Abbas-abbas.jpg

Azərbaycan hakimiyyətinə qarşı başlayan söyüş kampaniyası səngimək bilmir. Avropadan ölkəmizə, ölkəmizdən Avropaya yağdırılan təhqirlərin bu gedişlə dayanacağı belə, şübhə doğurur. Zira qarşılıqlı söyüş yarışı bir-birini qidalandıracaq mahiyyətdədir və eyni mexanizmin müxtəlif tərkib hissəsi təsirini bağışlayır. Avropadan yağdırılan söyüşlərə yerli təhqir ustadlarının anında cavab verməsi əks tərəfi qızışdırır və söyülən yenə ölkə başçısı olur.

Azərbaycan hakimiyyətinin uzun illərdən bəri xalq üzərində qurduğu legitimlik xofunu dağıtmağa hesablanmış kampaniyanın arxasında kimin dayandığı barədə mülahizələr də ölkə mətbuatında dolaşan əsas mövzulardandır. Bəzi mülahizələrə görə, kampaniyanı hakimiyyətdəki ruspərəst qüvvələr təşkil edib. Məqsəd son prezident seçkilərindən sonra İlham Əliyevin başladacağı güman olunan rusqafalıları təmizləmə əməliyyatının qarşısını almaq, əks halda ona nəzarətdən çıxmış ölkə “hədiyyə” etməkdir.

Maraqlıdır ki, digər mülahizədə də söyüş kampaniyasının mərkəzində Moskvanın dayandığı etiraf olunur, amma təşkilatçının adı fərqli göstərilir. Xüsusilə son zamanlar ortaya atılan bu mülahizəyə görə, prosesi idarə edən Azərbaycan Baş nazirinin sabiq müavini Abbas Abbasovdur. Onun bu kampaniyaya son ümid yeri kimi baxdığı iddia olunur.

Çox dilə gətirilməsə də, kampaniyanın Qərb ölkələri tərəfindən idarə olunduğunu, Qara dəniz-Xəzər hövzəsinin Rusiyanın təsir dairəsindən çıxarılmağa çalışıldığını da güman edənlər var.

Bəs, bu mülahizələrin hansı daha çox ağla batandır?

Açığını desək, irəli sürülən versiyalar arasında ən az ağla batanı onun arxasında Abbas Abbasovun dayanması ilə bağlı irəli sürülən fikirlərdir. Ona görə ki, mülahizəni irəli sürənlər zəhmət çəkib ortaya çıxan bəzi sualları cavablandırmalıdırlar: Bu kampaniya ilə Abbas Abbasov nəyə nail olmaq istəyir? Sabiq Baş nazir müavininin bu metodlarla hakimiyyətə təsir göstərmək imkanları nə qədərdir?

Sirr deyil ki, vurulduqdan sonra bütün iqtisadi gücünü Rusiyaya köçürən Abbas Abbasovun Azərbaycanda elə bir iddiası qalmayıb. Onun Azərbaycan prezidentinə təsir göstərib nəyinisə qorumaq məqsədləri də yoxdur. Hətta bir zamanlar deputat olan oğlu Aydın Abbasov da artıq Azərbaycanda deyil və Türkiyəyə köçüb. Necə ki, Aydın Abbasovun özü bir müddət əvvəl mətbuata verdiyi müsahibəsində Azərbaycana səfərlərinin sadəcə turistik xarakter daşıdığını etiraf edərək deyirdi: “19 yaşında bir övladım var. Hazırda onun təhsili ilə məşğul oluram. Maşallah, bizim ailə böyükdür. Qardaşlarım xaricdə yaşayır. Onların da uşaqları var. Azərbaycana gələndə onları Gəncəyə, Xoşbulağa və digər gözəl məkanlara aparıram. İstəyirəm ki, vətəni görüb yaxşı tanısınlar, daha çox sevsinlər. Əsillərinin Azərbaycandan olduğunu unutmasınlar”.

Ailəsindən heç kimi, hansısa iqtisadi müəssisəsi Azərbaycanda qalmayan bir insanın ölkə rəhbəri ilə bölüşə bilmədiyi nəyi ola bilər?

Deyə bilərsiniz ki, Rusiya Azərbaycanda dövlət çevrilişi həyata keçirmək və ya hakimiyyətə təzyiq göstərmək istəyirsə, özünə sığınan istənilən insanın imkanından faydalanması mümkündür. Bu, Abbas Abbasov da ola bilər, Milyarderlər İttifaqının digər üzvləri – Araz Ağalarov da, Vahid Ələkbərov da. Etiraf edək ki, bu arqumentdə həqiqət payı az deyil. Amma bu zaman da başqa sual ortaya çıxır: Abbas Abbasovun Rusiyanın bu niyyətini reallaşdırmaq imkanları nə qədərdir?

Maraqlıdır ki, bu suala həmin iddianı irəli sürənlərin özləri yetərincə məntiqli cavab verirlər. Abbas Abbasovun Azərbaycanda təxribat törətmək istədiyinin artıq xüsusi xidmət orqanları tərəfindən də ortaya çıxarıldığını iddia edən, amma iddiasını heç bir faktla əsaslandırmayan Azərbaycanın “baş strateqi” Qabil Hüseynli bu gün “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamada deyir: “Onun (Abbas Abbasovun – H. O.) Azərbaycanda qarışıqlıq törətmək potensialında olduğu qənaətində deyiləm. Əksinə, Azərbaycan dövlətinin onu susdurmaq üçün əlində kifayət qədər imkanlar var. Bu imkanlardan hökumət istifadə etsə, Abbas Abbasovun səsi birdəfəlik batar”.

Bax, bu yerdə deyirlər, məntiqinizə quzu kəsim, cənab “baş strateq”! Bir adamın ki Azərbaycanda qarışıqlıq törətmək potensialı yoxdur, “söyüş kampaniyası”nın arxasında məhz onun dayandığını neçə düşünə bilirsiniz?

Qabil Hüseynli həmin açıqlamasında Abbas Abbasovun vəzifədə olduğu müdədətdə də hakimiyyət dairlərində güclü nüfuzunun olmadığını, indi isə onun köhnə həmkarlarının 90%-nin dəyişildiyini də gizlətmir və yeganə gücünün “söyüş müxalifəti” ilə bağlı olduğunu bildirir. Bir sözlə, irəli sürdüyü bütün arqumentlərlə öz iddialarını çürüdür.

Digər mülahizələrə gəlincə, “söyüş kampaniyası”nın arxasında Qərb ölkələrinin durması qismən inandırıcı görünsə də, bu versiya da bir çox suallardan münəzzeh deyil. Məsələn, Qərb ölkələri İlham Əliyevə söyüş ritorikası ilə niyə təsir göstərməlidir? Axı Qərbin əlində Azərbaycana qarşı kifayət qədər təzyiq vasitəsi var. Qazımızı, neftimizi onlar alırlar, Azərbaycanın iri məmurlarının bütün sərvətləri Avropa ölkələrinə və ofşor hesablarına yatırılıb. Bu hesablara əl qoyulsa və onsuz da artıq əhəmiyyətini itirən təbii sərvətlərimizi almasalar, Azərbaycanı bir anın içində Suriyadan da, Liviyadan da ağır vəziyyətə sala bilərlər.

Üstəlik, son zamanlar Azərbaycan iqtidarının apardığı kadr islahatları və seçkidən sonra bu dəyişikliklərin daha geniş vüsət alması barədə mediaya sızdırılan məlumatlar rəsmi Bakının tamamilə Qərbə meyllənməsini göstərir. Ehtimallara görə, ölkə başçısı prezident seçildikdən sonra öz ətrafını sarmış rusqafalı komandanı istirahətə göndərəcək və yeni qüvvələrlə yoluna davam edəcək. Yeni hakimiyyəti dövründə prezidentin ən yaxın köməkçisi isə I vitse-prezident Mehriban xanım və onun komandası olacaq.

Rusiyanın ölkəmizdəki əsas dayaq nöqtələrinin bir-bir sıradan çıxarılıb yerinə Qərbdə təhsil alan gənclərin gətirilməsi, sözsüz ki, Avropanı əndişələndirməməlidir. Bu siyasətdən yeganə əndişələnəcək qüvvə isə, zənnimizcə, Rusiya ola bilər. Moskva kresloda qocaltdığı, Azərbaycanın bütün sərvətlərini həvalə etdiyi keçmiş kolxoz, sovxoz sədrlərinə bənzəyən köhnə qvardiyanın vurulmasını, əlbəttə, istəməz. “Söyüş kampaniyası” bu mənada ən çox ona sərf edir. Bununla da, Azərbaycan siyasi iradəsini kadr islahatlarına getməkdən yayındırmağa çalışır, əks halda onu söyüş kampaniyasıyla qəzəbə gəlmiş xalq faktoru ilə üz-üzə qoymaq istəyir.

“Söyüş kampaniyası”nda qızışdırıcı rol oynayan və bu xarakreriylə eyni mexanizmin alternativ tərəfi kimi çıxış edənlərin hakimiyyətdəki müəyyən qüvvələrə bağlılığı və prosesin mərkəzləşdirilmiş şəkildə sürdürülməsi də bu ehtimalı qüvvətləndirir.

Zənnimizcə, hakimiyyətdəki müəyyən qüvvələrin Abbas Abbasovu hədəfə götürməsinin başlıca səbəbi də elə budur: həmin qüvvələr Azərbaycan siyasi iradəsindən söyüş kampaniyasının hardan idarə olunduğunu gizlədə bilmədiklərindən iz azdırmağa, bütün məsuliyyəti daha zəif bir rusqafalının adına yazmağa çalışırlar. Bir növ həm Rusiyaya, həm də Azərbaycandakı rusqafalılara “günah keçisi” lazımdır və bu kriteriyalara ən uyğun şəxs isə son zamanlar hədəf halına gətirilən Abbas Abbasovdur.

“Hürriyyət”

araz.az xəbər portalı.