Korrupsiya, rüşvət, büdcə vəsaitlərinin talanması və digər əməllərinə görə saxlanılan məmurların hələ də istintaq prosesi davam edir. Xüsusilə də son dönəmlər həbs olunan icra başçıları və onların müavinləri ilə bağlı da hələlik konkret məhkəmə hökmü yoxdur.
Qeyd edək ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı sabiq Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev, Yevlax İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onların sabiq müavinləri, bir sıra əməkdaşları Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Onlardan yalnız İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin istintaq müddətinin uzadılması ilə bağlı məhkəmə qərar var. Digərləri ilə bağlı da istintaq prosesi davam edir və hələlik yekun məhkəmə hökmü verilməyib.
DTX-nın əməliyyat keçirdiyi Mədəniyyət Nazirliyinin həbs olunan əməkdaşları ilə bağlı məhkəmə hökmü yoxdur. Qeyd edək ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov həbs edilərək istintaqa cəlb olunub.
Həbs olunan sabiq məmurlardan hökm alanlar, hətta həbs cəzası çəkib azadlığa çıxanlar da, hələ də cəzasını çəkənlər də var.
Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev hazırda həbs cəzası çəkənlər arasındadır.
Xatırladaq ki, C.Hacıyev külli miqdarda valyutanın ölkədən qanunsuz çıxarılmasına görə ittiham olunurdu və məhkəmə qərarı ilə o 16 il 6 ay həbs cəzası aldı.
Ölkə gündəminə “Rabitə işi” kimi düşən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbs olunan əməkdaşlarına da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunmuşdu.
Belə ki, eçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin keçmiş direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin keçmiş rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə istintaqa cəlb olunmuşdu.
Məhkəmədə Vidadi Zeynalov 13 il müddətinə, Beytulla Hüseynov 13 il, Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il müddətinə azadlıqdan məhrum olunublar.
Digər adı çəkilən şəxslər isə şərti cəza alaraq məhkəmə zalından azad olundular.
“MTN işi” adı ilə aparılan istintaq prosesində də saxlanılanlarla bağlı məhkəmə hökmü çıxarıldı. Belə ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşı haqqında məhkəmə hökm çıxardı. Hökmə əsasən Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Orxan Osmanov və Akif Əliyevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edildi.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. A.Çovdarov Prezident İlham Əliyevin 2020-nin aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla əfv olunub, hazırda azadlıqdadır.
araz.az xəbər portalı.