20210315 190855 641x530

Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı müzakirəyə çıxarılacaq.

Deputatlar hökumətin ötənilki fəaliyyəti ilə bağlı hansı təklif və iradlar səsləndirəcəklər?

araz.az  bildirir ki, Modern.a-ın əməkdaşı bu sualla millət vəkillərinə müraciət edib.

Fazil Mustafa Nazirlər Kabinetinin hesabatında tənqidə açıq məqamların da olduğunu vurğulayıb:

“İclasda çıxışım zamanı xüsusilə pandemiya dövründə işsiz əhalinin müavinəti məsələsini qabardacağam. Çünki yetərincə insan bu müavinəti almaq imkanından məhrumdur. Pay torpağı adı ilə işsizlik statusu olmadığına görə müavinət ala bilmirlər.

Milli Məclisdə hökumətin hesabatı zamanı qaldıracağım məqamlardan biri də mədəniyyət abidələri ilə bağlıdır. Azərbaycanın bir çox ərazilərində mədəniyyət evləri fəaliyyət göstərmir. Bunu diqqətdə saxlamaq vacibdir.

Bununla bərabər özəlləşdirmə, sahibkarların problemləri və s. ilə bağlı məsələlər üçün də təkliflərə ehtiyac var. Hökumətin hesabatı ilə tanış olmuşam. Orada bir sıra müsbət və mənfi məqamları çıxışımda qeyd edəcəyəm”.

Hökumətin hesabatı ilə yaxından tanış olduğunu deyən Fəzail Ağamalının da təklif və iradları var:

“Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı kifayət qədər mükəmməl sənəddir. Fikir və təkliflərimi sabah Milli Məclisə təqdim edəcəyəm. Ümidvaram ki, digər millət vəkilləri kimi mənim də təkliflərimə diqqətlə yanaşılacaq.

Çıxışımda 2018-ci ildən başlayan islahatların məntiqinə söykənərək, 2020-ci ildə hökumətin fəaliyyətinə münasibətimi ifadə edəcəyəm. Təbii ki, burada çox üstün məqamlar var. Bunu hökmən lakonik də olsa demək lazımdır. Digər çatışmayan cəhətlər üzərində də dayanacağam. Ölkə prezidenti 2018-ci ildən Azərbaycanı yeni inkişaf səviyyəsinə çıxaran islahatlara start verib. Bu islahatların məntiqinə söykənən uğurlarımız önə çəkilməli, uğurlara mane olan məqamlar dilə gətirilməlidir”.

 

 

araz.az

araz.az xəbər portalı.