın şəkili ilə söhbət edirəm, yuxularıma girir.
– Ananı yuxuda necə görürsən?
– Mənə hər zaman məsləhət verir ki, dərslərini yaxşı oxu. Bu qədər insan sənin üçün əziyyət çəkir, sən də onların istəklərini yerinə yetir. Mən də anama söz vermişəm ki, ona layiq övlad olacam.
– Anan haqqında danışmaq sənə indi çətin deyil?
– Xeyr, artıq çətin deyil. Anasızlığa alışmışam. Mən qətiyyən onun haqqında danışanda kövrəlməməyə çalışıram, çünki bilirəm ki, mən üzüləndə o da üzülür.
– Bir neçə il əvvəl müsahibə etsəydim mən sənə bu sualları verməkdə çətinlik çəkərdim. Amma görürəm ki, sən maşallah böyük qızsan və suallara layiqli cavab verirsən. Anan yanında olsaydı ona deyərdin?
-Anam yanımda olsaydı onunla hər gün söhbət edib, məsləhətlər alardım. Həyatındakı çətinliklərlə necə mübarizə aparıb? Bax onun yollarını öyrənərdim.
– Müğənni Xatirə İslam gəlmişdi yanına, indi də gəlib gedirmi?
– Karantinə görə hal-hazırda gəlib-gedə bilmir, amma karantin bitəndən sonra gələcək. Əlaqə saxlayır mənimlə. Aparıcılarımız, millət vəkillərimiz gəlirlər yanıma. Qənirə Paşayeva da gəlmişdi. Soruşurlar ki, nəyə ehtiyacın var? Deyirəm ki, təkcə anama ehtiyacım var, başqa heç nəyə.
– Evdə günün necə keçir?
– Dərslərimə vaxt ayırıram, onlarla məşğul oluram.
– Ananın məzarını sonuncu dəfə nə vaxt ziyarət etmisən?
– Karantin başlamazdan öncə getmişdim, getmək istəyirik, amma bəzi problemlər var. Ya maşın olmur, ya hava şəraiti pis olur. Amma ən qısa zamanda getmək fikrimiz var. Anamın məzarı Kürdəxanı kənd qəbirstanlığındadır.
– Ananın sənətini sevənlərə bizim vasitəmizlə nə demək istərdin?
– Məni və anamı sevdikləri, hörmət etdikləri üçün onlara təşəkkür edirəm.
araz.az
araz.az xəbər portalı.