WhatsApp Image 2021 03 17 at 19.04.21

  Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Qasımovun olduqca ağır, bağışlanmaz, qanqaraldıcı korrupsiya əməllərinin təsdiqi olaraq, rayon sakinləri Hüseyn Yadigar oğlu Həsənov, Gəray Sədi oğlu Azadov, Bəhruz Tofiq oğlu Məmmədov, Azər Niftalı oğlu Nağıyev… tərəfindən ölkə başçısına, aidiyyatı dövlət qurumlarının rəhbər şəxslərinə, ona yaxın nüfuzlu media orqanının, həmçinin əməkdaşı olduğum araz.az xəbər portalının redaksiyalarına ünvanlanan şikayət xarakterli Müraciətdə qanqaraldıcı saysız-hesabsız faktlar ortaya qoyulur. Müraciət müəllifləri xüsusi olaraq onu vurğulayırlar ki, Famil Qasımov rəhbəri olduğu bu dövlət qurumunu əsl bazara çevirib. Bu şöbədə baş alıb gedən və qanun çərçivəsinə sığmayan neqativ halların varlığının xoşagəlməz nəticəsidir ki, dövlətimizin Vətən Müharibəsində düşmən üzərində rəşadətli, inamlı qələbə qazanan Milli Ordusunun fəaliyyət salnaməsi, hələ də xoşagəlməzliklərdən xilas ola bilmir və nüfuzuna ziyan dəyməsi günü bu günədək davam edir.
Bəli, bu yöndən olan ciddi iddia və ittihamlar göyçaylılar tərəfindən araz.az-a göndərilən həmin Müraciətin əsas mövzusudur. Şikayət müəllifləri belə yazırlar: “Hərbi xidmətə yararsız hesab edilən çağırışçılar üç ildən bir təkrar tibbi müayinədən keçən zaman 300 manat ödəyirdilərsə, indi, Famil Qasımov bu məbləği 500 manata qaldırıb. Bunu, o, onunla əsaslandırır ki, guya, qiymətin belə qaldırılması “yuxarılar”dan tələb edilir. Rəisin şəxsən özünün köməkliyi ilə, deyilən məbləği ödəyən neçə-neçə sağlam, hərbi xidmətə tam yararlı çağırışçı saxta üsullarla hərbi xidmətə yararsız hesab olunurlar. 
Göyçay rayonunda yoxlamalardan bu yollarla hərbi xidmətə yararsız çıxarılanlar arasında elə sağlam çağırışçılar var ki, onlar, uzun müddət ölkədən xaricdə olsalar da, sənədləri tibbi müayinədən keçirilib. Bir sözlə, tibbi komissiya həmin şəxslər barəsində də, saxta yollarla qanunsuz rəylər verməkdən çəkinməyib. Ölkədən kənarda olanların tibbi komissiyadan keçirilmələri üçünsə, Famil Qasımov onların hər birindən 2000 manat rüşvət alır. Deyilənlərin təsdiqi üçün, yaxşı olar ki, ölkədən kənarda olan, amma saxta yollarla tibbi komissiyadan keçirilən həmin şəxslərin sənədləri tezliklə yoxlanılsın. Zərurət var ki, 5 il ərzində tibbi komisiyadan keçirilərək, hərbi xidmətə yararsız hesab edilən bütün göyçaylı cavanların sənədləri yoxlama qarşısına çıxarılsın. Əgər, bu yöndən baş tuta biləcək yoxlamalar obyektiv aparılarsa, onda, bu barədə bizim ortaya çıxardığımız bütün faktların dəqiqliyi öz təsdiqini tapar. Ümumiyyətlə, Famil Qasımov belə cinayətləri tibbi komissiya tərkibində olan həkimlərlə əlbir olaraq törədib. Sağlam şəxsin hərbi xidmətə yararsız hesab edilməsinin qiymətini isə, Vətən Müharibəsindən dərhal sonra, 8000 manata qaldırıb. Səbəbini də belə izah edir: “Müharibə şəraitindəyik!”.
Komissar, hətta öz qohum-tanışlarını da, saxta yolla hərbi xidmətdən yayındıra bilir. Həmin şəxslərin təkrar tibbi müayinədən keçirilməsi isə, məhz onun özünün təşkilatçılığı ilə həyata keçirilir. Elə, həmin şəxslərdən biri də, hərbi komissarın yaxın qohumu, şübhəli təhsil və saxta diplom sahibi olan Göyçay şəhər sakini Adil Qadir oğlu Dadaşovdur. Olduqca sağlam görünsə də, hərbi xidmətə tam yararlı olsa da, komissar qohumunun hərtərəfli köməkliyi sayəsində, digər qohumları kimi, o da, saxta həkim rəyi ilə, hərbi xidmətə tam yararsız çıxarılıb.
Əgər, Adil Dadaşovun özü, paytaxt Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaların birində, müasir tibbi aparatlar vasitəsi ilə müayinədən keçirilsə, o halda, hərbi xidmətə yararsız olması ilə bağlı, onun yoxlama sənədlərinə qeyd edilən xəstəlik növünün də, bədənində mövcud olmaması təsdiqini tapacaq. Bunu tam əminliklə deyirik!
Əslində, bütün bunlar ağır cinayət əməlləridir ki, həkim komissiyası komissar Famil Qasımovla əlbir olaraq, həyata keçiriblər. Yeri gəlmişkən, onu da qeyd edək ki, hazırda Adil Dadaşovun təkrar tibbi müayindən keçməsinin vaxtı çatıb. Bəli, zərurət var ki, hərbi xidmətə tam yaralı olan bu şəxs Bakıdakı ixtisaslaşdırılmış xəstəxanaların birində, müasir aparatlarda müayinədən keçirilsin. Elə, keçiriləcək həmin yoxlamadan dərhal sonra məlum olacaq ki, o, hərbi xidmətə tam yararlıdır və elə, yoxlamanın keçirildiyi həmin gündəcə, o, əsgərliyə göndərilər. Bunu da, tam əminliklə deyirik! Yəqin ki, bu zaman, Famil Qasımov qanunsuz yollarla yığdığı pullar hesabına, buna da imkan verməməyə çalışacaq. Lakin son vaxtların səs-küylü məmur həbsləri bizdə tam əminlik yaradır ki, bu həssas dönəmdə istədiyini etmək, ona, elə də asan başa gəlməyəcək!
Famil Qasımovun qanunsuz yollarla, rüşvət hesabına yığdığı külli miqdarda pullarından söhbət düşmüşkən, bu yerdə onu da qeyd etməyə zərurət yaranır ki, bu önəmli vəzifəsinin gücünə, o, paytaxt Bakıda 2 böyük villa, 8 qiymətli mənzil, 12 böyük ticarət obyekti və s. bu kimi daşınar-daşınmaz əmlaklara sahib ola bilib. Unutmaq olmaz ki, bu vəzifə sahibinin Azərbaycan Ordusuna vurduğu zərərin miqiyası da, ölçüyəgəlməzdir! 
İnanırıq və tam əminik ki, Ali Baş Komandan möhtərəm İlham Əliyev cənabları, böyük məsuliyyət tələb edən bu vəzifə başında ağır cinayətlər törətməkdən qorxub, çəkinməyən belə bir məmurun bağışlanmaz cinayət əməllərinin, barəsində ortaya çıxarılan korrupsiya faktlarının araşdırılması, bundan sonra barəsində qanun çərçivəsində tədbirlərin görülməsi üçün, aidiyyatı dövlət qurumlarına tezliklə öz ciddi tapşırıqlarını verəcək”.
Bu mövzu diqqətimizdə olduğu üçün, bu istiqamətdə araşdırmalarımız davam edəcək. Bizi izləyin!

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.