Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanovun Pravda.az-a müsahibəsi:
– Martın 18-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda diqqətinizi hansı məqam çəkdi?
– Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubda bir sıra vacib məqamlar var. Qeyd olunub ki, ABŞ iqtisadiyyatın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səyləri dəstəkləyir. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır. Xüsusi vurğulanıb ki, ABŞ administrasiyası təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaq. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalır. Bu, Prezident İlham Əliyevə münasibət, bölgədə yaradılmış yeni reallığa baxışdır. ABŞ yeni reallığı qəbul edir, Azərbaycanla tərəfdaşlıq etmək niyyətindədir.
– ABŞ Qarabağ məsələsində bundan sonra hansı rolu oynaya bilər?
– Bu, Baydenin məktubunda ümumi halda qeyd olunub. ABŞ kommunikasiyaların açılması, birgəyaşayışa hazırlıq üçün töhfəsini verməyə hazır olduğunu bildirib. Hər halda növbəti mərhələdə hansı addımların atılacağını görəcəyik.
– Co Bayden Rusiya prezidenti Vladimir Putin barəsində kəskin ifadələr işlədib. Artıq Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağı anons edilir. Bu gərginlik Azərbaycana da təsir edə bilərmi?
– Azərbaycan bir çox ölkələrlə tərəfdaşlıq edir. Vətən Müharibəsində də gördük ki, Azərbaycanın çoxlu sayda dostları var. Azərbaycan müstəqil siyasət yürüdən ölkədir, tərəfdaşlarını özü müəyən edir. Hansısa dövlətlər arasında olan fikir ayrılığı Azərbaycanın bu ölkələrlə olan münasibətinə kölgə sala bilməz. Təbii ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bölgəyə də təsirsiz ötüşməyə bilməz.
– SOCAR və “Qazprom Export” şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Bu, “Şimali Qafqaz – Zaqafqazya” qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün Azərbaycan ərazisi ilə davam etdirilməsinə imkan verəcək. Bunun Azərbaycana hər hansı faydası ola bilərmi?
– Azərbaycan qarşılıqlı əlaqələrin bərpasına, kommunikasiyaların açılmasına hazırdır. Prezident İlham Əliyev bu istiqamətdə bir neçə dəfə təşəbbüslə çıxış edib. SOCAR və “Qazprom Export” şirkətinin Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən nəqli üzrə imzaladığı qısamüddətli müqavilə göstərdi ki, biz qarşılıqlı əlaqələrin qurulmasının tərəfdarıyıq. Qaz nəqli Azərbaycanın təsir imkanına malik olması kimi qiymətləndirilməlidir. Prezidentin qeyd etdiyi kimi, sözümüz imzamız qədər təsirlidir. Bunu dünya ictimaiyyəti görməlidir.
– Bəzi siyasətçilər bu addımın yolverilməz olduğunu bildirirlər…
– Bu, yanlış yanaşmadır. Ermənistana verilən Azərbaycanın qazı deyil, biz, sadəcə, vasitəçiyik. Bu vasitəçilik Azərbaycan üçün yeni imkandır. Doğrudur, Ermənistanın daxilində müharibə ritorikasından çıxış edənlər var. Baxın, müharibə ritorikasından çıxış edənlərin əlləri vaxtilə azərbaycanlıların qanına batıb. Müharibə istəyənlər Köçəryan və Sərkisyan cütlüyünün tərəfdarlarıdır. Burada da məqsəd hakimiyyətə gəlməkdir. Ermənistan hələ uzun illər özünə gələ bilməyəcək, ölkə tənəzzül edir, xaotik vəziyyət yaranıb. Bu cütlük də vəziyyətdən istifadə edib hakimiyyəti ələ keçirməyə cəhd edirlər. Yaxşı bilirlər ki, 10 noyabr bəyanatının icra edilməməsi Ermənistan üçün bir intihardır. Azərbaycan kommunikasiyaların açılması üçün vacib olan bütün addımları atır.
– Sizcə, Ermənistan Azərbaycanın bu humanist addımını qiymətləndirəcəkmi?
– Daşnaksütyun Partiyasının nümayəndəsi bildirib ki, Azərbaycan üzərində gələn qaza ehtiyacları yoxdur. Təbii ki, belə qüvvələrin olması normaldır, müharibə dörd aydır bitib, yaraların sağalması üçün xeyli müddət lazımdır. Amma müşahidələr göstərir ki, erməni xalqı Köçəryan və Sərkisyan cütlüyünün əməllərindən boğaza yığılıblar. O cütlüyün ətrafında ciddi elektorat da yoxdur. Düşünürəm ki, erməni xalqının sağlam düşüncəli kəsimi Azərbaycanın qaz nəqli ilə bağlı razılığını müsbət qiymətləndirməyi bacaracaqlar.
– Məsələn, Xankəndini, Xocalını tərk edə bilərlərmi?
– Bu sualın cavabını Prezident İlham Əliyev fevralın 26-da xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında verib. Dövlət başçısı bildirdi ki, Xocalıya, Xankəndiyə və digər ərazilərə qayıdacağıq, buna kiminsə şübhəsi olmasın. O ərazilərdə vaxtilə Azərbaycan vətəndaşı olan ermənilər də yaşayacaqlar. Hərbi əməliyyatlar başa çatıb, artıq siyasi prosedurlar həyata keçirilir. Prezident İlham Əliyevin atdığı addımlar bizə qətiyyətlə deməyə əsas verir ki, Xankəndiyə də, Xocalıya da qayıdacağıq.
– Rusiya sülhməramlı kontingentinin hazırki fəaliyyətini necə qiymətləndirirsiniz?
– Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Bir məsələni qeyd edim, sülhməramlıların bölgəyə gəlişini normal qiymətləndirmək lazımdır, çünki 44 gün şiddətli döyüşlər gedib, hər iki tərəfdən itkilər və yaralılar var, bundan əlavə, 30 il müddətində xalqlar arasında düşmənçilik davam edib… Amma sülhməramlı qüvvələr tərəfindən ermənilərə yardımların çatdırılması qəbulolunmazdır. Əvvəllər narahatlıqlar daha çox idi. Artıq Monitorinq Mərkəzində qardaş Türkiyənin Silahlı Qüvvələrinin nümayəndələri də təmsil olunurlar.
– Ermənistan minalanmış ərazilərin xəritələrini niyə vermir?
– Ermənilərin minalanmış ərazilərin xəritələrini verməməsi bir çox dövlətlər tərəfindən pislənməkdədir. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar məsələyə ikili standartlarla yanaşırlar, sanki, belə hal baş verməyib. Ermənilərin bu əməli beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdır. İstənilən müharibə müqavilə ilə bitir, minalanmış ərazilərlə də bağlı qərar qəbul edilir, xəritələr təqdim olunur. Ermənistanın daxilindəki xaotik vəziyyət bu addımları atmağa imkan vermir. Çünki onlar məğlub olublar. Bu məğlubiyyəti də təkcə Ermənistanın baş naziri Nikol Paşinyanın ayağına yazmamalıyıq. Bu, həm də Köçəryan və Sərkisyanın 30 illik hakimiyyətinin məğlubiyyətidir. Amma daxildə ritorika ondan ibarətdir ki, müharibəni Paşinyan hakimiyyəti uduzub. O, hakimiyyəti qorumaq üçün anlaşmalarda müəyyən ləngitmələrə də yol verir. Düşünürəm, minalanmış ərazilərin xəritələrinin verilməməsinin səbəbi budur. Çünki Paşinyan hakimiyyətini itirə bilər. O, istəsə də, bəzi addımları ata bilmir.
– Tutaq ki, xəritələri təqdim etdilər, inanmaq olarmı?
– Ermənidən danışırıqsa, gərək onların hiyləsini, xislətini unutmayaq. Dövlət başçısı işğaldan azad edilən ərazilərə səfərləri zamanı çıxışlarında vurğulayıb ki, “dəmir yumruq” hələ də mövcuddur. Ermənilər “dəmir yumruq”dan sarsıntı keçiriblər. Onlar xəritələri versələr belə, ehtiyatı əldən verməməliyik.
– Mülki şəxslər minalanmış ərazilərə gedirlər, çağırışlara məhəl qoymurlar. Onlara nə tövsiyə edərdiniz?
– Dövlət qurumları, ictimai siyasi xadimlər dəfələrlə müraciət ediblər ki, vətəndaşlar minalaşmış ərazilərə getməsinlər. İnsanlar o əraziləri görməyə tələsirlər, bu, başadüşüləndir, dədə-baba yurdlarıdır. Amma təhlükəsizliyimiz ən əsas məsələdir. Baxın koronavirus pandemiyası bütün dünyada tüğyan edir, 3 milyona yaxın insan vəfat edib, amma bəziləri buna inanmırlar. İşğaldan azad edilmiş ərazilərə də gedənlər düşünürlər ki, gedəcəklər, gələcəklər, problem də olmayacaq. Amma elə deyil, düşmən o əraziləri minalayıb. Təəssüflər olsun ki, insanlar yaxınlarının, əzizlərinin həyatını təhlükəyə atırlar. Vətəndaşlardan bir daha xahiş edirik ki, minalanmış ərazilərə getməsinlər, bir qədər də dözsünlər.
– Müsavat Partiyasının rəhbərliyi bildirir ki, hökumət onların işğaldan azad edilən ərazilərə səfərinə şərait yaratmalıdır. Məlumdur ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiyaların rəhbərləri Ağdama səfər ediblər, vəziyyətlə tanış olublar. Amma Müsavat Partiyasının rəhbərliyi bu səfərdən imtina edib. Partiyanın səfərini ayrıca təşkil etmək mümkündürmü?
– Milli məsələlərdə hər kəs bir nöqtəyə vurmalıdır. Hazırda təhlükəsizlik məsələsi diqqət mərkəzindədirsə, əməl etmək lazımdır. Söhbət təkcə minadan getmir, müharibədən sonra gördük ki, erməni terrorçularının qalıqları bu ərazilərdə qalıblar. Ona görə də siyasi partiyalar milli məsələlərdə birlik nümayiş etdirməlidirlər. Müsavat Partiyasının rəhbərliyi partiyanı xüsusi, əhəmiyyətli partiya hesab edirsə, bu, keçməyəcək. Çünki ölkənin və regionun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası Ağdam səfərində iştirak edirdi. Müsavat Partiyası bu cür mövqedən çıxış etməməlidir.
– Azərbaycan Prezidentin İlham Əliyev martın 18-də əfv sərəncamı imzalayıb, sərəncam 625 nəfərə şamil edilib. Dövlət başçısının bu addımı milli həmrəyliyin gücləndirilməsinə töhvədir. Bu barədə fikirləriniz maraqlıdır…
– Prezident İlham Əliyev müxtəlif vaxtlarda bu cür humanist addımlar atıb. Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə amnistiya aktlarının qəbul edilməsi üçün təşəbbüslərlə çıxış edib. Bu, hər zaman dəstəklənib. Müəyyən vaxtlarda həbsdə olan bəzi şəxslərin adı qabardılır, “siyasi məhbus” terminindən istifadə olunur. Bu, düzgün deyil, kimsə siyasi partiya mənsubiyyətinə və ya peşə fəaliyyətinə görə həbs edilmir. Əfv sərəncamı qaydalara əməl edən hər kəsə şamil edilir.
Kənan Mirzəyev
araz.az xəbər portalı.