1616240607 thumb700 20111129030204606

araz.az   Sportinfo.az-a istinadən xəbər verir ki, yığma martın 24-də yeni macəraya başlayır: dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq.

Canni de Byazinin yetirmələrinin şansı yüksək olmasa da, komanda adlı-sanlı rəqibə boy göstərməyə çalışacaq.

Millimiz indiyə kimi Portuqaliya ilə 6 dəfə üz-üzə gəlib. Bunların hamısı seçmə mərhələ çərçivəsində keçirilib. Pireneylilərlə ilk görüşdə darmadağın qeydə alınıb.

AÇ-2000-nin seçmə mərhələsində səfərdə 0:7 hesabı ilə məğlub olmuşuq. Tsiklın növbəti matçında isə yığma Bakıda sensasiyaya imza atıb, 2 gün çəkən matçda adlı-sanlı rəqibi ilə heç-heçə edib – 1:1.

“Avropanın Braziliyası” ilə növbəti matçımız 7 il sonraya təsadüf edib. Komandalar AÇ-2008-in seçmə mərhələsində eyni qrupda yer alıblar.

Həmin tsikldə Portuqaliyadakı qarşılaşmada yerli komanda 3:0 hesablı qələbə qazanıb. 1 il sonra Bakıda keçirilən görüşdə də komandamız məğlub olub. Pireneylilər 2:0 hesablı qələbəyə sevinib.

Portuqaliya ilə sonuncu dəfə DÇ-2014-ün seçmə mərhələsində qarşılaşmışıq. Yenə hər iki görüşdə yığmamız meydandanı məğlub tərk edib – səfərdə 0:2, Bakıda 0:3.

Nəticələrdən aydın olur ki, Portuqaliya millimiz üçün başağrıdan və çətin rəqibdi. “Bunu ən yaxşı həmin oyunlarda çıxış edən futbolçular deyə bilər” düşünüb, millinin sabiq üzvlərinə müraciət etdik.

AÇ-2000-də yığmanın şərəfini qoruyan Tərlan Əhmədov, AÇ-2008-in seçmə mərhələsindəki matçlarda meydanda olan Aslan Kərimov və DÇ-2014-ün təsnifat qarşılaşmalarında çıxış edən Mahir Şükürovla əlaqə saxladıq. Hər birinə üç sual ünvanladıq (Futbol+):

1. Portuqaliya ilə matçlar yadınızda necə qalıb?
2. Yenidən bu komandaya qarşı oynamaq istəyərsizmi?
3. Millimiz martın 24-də baş tutacaq qarşılaşmada nəsə edə biləcək?


Tərlan Əhmədov
1. Həmin matçları unutmaq olar?! Tam fərqli oyunlar idi. İlk dəfə Gimaraynşda bu komanda ilə qarşılaşdıq. Hesab oyuna görə olmadı. Çünki çox yaxşı mübarizə apardıq. Rasim Abuşovun qırmızı alması oyunumuza təsir etdi. Düzdü, səhv eləmirəmsə, həmin vaxta kimi hesab 3:0 idi. Bundan sonra portuqaliyalılar qolları sıraladılar və nəticədə 0:7 uduzduq. Bakıdakı oyun isə tam fərqli idi. Həmin vaxt rəhmətlik Əhməd Ələsgərov bizi çox yaxşı motivasiya etmişdi. Oyundan əvvəl iclas keçirildi. Ələsgərov onların oyunlarından birini bizə izlətdirdi. Görüntülərdə azarkeşlərin səsi o qədər çox idi ki, uğultudan qulaq batırdı. Birdən televizorun səsini tam aldı. Bir az izlədikdən sonra bizə tərəf dönüb bunları dedi: “Görürsüz, sakitlikdə oyunları bizimkindən heç fərqlənmir. Elə bil ki, Azərbaycan çempionatında hansısa oyuna baxırsan. Amma səsli halda adamı vahimə basır. Onlarla bizim fərqimiz budu. Portuqaliyalılar səs-küylü ortama alışıblar. Biz belə vəziyyətdə oynaya bilmirik. Bunu bacarsaq, rəqiblə başabaş mübarizə apara bilərik”. Onun bu sözləri bizdə yüksək əhval-ruhiyyə yaratdı. Rəqibzdən qorxmurduq. Onların heyətində Fiqu, Vitor Baya, Ruy Koşta, Joao Pinto kimi ulduz futbolçular var idi. Amma bu bizim vecimizə deyildi. Əlimizdən gələni etdik, can qoyduq. Çünki Azərbaycan adını təmsil edirdik, istəyirdik ki, nəsə edək və ölkəmizə layiq olaq. 2 gün mübarizə apardıq, 96 dəqiqə meydanda olduq. Çox əziyyət çəksək də, qələbəyə bərabər heç-heçə etdik. İndi həmin oyun bizim üçün maraqlı xatirədi. Gözəl anlar idi. Matç bitəndən sonra Tofiq Bəhramovdan Şıxovda yerləşən “Aleksandr Beach” otelinə yollandıq. Oyundan öncə bizə 2500 dollar mükafat söz verilmişdi. Emin Ağayev, Zaur Tağızadə, Kamal Quliyev yaxınlaşdılar ki, Tərlan, bəlkə deyək mükafatı qaldırsınlar? Mən də “oteldə Fuad müəllimə deyərəm” cavabını verdim. Axşam şam yeməyi zamanı federasiya prezidentinə dedim ki, Fuad müəllim, can qoymuşuq, əziyyət çəkmişik, qələbəyə bərabər heç-heçə etdik. Bəlkə mükafatı bir az qaldırasız? O da AFFA-nın vitse-prezidenti Oqtay Zeynalova baxaraq rusca “nə deyirsən, qaldıra bilərik mükafatı”, – deyə sual etdi. Oqtay müəllim də “yox e, hələ bilmirəm, 2500 dolları necə verəcəyik? Necə artıraq axı”, – deyə etiraz etdi. Fuad müəllim də Oqtay bəyə “ a kişi, sən də həmişə pul adı gələndə ağlayırsan! Uşaqların xətrinə dəymə” dedi. 2 gün sonra öyrəndik ki, mükafat 3000 dollar olub. Belə maraqlı hadisə yaşamışdıq Portuqaliya ilə heç-heçədən sonra (gülür).

2. Əlbəttə, yenidən oynamaq istəyərdim. Əvəz çıxmaq üçün yox. Portuqaliya kimi komandaya qarşı kim oynamaq istəməz ki?! Düzdü, insanın daxilində həmişə qisas hissi olmalıdı. Lakin qarşılaşmaya “bunlar bizi udmuşdular, cavabını verməliyik” düşüncəsi ilə çıxmamalısan. Ümumiyyətlə, mən həmişə istəmişəm ki, Azərbaycan Portuqaliya, İtaliya, İspaniya, Almaniya kimi güclü rəqiblərlə tez-tez qarşılaşsın. Onların təcrübələrindən nəsə götürmək olar. Həmin oyunlara maraq çox olur. Stadionlar tam dolur. Portuqaliya kimi komandalarla oynamaq hər bir azərbaycanlı futbolçuya xeyir verir, nəinki ziyan.

3. Təbii ki, mənim də, sənin də istədiyin budu ki, millimiz yaxşı nəticə göstərsin. Biz bunu arzulayır, bunun üçün çalışırıq. Reallıq budu ki, hazırda Portuqaliya millisi çox güclüdü. Bütün mövqelər üzrə oynayan futbolçular dünyanın ən yaxşılarıdı. Amma bizdə belədimi? Yox! Gəlin heyətə diqqət yetirək. Hamısı ölkə çempionatında çıxış edən futbolçulardı. Qaranlıq qalan məqamlar var. Mənə maraqlıdı ki, nəyə görə komandaların heyətində yaxşı çıxış edən futbolçular qıraqda qalıblar? “Sabah” çempionatın autsayderidi, amma 6 futbolçusu milliyə dəvət olunub. Ramil Şeydayev öz komandasında, demək olar ki, meydana çıxmır, amma millidədi. Premyer-liqanın lideri “Neftçi”dən cəmi 3 futbolçu dəvət olunub. “Zirə” 3-cü sırada yer alır, amma milliyə 1 nəfər çağrılır. Necə olur ki, Ağabala Ramazanov “Zirə”nin əsas üzvü, kapitanı ola-ola, yığmada oynaya bilmir? “Qəbələ” 5-cidi və “Qarabağ”dan sonra ən yaxşı oyun göstərən klubdu. Gənclərdən ibarət komandadan 1 futbolçu belə yığmaya dəvət olunmayıb. Rövlan U-21-in əsas simalarından olub, “Qəbələ”də yaxşı oyun nümayiş etdirir, amma millidə yoxdu. Ya da ki gənc futbolçu Rüfət Əhmədov. O ki hər oyun meydandadı. Belə suallara cavab tapa bilmədiyimdən milli haqda müsbət nəsə düşünmək biraz çətin olur. Əsas yığmaya dəvət almaq üçün çempionatda özünü yaxşı tərəfdən göstərməlisən. Öz komandasının ən yaxşıları qıraqda qalanda mənəvi eniş yaşayırlar. Bu da inkişafa mane olur. Amma ümumilikdə yığmaya ümid bəsləyirəm. Düşünürəm ki, yaxşı nəticə əldə edə bilərik. Rəqib ulduzlar toplusudu, meydana rahat çıxacaqlar. Məhz bu amildən yararlanmaq olar.

Portuqaliyaya rəqib olanların xatirələri və məsləhətləri

Aslan Kərimov
1. Portuqaliya ilə oyunları heç vaxt unuda bilmərəm. Maraqlı macəralar idi. İlk görüş Braqada keçirildi. Yaxşı mübarizə apardıq. İlk hissədə həyəcanımıza yenik düşdük. Fasiləyə kimi rəqib 2 qol vurdu. Ronaldo qarşısıalınmaz idi. İkinci hissədədə fərqlənib, yekun nəticəni müəyyənləşdirdi. Bakıdakı oyun barədə isə çox danışmaq istəmirəm. Əslində oyuna çox yaxşı başlamışdım. Həmin vaxt Nani də parlaq oyun nümayiş etdirirdi. Bu qarşılaşmada onu “bağlamaq” mənə tapşırılmışdı. İlk iki cəhdində məni keçə bilmədi. Sonra Ronaldo ilə rotasiya etdilər. Mən də həqiqətən həmin an nə yaşandığını xatırlamıram. Topa müdaxilə etmək istəyəndə qolum yuxarı çox qalxdı. Bilərəkdən elə etmədim. Nəticədən qırmızı vərəqə ilə cəzalandım. Səfərdəki oyunda da Ronaldo çox canfəşanlıq etdi. Hətta yadınıza gəlirsə, Çempionlar Liqasında “Yuventus”a vurduğu qoldan sonra jurnalist ona karyerasının ən gözəl qolunu vurduğunu bildirmişdi. Ronaldo onunla razılaşmamışdı ki, yox, Azərbaycana vurduğu qol daha gözəl idi, amma sayılmamışdı (gülür).

2. Təbii ki, yenidən Portuqaliyaya qarşı meydanda olmaq istəyərəm. Bu komandanın heyətində həmişə ən güclülər olur. Avropanın ən ideal komandalarındadı. Onlara qarşı fərqli düşüncədə, fərqli qaydada oynamağa çalışırsan. Bu səbəbdən də onlara qarşı yenə meydanda olmaq istəyərəm. Lakin bu dəfə qırmızı almamaq şərti ilə (gülür).

3. Gəlin açıq danışaq. Bu gün Portuqaliya millisi çox güclüdü. Hər mövqedə dünya ulduzları var. Bizim vaxtımızda Fiqu, Ronaldo, Deko, Manişe ulduz sayılırdı. Digərləri isə Avropanın ortabab klublarında çıxış edən futbolçular idi. Amma indi hər mövqedə 1 dünya ulduzu var. “Mançester Siti”də, “Yuventus”da” Mançester Yunayted”də oynayanlar millimizlə matçda meydanda olacaqlar. Çox istəyərdim ki, yığma qələbə qazansın, ən azı heç-heçə etsin. Amma indiki halda bu mümkünsüzdü. Fikirlərim acı olsa da, reallıq başqadı.

Mahir Şükürov
1. Portuqaliya ilə iki qarşılaşmada meydanda olmuşam. Həmin vaxt komandamız çox yaxşı idi. Hər iki oyunda da başabaş mübarizə apardıq. Təcrübəsizlik yaxşı nəticə əldə etməyimizə mane oldu. Yenə deyirəm, komandamız çox yaxşı, baş məşqçimiz də Berti Foqts idi. Onun özünə görə yaxşı taktiki bilikləri və düşüncələri var idi. Portuqaliyadakı oyunda müdafiəmizi yara bilmirdilər. Sona yaxın qol buraxdıq. Bundan sonra hücuma atıldıq ki, hesabı bərabərləşdirək, amma rəqibin təcrübəsi sözünü dedi. Bakıdakı görüşdə isə daha çox hücum etdik. Təkrara baxın, görəcəksiz ki, nə qədər imkan qaçırmışıq. Çox həyəncanlı oyunlar olsa da, özümüzü itirmədik.

2. Hamı Portuqaliya ilə oynamaq istəyər. Güclü komandalara qarşı mübarizə aparmaq hər futbolçunun arzusudu. Futbolu istəyən hər kəs Portuqaliya ilə matçlarda özünü yaxşı tərəfdən göstərməyə çalışmalıdı.

3. Könül istəyər ki, yaxşı nəticə əldə edək. Amma indiki durumda bu çətindi. Dünyanın ən yaxşıları Portuqaliyanın heyətində çıxış edir. Onlar matça rahat çıxacaqlar. Bizim uşaqlar buna görə şanslıdılar. Bundan istifadə etmək, onları cəzalandırmaq olar. Özlərinə bir qədər inansalar, yaxşı nəticə əldə edə bilərlər. Amma çox çətin olacaq. Bunu bilməli və hazır olmalıdılar. Yoxsa darmadağın qaçılmazdı.

 

 

araz.az

araz.az xəbər portalı.