“Çoxları bu gün ölkənin qarışmasında maraqlıdırlar ki, öz çirkin əməllərini davam etdirsinlər və bunu da uğurla həyata keçirirlər. Hakimiyyət təmsilçiləri isə ya bunu görüb susur, yaxud da ki, baş verənlərdən xəbərləri yoxdur”.
Pravda.az-ın xəbərinə görə bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov bildirib ki, bu gün minlərlə sahibkarın on minlərlə insan dolandırdığı Sədərək bazarında və buna oxşar yerlərdə baş verənlər çox ciddi məsələdir və hakimiyyət təmsilçiləri yazdıqlarımı araşdırmalıdırlar: “Epidemiya başlayan kimi bazar bağlanıb və 2020-ci il martın 15-ə kimi bütün sahibkarlar icarə haqqını ödəyiblər. Keçən ilin iyun ayında 20 günlük açılıb və yenidən bağlanlıb. Həmin günlər bazara giriş saat 14.00-a qədər olsa da hamıya bütün gün icarə haqqı hesablanıb. Mən hələ həmin günlər faktiki olaraq insanların gəlmədiyindən işin olmadığını demirəm. Bazar yenidən 15 noyabrdan 15 dekabra kimi açılıb və yenə də bütün günlər üçün icarə haqqı tam həcmdə tələb olunub. Bu il fevralın 1-dən bazar yenidən açılsa da yenə faktiki olaraq heç bir fəaliyyət olmayıb. Buna baxmayaraq bu gün də hamıdan tam həcmdə icarə haqqı tələb olunur. Bəzi sahibkarlar işin olmayacağını bildiyindən mağazalarını açmayıblar. Belələrinin hər birinə Əsgər adlı şəxs zəng edib bildirib ki, mağaza açılmasa da icarə haqqı tələb olunacaq. Heç bir qazancları olmasa da bəzi sahibkarlar qismən icarə haqqı ödəyiblər. Buna görə də başqalarına da hər gün zəng edib icarə haqqı tələb edirlər. İndi onsuz da işsiz, qazancsız qalan sahibkarların baş verənlərdən sonra hakimiyyətə münasibətini təsəvvür edin. Bu gün ölkə içində və xaricində ictimai həyatı qarışdırmaq və Dövləti Qarabağ probleminin həllində daha “üzüyola” etmək istəyənlər çoxdur. Bir tərəfdən də kimlərsə yüz milyonlarla kifayətlənməyib qazanclarını daha da artırmaq istəyirlər. Belələrinə pandemiya dövrü əziyyət çəkən kiçik sahibkarları demirəm, heç olmasa Dövləti düşünmələrini kimsə izah etməlidir”.
araz.az
araz.az xəbər portalı.