Bayram günləri bəzi yazılarıma yəqin ki, Siz də təəccüblənirsiniz. Sonuncu yazımla bağlı bəzilərinin mənə ünvanladığı səs mesajında deyildiyi kimi “yetənə yetirəm yetməyənə də daş atıram”. Bəziləriniz də səmimi soruşursunuz ki, mən nə istəyirəm. Buradan hamınıza açıq deyirəm. Allahıma çox-çox şükür edirəm ki, arzuladığımdan da çoxuna nail olmuşam. Həyatda özüm üçün istədiyim heç nə yoxdur. Ancaq özüm yaşadığım cəmiyyətdə gələcək nəsillərin, birinci növbədə öz balalarımın, nəvələrimin yaşamasını istəmirəm.
Azərbaycana gəldiyim 1989-cu ildən bu günə qədər hər dəfə gördüyüm, rastlaşdığım yalandan, riyakarlıqdan, acgözlükdən, tərbiyəsizlikdən, şər-böhtandan təəccülənirəm. Bu 32 il ərzində heç cür ətrafımda baş verənlərə alışa, razılaşa bilmədim. Dəfələrlə bundan da pis ola bilməz dedim, ancaq daha pis hadisə, hərəkətlə rastlaşdım. Dəfələrlə hər şeyi unudub başqaları kimi davranmaq istəsəm də, alınmadı. Elə ona görə də bu gün demək olar ki, daim oturub durduğum şəxslər, alışdığım mühit yoxdur. Allahıma min şükür edirəm ki, nə yaxşı ailəmdə məni anlayırlar, qınamırlar. Özümə ən yaxın saydığım şəxslərdən də hərəkətlərimdə səmimiliyimə şübhə ilə yanaşanlar oldu.
Son yazımdan sonra məni “razborkalar”a çağıranlara, hərəkətlərimdə nə isə şəxsi bir maraq axtaranlara buradan bir daha təkrar edirəm ki, şəxsən heç kimdən, heç nə istəmirəm. Tam səmimi deyirəm ki, bu ölkədə yox, heç dünyada da özümə düşmən saydığım şəxs yoxdur. Təndiq etdiklərim, üstlərinə getdiklərimi də özümə düşmən saymıram. Sadəcə, onların hamıya, o cümlədən özlərinə də ziyan verdiklərindən bəzən şəxslərin adlarını çəkirəm ki, pis əməllərindən əl çəksinlər. Çoxlarından fərqli olaraq ölümün qaçılmaz olduğunu, bu dünyadan heç kimin heç nə aparmadığını çox yaxşı bilirəm, ölümə hər gün hazıram və bunu bir faciə kimi qəbul etmirəm. Ancaq çox yaxşı bilirəm ki, bu dünyada qalan ancaq yaxşı əməllərdir. Bir şeyə dəqiq əminəm ki, bu gün məni qınayanlar, qanıma susayanlar da haqlı olduğumu bilirlər, sadəcə, özləri mən etdiklərimi edə bilmədiklərindən mənimlə razılaşa, həzm edə bilmirlər. Uca Allaha ən böyük minnətdarlığım isə mənə verdiyi nəfs toxluğuna görədir.
Sonuncu yazımla bağlı bir daha vurğulayıram ki, Azərbaycanda uzun illərdir ki, baş verənlərin əsas günahkarı mətbuat, onu idarə edənlər və orada çalışanlardır. Azərbaycanda baş verənlərdə siyasi, sosial, ictimai institutların demək olar ki, heç bir rolu yoxdur. Hər şey mətbuat, təbliğat vasitəsi ilə baş verir. Bu gün hər birimizin rastlaşdığımız eybəcərliklər məhz mətbuat vasitəsi ilə təbliğ olunur. Ona görə də mətbuatımızın təmizlənməsi hamımızın borcudur. Özü də bu biabırçılığı təbliğ edənlər bu sahədə elə kök buraxıblar, elə mütəşəkkildirlər ki, ora başqalarının, xüsusilə gənclərin daxil olmasına imkan vermirlər. Onların ölkəmizə, cəmiyyətimizə ziyanı Türkiyənin FETO-sundan da təhlükəlidir.
Bu gün yeniləşməyə can atan hakimiyyətin bəzi nümayəndələrinin də ən böyük problemi də məhz bugünkü mətbuatdır. Ölkəmizdə baş verən müsbət dəyişiklikləri cəmiyyətə çatdıracaq mətbuat yoxdur. Mövcud olan mətbuat isə heç nəyin dəyişməyini istəmir, çünki hazırki durum onlara milyonlar qazandırır. Heç bir mahiyyəti, tərbiyəsi, dünyagörüşü olmayanlardan tanınmışlar, səlahiyyət sahibləri düzəldir. “İslahat komandası” adlandırdıqlarım isə çox ürkək, ehtiyatlı davranmaq istəyilə ilə özləri də tədricən bu mafiyanın girovuna çevrilirlər.
Ona görə də bir daha hamınızı uzun illər mətbuatımızda kök salmış, artıq mafiya şəklində fəaliyyət göstərən “media bossları”ndan təmizlənməyə çağırıram. Bilirəm ki, bundan sonra onlar haqqımda apardıqları şər-böhtan kampaniyasını daha da gücləndirəcəklər, daha murdar yollara əl atacaqlar, ancaq yolumdan dönmək fikrim yoxdur. Onların gücünü, bizlərin hesabına milyonlar sahibi olduqlarını çox yaxşı bilirəm. Tək bir-birilərini layiq olduqları kimi adlandıranların imkanları araşdırılsa, çox şey üzə çıxar. Sadəcə, bunlar abır-həyanın nə olduğunu bilmirlər və çox həyasızdırlar. Onların güclü olmasını dünənki yazım bir daha sübut etdi. Məhz dünən bildim ki, səyahət zamanı baş vermiş tərbiyəsizlik barədə olan bütün yazılar hər yerdən çıxardılıb, bu barədə danışmaq qadağan olunub. Məhz bu dəstənin qorxusundan bir çoxları hadisənin canlı şahidləri olsalar da, bu rəzillikdən yazmağa qorxurlar, yazanlar da təpkini görən kimi yazılarını hər yerdən görtürüblər.
Azərbaycan mətbuatı səmimi, peşəkar, vicdanlı, dünyagörüşlü yazarlardan kasad deyil. Ancaq bu dəstə uzun illər onları hər yerdən sildilər, küncə sıxışdırdılar. Maddi durumlarından asılı olaraq bəzilərini də öz cərgələrinə qatmağa müyəssər oldular. İki cümlə yaza bilməyən bu “bosslar” onlarla, yüzlərlə istedadlı jurnalistləri məhv etdilər, zəlil gününə saldılar, işsiz, gücsüz qoydular, mətbuatımızı söyüş, tərbiyəsizlik meydanına çevirdilər. Ona görə də bundan sonra da susmağa heç birimizin haqqımız yoxdur.
Aslan ISMAYILOV,
Hüquqşünas.
araz.az xəbər portalı.