Aktiv əməliyyatlar dövründə Pakistanın Azərbaycana dəstək verməsi Hindistanı qıcıqlandırıb. Bu üzdən Hindistan Azərbaycanla bağlı planda kəskin dəyişiklik etmək qərarına gəlib.
arza.az Bizimyol.info-ya istinadən xəbər verir ki, söhbət Şimal-Cənub nəqliyyat dəhlizindən gedir. Hind okeanı ilə Skandinaviyanı birləşdirən dəhlizin Azərbaycandan keçməklə inşa edilməsi nəzərdə tutulmuşdu. Amma indi Hindistan Tehrandakı səfiri vasitəsilə bəyan edib ki, İranın Çabahar limanından çəkiləcək yol Azərbaycan yox, Ermənistan ərazisindən keçəcək.
Əməliyyatlar zamanı və ölkəmizin qələbəsindən sonra Pakistan bu münaqişədə Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edib. İstisna olunmur ki, Kəşmir probleminə görə uzun illərdir gərgin münasibətdə olduğu Pakistanın bu cür mövqeyinə görə Hindistan plana 180 dərəcə dəyişiklik edib. Belə iddialar da var ki, Hindistan Şimal-Cənub nəqliyyat dəhlizinin planlarını dəyişməklə, Pakistanı təsirsiz hala gətirməyə, onun imkanlarını məhdudlaşdırmağa çalışır. Çünki İranın şimalındakı Çabahar limanı başqa bir Pakistan limanı ilə rəqabət aparır.
İran öz qonşuları, o cümlədən Azərbaycanla tam tərəfsiz münasibətlər saxladığını iddia etsə də, yeri gələndə Tehrandan bu bəyanata zidd addımların şahidi oluruq.
Beynəlxalq ekspertlər də öz təhlillərində vurğulayırlar ki, güclü Azərbaycan İranın maraq dairəsində deyil. Güclü Azərbaycan həm də Türkiyə və Pakistanın bir qədər də güclənməsi deməkdir. Çünki lazımi məqamda Azərbaycan onların yanında dayana bilər. Türkiyə və Pakistanın güclü olması isə İran üçün ciddi təhdiddir.
araz.az
araz.az xəbər portalı.