news 20210323010108

“Müəllimlərin İşə Qəbulu üzrə müsabiqədə 55 bal toplayana, diaqnostik qiymətləndirmədə 10 bal toplayan şəxsin rəhbərlik etməsi ədalətli deyil”.

Bunu təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert hesab edir ki, təhsilin idarəetməsində iştirak edən şəxslərə ən sərt qaydalar, şərtlər tətbiq edilməlidir:

“1992-ci ildən bəri keçirilən test üsulunun nəticələrini təhlil edəndə görürük ki, təhsildə yuxarıya doğru qalxdıqca müsabiqə şərtləri aşağı düşür. Nümunələrə baxaq, ali məktəblərə qəbul olmaq üçün məktəb şagirdlərinə keçid balı qoyulur. Müəllimlərin işə qəbulunda Bakı şəhəri üzrə 48, bölgələr üzrə 36 bal keçid balı qoyulur, dövlət qulluğuna qəbulda 70, 75 və 80 bal belə keçid balı tətbiq edilir. Biz idarəetməyə ən yaxşılarını seçməliyik. Bəli, yaxşıların seçilməsi üçün keçirilən imtahan da bunlardan biridir”.

Kamran Əsədov qeyd edib ki, məktəb direktoru qanunvericilik bazasını bilsə, rəhbərlik etdiyi təhsil ocağını yaxşı idarə edəcək:

“Mənə maraqlı gələn həm də imtahan iştirakçılarının sayının az olmasıdır. Orta məktəbdə direktor olmaq üçün 5 il pedaqoji staj və elə pedaqoji ixtisas üzrə ali təhsil lazımdır. Amma Təhsil Nazirliyi direktor olmaq üçün pedaqoji ali təhsil tələbini pozmaqda davam edir. Kifayət qədər məktəb direktoru var ki, pedaqoji ali təhsilləri yoxdur. Mən indi başqa məsələni qeyd edirəm. Orta məktəblərdə 5 il stajı olmayan 30 min müəllim var. Deməli, bizim hazırda orta məktəblərdə ən azı 5 il pedaqoji stajı olan 120 min müəllim var. Bəs niyə onların yalnız 2 min nəfəri direktor vəzifəsinə namizəd olur? Deməli, onlar prosesin ədalətli, şəffaf, demokratik olacağına inanmırlar”.

 

 

araz.az 

araz.az xəbər portalı.