Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
__________________________________________________________________
Qapının zəngi çalındı. Açdım ki, Faizə anadır. Qızı qonşumuzdur. Özü ilə də tanışlığımız var, necə deyərlər, qaynayıb-qarışmışıq. Hər dəfə qızıgilə gələndə söhbətləşirik. Ağdamdandır. Biləndə ki, Ağdama gedəcəm, tez özünü çatdırmışdı.
Söhbətə başlayar-başlamaz əlindəki kəlağayı parçasını mənə uzatdı. Təəccübləndiyimi görcək bildirdi ki, arasındakı gül toxumudur. Dərhal da Ağdamdakı evinin yerini başa salmağa keçdi – məscidin yanındakı küçə ilə get, üçüncü döngədən sağa burulanda ikinci darvaza. Faizə xala gülü darvazadan içəri girən kimi su krantının yanında əkməyimi istədi.
Bir anlıq Ağdamın indiki halını təsəvvürümə gətirdim. Gözümün önünə şəhərin işğaldan sonra yayılmış görüntüləri gəldi. Duruxub qaldım. Düşündüm ki, qarşımda dayanan nur üzlü ağbirçəyin xahişini necə yerinə yetirəcəm?
Görünür, vəziyyətimi oxudu və qəfildən sanki məni çətinlikdən çıxarırmış kimi dilləndi – bilirəm, mən də televizorda görmüşəm, dığalar Ağdamı viran qoyublar, amma deyirəm bəlkə evimdən, həyət-bacamdan nə isə qalıb, ona görə bu gül toxumunu sənə verirəm. Bunu da götür, birdən demək olmaz, – deyən Faizə xala qəhvəyi rəngini hələ də itirməyən kəndirə bağlı açarı da ovucuma qoydu. 28 il əvvəl qapısını bağladığı evinin açarını.
Beləcə Ağdam yolçuluğum müddətində bir neçə dəfə məni yaxalayan qəhər ilk dəfə yola heç düşməzdən əvvəl yaxaladı, kövrəldim. Elə Faizə xalanın da gözləri doldu. Bunu göstərməmək üçün dərhal uğurlu yol arzulayıb qapıdan içəri girmədən sağollaşdı.
Faizə oğlunun ikisini də şəhid vermiş anadır. Görün, müharibənin övladlarına qıydığı nə qədər analar var. Ağdamda lap çoxdur. Birinci Qarabağ Müharibəsi dönəmində altı minə yaxın şəhid vermiş müqəddəs diyarımızdır Ağdam. Görünür həm də buna görədir ki, Ulu öndər Heydər Əliyev çıxışlarının birində ağdamlıların qarşısında baş əydiyini böyük yanğı hissi ilə dilə gətirmişdi. Ağdama Baş Qərvənd yolu ilə girər-girməz bütün bunları düşündüm və rayonun işğalını doğuran proseslər gözümün önündə sanki kino lenti kimi canlandı…
Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevin rəhbərliyi ilə media və qeyri-hökumət təşkilatları nümayəndələrinin Ağdama səfəri onun iştirakçısı olan hər kəsdə geniş təəssürat zənginliyi yaratdı. Hamı ermənilərin Faizə xalanın təbirincə desəm, viran qoyduğu Ağdamı gördü. Düşmənlər 30 ilə yaxın müddətdə burada ancaq torpağı qazmaqla, kələklər qurmaqla məşğul olublar. Vətənizimin 20 faizini işğal etmələri bir yana sanki torpağın özündən qisas alırlarmış kimi davranıblar. Dəhşətdir həqiqətən. Dəhşəti xarakterizə edən nə qədər desəniz fakt var. İstehkamlardan, səngərlərdən tutmuş hələ də yerin altında qalan partlamamış minalaradək, daha nələr-nələr. Yalnız onu deyə bilərəm ki, Ağdamın indiki durumu işğal tariximizin ən böyük dərsidir. Bu dərsi tam şəkildə mənimsəməli, qüsursuz öyrənməliyik. Bu dərsdən ciddi nəticə çıxarmalıyıq ki, bir daha torpaq itirmək acısını dadmayaq.
Torpaqdan söz düşmüşkən, oyanmaqda olan, münbit, bir qarış da çatı olmayan, əbədi sakinlərinin ilıq nəfəsinə, sevgi ilə basılan ayaq səslərinə həsrət Ağdam torpağına baxıram. Görəsən, bizi bağışlayırmı, – deyə düşünürəm. Axı Ağdam sıradan bir yer deyildi. Hər daşı, hər qayası, hər abidəsi soyqırıma məruz qalmış şəhər bir vaxtlar qaynayırdı, sabaha bəslənilən böyük ümüdlərlə çoşub-daşırdı. Ağdam sənət dünyasından tutmuş sıravi sakininədək kolorit idi. Bu rəngarəngliyə buradan yazda ta Ağdərə yüksəklərinə qədər yol boyu göz oxşayan lalələr xüsusi ovqat gətirirdi. Elə bu an Faizə xalanı xatırlayıram. Cümə məscidinin kənarlarına baxıram. Gözüm onun dediyi ünvandan heç olmasa, bir nişanə axtarır, amma tapmır. Nəhayət, həmkarım Şakir Ağayevlə qərara alırıq ki, Faizə ananın gül toxumunu Cümə məscidinin düz yanındaca əkək. Elə də edirik.
Artıq əkdiyim bu toxum mənim üçün Ağdama qayıdışımızın rəmzidir. Heç şübhəsiz, hər bir ağdamlı üçün belə rəmzlər var və bu rəmzlər bizi Ağdamımızın əvvəlki əzəmətinə, əvvəlki həyat qaynarlığına qovuşduracaqdır. İnşallah o günlər də uzaqda deyil. Və çox arzu edirəm ki, o günlərin birində mən əlimdə gül Faizə ananın Ağdamdakı qapısının zəngini çalım.
araz.az
araz.az xəbər portalı.