aslan12

“Media nümayəndələrinin Ağdama səfərini, əlbəttə ki, müsbət addım hesab edirəm. Hazırda Azərbaycan dövlətinin əlində ermənilərin vəhşiliyini bütün dünyaya göstərmək baxımından çox güclü bir arqumenti var. Məhz bu səbəbdən, mətbuat nümayəndələrinin ora dəvət olunmasını müsbət qarşılayıram”.

 

Bunu  Pravda.az-a açıqlamasında Ağdama təşkil edilən səfərdə iştirak edən hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, səfərlə bağlı ikinci müsbət hal odur ki, orada həmişəki kimi təkcə mətbuat nümayəndələri deyil, o cümlədən qatı müxalifətdən tutmuş müstəqil şəxslər də təmsil olunurdular: “Orada özüm də daxil olmaqla, Xədicə İsmayıl kimi hakimiyyətin daim kənarda saxladığı adamları gördüm. Çox xoş təsir bağışlayan digər məqam isə, Hikmət Hacıyev və onun işçisi Elçin müəllimlə bağlıdır. İlk dəfə idi ki, hakimiyyət rəsmilərinin jurnalistlər, QHT nümayəndələri ilə belə səmimi davranışını görürdüm. Qeyd etdiyim bu məqamların hər biri ölkə üçün olduqca əhəmiyyətlidir”.

Müsahibimiz səfərlə bağlı onu məyus edən məqamlardan da söz açıb. Bildirib ki, pərişan edən məsələ ondan ibarət idi ki, uzun illər Azərbaycan mətbuatını məhv edən, Əli Həsənovun sağ əli olan, mətbuata reketçilik gətirən “media kapitanları” yenə orada idilər: “Bütün səfər boyu onların Hikmət Hacıyevi bir dəqiqə belə kənara buraxmadıqlarının şahidi oldum. Daim yanındadırlar, qulağına nəisə pıçıldayırdılar və s. Bilirəm ki, Hikmət Hacıyev Əli Həsənov deyil ki, “media nəhəngləri” onu belə yolla ələ alsınlar. Ancaq bu hal az qala gözə girirdi. Azərbaycan mətbuatını məhv edən həmin bu qrup FETÖ kimi bir dəstədirlər. Həmişə bir-birlərinin yanındadırlar, tutduqları yeri də heç kimə vermək fikirləri yoxdur. Çünki bu fəaliyyət uzun illər onlar üçün böyük bir biznes olub. Hakimiyyət meydanı mütləq təmizləməlidir ki, ora yeni nəfəslər gəlsin. Bu qrup medianın mərkəzində olduğu müddətcə gənclər ora gələ bilməyəcəklər. Çünki onların əlində müxtəlif resurslar, maddi imkanlar, o cümlədən normal insanların ağlına gəlməyən təxribat üsulları və s. var. Gənclər onların yanında duruş göstərə bilmirlər, çünki onlar hələ bu murdarlığa, oyunbazlığa öyrəşməyiblər, abırlarını qoruyurlar. Qeyd edim ki, həmin gənclər bu qocalardan min dəfə savadlı, təmiz və istedadlıdırlar. Bu qocaların ağlı yalnız bir istiqamətdə işləyir: reketlik, reketlik və reketlik…!”

A.İsmayılovun fikrincə, ikinci mənfi məqam hakimiyyətin yenə yaşlı nəslə üstünlük verərək yanlışlıq etməsidir. Onun sözlərinə görə, səfərə dəvət alanların təxminən yarısı 60 yaşlarının üstündə, 40 faizi 40-50 yaşlarında, yalnız qalan 10 faizi 40-dan aşağı yaşlarda idi.

“Baxın, məsələ belədir ki, mən heç vaxt Ağdamda olmadığım üçün, istənilən halda ora getməyi arzulayırdım. Amma hakimiyyət mənim əvəzimə 30 yaşlı gənc bir jurnalisti dəvət etmiş olsaydı, mən bundan yalnız məmnun qalardım. Hakimiyyət anlamalıdır ki, bütün dövrlərdə alimlər elə-belə hesablamayıblar ki, 60 yaşını keçənlər artıq təqaüdə getməlidirlər. Mənim bu cəmiyyətə verəcəyim fayda 30 yaşlı odlu-alovlu gəncin verəcəyi fayda qədər ola bilməz. Hardasa oturub məsləhət vermək, təcrübə bölüşmək olar, amma bu cür operativ iş üçün 60 yaşlı adamın jurnalist kimi verəcəyi fayda minimumdur. Ömrü boyu Əli Həsənova daraşmış həmin qoca qurdların hesabına orada olan gənclər Hikmət Hacıyevə yanaşmağa cürət etmədilər. Səfər zamanı Bir neçə gənc jurnalistlə söhbət etdim, düşüncələrini dinlədim və gördüm ki, bu baş verənləri dünyaya çatdırmağın nə qədər faydalı yollarını bilirlər. Bu səbədən, hesab edirəm ki, daha çox gənc nəslin səfərdə iştirakı vacib idi. Ağdama gedənlərin əksəriyəti Hikmət Hacıyevlə şəkil çəkdirməyə, orada selfi eləyə getmişdilər. Gənclər isə tam əksinə, şəkil çəkdirmək üçün yox, doğrudan da işləmək üçün orada idilər”, deyə hüquqşünas əlavə edib.

Qeyd: Prezident Administrasiyasının təşkilatçılığı ilə yerli media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar martın 13-də işğaldan azad olunmuş Ağdam rayonunda səfərdə olublar. Onları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Nəzrin

araz.az xəbər portalı.