AZAL xaricə səfər edənlər üçün əksər dövlət xəstəxanalarının COVID-19 təyini ilə bağlı PCR testlərin nəticələrini tanımır.
araz.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bununla bağlı jurnalist Rəsul Mirhəşimli sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, dövlət poliklinikalarında həmin test üçün məbləğ özəl klinikalardan 2 dəfəyə qədər ucuz olsa da, “Azərbaycan Hava Yolları” QSC yalnız məhdud çərçivədə dövlət poliklinikasının nəticələrini qəbul edir. Üstəgəl, səfər ərəfəsi bayram və ya istirahət günlərinə düşərsə, həmin dövlət poliklinikaları da işləmir, nəticədə vətəndaşların yükü bir az da artır:
“Martın 10-da Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bir qrup jurnalist Türkiyəyə səfərə dəvət olunmuşdu. Biletləri göndərdikdən sonra COVID-19 testindən keçmək üçün tibb müəssisələrinin axtarışına başladıq. TƏBİB-in müəyyən etdiyi siyahı üzrə axtarış etdik ki, aeroportda əlavə problem yaşamayaq. İlk rastlaşdığımız qəribəlik Azərbaycandan xaricə gedərkən verilən testlərin nəticələrinin 48 saat, Türkiyədən dönərkən isə 72 saat etibarlı olması idi.
Martın 8-i iş günü olmadığı üçün dövlət tibb müəssisələri işləmirdi. Martın 9-da poliklinikada test versəydik, PCR testlərin nəticələrini ən tezi 24 saatdan sonra ala bilərdik. Qeyd edim ki, Səbail rayonundakı 1 saylı poliklinika TƏBİB-in xaricə səyahət üçün test edə bilən obyektlər siyahısında göstərilsə də, AZAL bu testlərdə QR kodu olmadığını əsas gətirərək nəticələri qəbul etmir. Yaşadığım yerə yaxın olduğundan Sumqayıtda PCR testi vermək istədim. Sumqayıtdakı Təcili Tibbi Yardım xəstəxanasının test nəticələrinin qəbul edilmədiyini bildirib, mənə özəl klinikalara getməyi məsləhət etdilər”.
Jurnalist qeyd edib ki, xaricə səyahət edənlərin qiyməti bilməsində fayda var. Belə ki, dövlət xəstəxanalarında PSR testinin qiyməti 40 manatdır. Özəl klinikalarda isə bu qiymət 70-110 manat arasında dəyişir. Sumqayıtda müraciət olunan özəl klinikaların bəziləri əvvəllər PCR testi etsələr də, sonradan onların səlahiyyətlərinin alındığını bildiriblər: “Nəhayət Sumqayıtdakı Ailə Sağlamlıq Mərkəzinə getdim. Bir müddət əvvəl burada PCR testinin qiyməti 65 manat olub. Mənə isə qiymətin 95 manat olduğunu bildirdilər. Plan açıq-aşkar ortadadır. 40 manata PCR testi edən poliklinikaların çoxunun nəticələrini AZAL qəbul etmədiyi üçün vətəndaşlar özəl klinikalarda test etdirməyə məcbur olur. Nəhayət uzun axtarışdan sonra Tusi adına Klinikada 70 manat ödəyib, test verdik”.
R. Mirhəşimli həmçinin qeyd edib ki, Bakıdan İstanbula uçarkən Türk Hava Yolları COVID-19-la bağlı sorğu keçirir. Lakin İstanbul Yeni Hava Limanına enərkən bu sorğuda iştirak edib-etmədikləri ilə maraqlanan olmayıb: “Çünki təqdim etdiyimiz test nəticələri vətəndaşların yaşadığı ölkədən çıxışına icazə verirsə, sorğu əhəmiyyət kəsb etmir. Bakıya dönərkən eyni sorğunu TƏBİB keçirir. Suallar barədə danışmağa dəyməz, çünki sərnişinləri narahat edə biləcək heç bir sual yoxdur. Bu sorğuya imza atmış sərnişini istədikləri kimi 14 gün ərzində karantində saxlaya bilərlər, çünki sorğuya imza atan hər bir sərnişin bu öhdəliyi üzərinə götürmüş olur”.
araz.az
araz.az xəbər portalı.