Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirdiyi üçün ömürlük həbs cəzası alan Vüqar Əliyev əfv edilib.
Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında onun da adı var.
Sərəncama əsasən, V.Əliyevin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Və cəzasının qalan hissəsini çəkməkdən azad edilib.
Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanov 2003-cü ildə namus üstündə öldürülüb. Belə ki, Şəmkir sakini Lamiyə Quliyeva Ruslan Aslanovun onu zorladığını nişanlısı Vüqar Əliyevə danışıb. V.Əliyev nişanlısı ilə birlikdə Ruslanı söhbətə çağırıb, onların arasında yaranan mübahisə zamanı Ruslanı bıçaqla vurub.
Bu iş üzrə Lamiyə Quliyeva və Vüqar Əliyev həbs olunublar. L.Quliyeva 10 il azadlıqdan məhrum edilib, o, 2015-ci ildə azadlığa çıxıb. V.Əliyev isə ömürlük həbsə məhkum edilmişdi. Yaxınları uzun illərdir şikayət edirdi ki, Aslan Aslanov imkanlarından istifadə edərək ona ömürlük həbs cəzası verilməsinə nail olub, habelə bütün nəsillərindən qisas alır.
Aslan ASLANOV, özü 2018-ci ildə ölüb.
araz.az
araz.az xəbər portalı.