Ətraf mühit və onun mühafizə olunması, eyni zamanda bu sahədə əmələ gələn problemlərin həlli hər zaman aktuallığı ilə diqqəti cəlb edib. Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyəti dövlət qurumları tərəfindən yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elm olmaqla bərabər, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmanın qanunauyğunluqlarını, оnların əlaqəsini və dialеktikasını izahlı şəkildə öyrədən elmdir.
Bir sözlə, müasir bəşəriyyətin varlığını ekologiyasız təsəvvür etmək heç cür mümkün deyil. Belə ki, yazmağı, oxumağı, saymağı bilmədən, hətta bir çox yaşayış hallarını dərk etmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən yaşamaq, bir o qədər də çətin məsələdir. Bütün bunlara baxmayaraq, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi strukturunda vəzifə sahibi olan elə şəxslər var ki, onlar ekologiyamızın bu yöndə əhəmiyyətinə məhəl qoymurlar, açıq-aşkar şəkildə bu sahəyə “qənim kəsilirlər”, yeri gəldikdə şəxsi maraqlarının həlli yöndə “minbir hoqqalar”dan çıxıb hər cür qanunsuzluq əməllərinə qol qoyurlar. Bənzəri olmayan qanunsuzluqlara qol qoyan vəzifə sahiblərindən biri də, Yevlax Şəhər Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsinin rəhbərliyidir. Adicə bir faktı qeyd edək ki, Qoca Səmədov Yevlax şəhər İcra Hakimiyyətinin başçısı olduğu illər ərzində, dövlət qayğısı olaraq 133 nəfər işsiz vətəndaş bu qurumda ictimai işlərə cəlb olunurlar. Bu müəssisənin müdiri rayon rəhbərliyi ilə əlbir olur və daha çox qazanc əldə etmək məqsədilə, dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqlarının müəyyən hissəsini mənimsəməyi də bacarır. Düzdür, bu yöndə atılan addımlarla bağlı müvafiq tədbirlər görüldü və hər kəs də bunun canlı şahidi oldu. Təəssüflər olsun ki, yenə də bu müəssisədə oxşar addımlar atılır, yəni büdcə pullarının fərqli formada mənimsənilməsi həyata keçirilir.
Məsələn, redaksiya əməkdaşımızın əldə etdiyi məlumatlara görə, ötən ilin avqust ayında ölkə rəhbəri cənab İlham Əliyevin Yevlax şəhərinə nəzərdə tutulan, amma müəyyən səbəblər üzündən baş tutmayan səfər proqramından əvvəl, Yevlax Şəhər Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsi tərəfindən şəhərin mərkəzi küçələrinin bir çox hissələrinə minlərlə müxtəlif növ ağaclar əkilir və lazımi yaşıllaşdırma işləri həyata keçirilir. Yəni, bu kimi işlərin görülməsi üçün büdcədən külli miqdarda vəsaitlər xərclənir. Təəssüf doğuran hal o olur ki, yaşıllaşdırma işləri həyata keçirilməzdən öncə bioloqlar müəyyən araşdırma işləri aparmırlar və həmin ağacların Yevlax şəhəri ərazilərində bitib-bitməyəcəyini müəyyən etmirlər. Cənab Prezidentin rəsmi səfərinin baş tutmasından bir qədər vaxt keçdikdən sonra isə, məhz şəhərin ərazilərinə əkilmiş ağacların çoxları qurumağa başlayır. Düşündürücü hal odur ki, Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsinin rəhbərliyi real mənzərəni görüb sussa da, bəzi aktiv sakinlər xoşagəlməz mənzərə ilə heç cür barışmırlar və onlar qurumuş ağacların çıxarılıb yeniləri ilə əvəz olunması üçün, məhz aidiyyatı dövlət qurumlarına şikayətlərini ünvanlayırlar. Bəli, çox keçmir ki, bu yöndə müəyyən addımlar atılır və yenidən büdcə pullarına “əl qoymaq” lazım gəlir. Yəni, qurumuş ağaclar çıxarılır və onların yerinə yeni ağaclar əkilir. Bütün bunlar da, bir daha əlavə israfçılığa, əlavə büdcə pullarının mənimsənilməsinə yollar açır.
Mövzunu diqqətdə saxlayacağıq.
araz.az xəbər portalı.