razi-nurullayev-pl2.jpg

Dövlət tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində bu problemlərin aradan qaldırılması üçün İslam əxlaqına uyğun bir fondun yaradılması təklif edilib.
“İslam əxlaqına uyğun addımlar atmalıyıq ki, Azərbaycanın qadınlarının hüquqları pozulmasın və qadınlarımız xoşbəxt olsunlar. Kimsə, bunu səhv başa düşürsə, bu, onun öz işidir. Misal üçün, deyək ki, bir qadın əlildir və Azərbaycanda o qədər ərə getmək istəyən qadın var. Məgər, xoşbəxt olmaq onların haqqı deyil? Buna görə də, biz deyirik ki, dövlət tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində bu problemlərin aradan qaldırılması üçün İslam əxlaqına uyğun bir fond yaradılsın. Bu fond vasitəsilə insanlara kömək olunsun və daha kimsə düşünməsin ki, bu qadın əlildir, onunla evlənmək olmaz”.

Bu sözləri İnterpress.az-a açıqlamasında “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev debat zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

R.Nurullayev onu təhqir edənlər haqqında da danışıb: “Təbii ki, əgər, mən İctimai televiziyada səkkiz namizədin oturduğu masada prezidentliyə namizəd kimi bir fikir səsləndirirəmsə, demək ki, bu fikirin arxasında dayanan proqram var, ciddilik var. Və mən bu günə qədər debatlarda səsləndirdiyim fikirləri ciddi hazırlanan proqramlara, əsasən, səsləndirmişəm. Sadəcə olaraq, hal-hazırda Azərbaycanda söyüş, təhqir, gözü götürməmə, ayaq altını qazmaq kampaniyası həyata keçirilir. Və savadı olmayan insanlar da mənim səsləndirdiyim fikrin məğzindən məlumatı olmayaraq məni təhqir etməyə başlayırlar. Mənim səsləndirdiyim fikirlərin daha geniş variantını internetdə girib oxuya bilərlər. Mən yeddi dəqiqəlik vaxt ərzində bunun hamısını deməyi çatdrıa bilmərəm. İnsanlar başa düşmür ki, mən evdə qalmış xanımların problemi ilə bağlı səsləndirdiyim fikri İslam əxlaqına söykənərək demişəm. Və bu fikrin arxasında dayanan əlli səhifəlik proqram var. Onun açıqlaması, yəqin ki, ya bu gün, ya da sabah veriləcək. Məsələ burasındadır ki, mən o fikirləri özümdən demirəm, İslam əxlaqından götürmüşəm. Ailə qurmaq məsələsi də qeyri-ciddi məsələ deyil. Sadəcə olaraq, İslam əxlaqına görə, qadın da, kişi də əxlaqlı olmalıdır. Bizdə isə, hal-hazırda Avropasayağı həyat keçirmək, Avropa dəyərlərini olduğu kimi gətirmək cəmiyyətdə birmənalı qarşılanmır. Mən buna əsas olaraq dedim ki, əgər, biz Avropa dəyərlərini istəmiriksə, İslam əxlaqına uyğun hərəkət etməliyik”.

“Dünya bizdən İslamı öyrənməlidir, biz İslamı kənardan öyrənməməliyik”

R.Nurullayev Azərbaycanda yeni İslam modeli yaradılması haqqında səsləndirdiyi fikirlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, yeni İslam modeli dünyaya inteqrasiyanın bir növü olacaq: “Mənim İslam modeli haqqında səsləndirdiyim fikirlərin dindarları öz tərəfimə cəlb etmək kimi düşünülməsi yanlışdır. Çünki, mən iki ildən artıqdır ki, İslam əxlaqı və İslam idarəetmə modeli barədə danışıram. Burada söhbət dinin siyasətə qarışmasından getmir. Əksinə, mənim irəli sürdüyüm yeni İslam modelində dinin siysətdən bütünlüklə ayrılması öz əksini tapır. Hakimiyyətə gəldiyim təqdirdə də, dini siyasətdən tam ayıracam. Amma, siyasətdən kənar yeni İslam modelinin Azərbaycanda oturuşması da təqdirəlayiqdir. Çünki, Azərbaycanda olan İslam dünyəvidir. Mən isə, o dünyəviliyin dah da dünyəvi olmasının tərəfdarıyam. Azərbaycandakı İslam dini İslam ümmətləri içərisində daha mükəmməl və dünyəvidir. Amma xarici təzyiqlər çoxalıb. Xaricdə təhsil alanlar gəlib Azərbaycanda təsir göstərmək istəyir. Ona görə də, mən Azərbaycanda tolerant yeni İslam modelinin yaradılmasının tərəfdarıyam. Bununla da, dünya bizdən İslamı öyrənməlidir, biz İslamı kənardan öyrənməməliyik”.

“Qarabağ müharibəsində nüvə silahından istifadə etməklə özümüzlə birlikdə Rusiyanı da məhv edərik”

R.Nurullayev prezident seçiləcəyi təqdirdə Pakistandan atom nüvə silahının Azərbaycana gətirəcəyi barədə səsləndirdiyi fikirlərə də aydınlıq gətirib. O, bu fikri ilə bağlı rəqib namizədlərinə və reaksiya verənlərin fikrinə hörmətlə yanaşdığını qeyd edib: “Təbii ki, namizədlərin və fikir bildirənlərin hamısı gözəl insanlardır. Düz edib fikir bildirirlər. Hər kəs mənim fikirlərimi savadının ona imkan verdiyi tərzdə başa düşür və fikir bildirir. Burada söhbət Pakistan bombasını Azərbaycana gətirməkdən getmir ki. Təbii ki, biz Ermənistana nüvə silashını atsaq, onun təsirləri bizə də, Rusiyaya da olacaq. Və buradakı xalqlar zəhərlənəcək. Məsələ burasında deyil. Məsələ orasındadır ki, biz bununla dünyaya mesaj veririk ki, Dağlıq Qarabağla bağlı ədalətli olun. Əks halda, Azərbaycan sizi narahat edən məsələlər haqqında düşünə bilər. İkinci məsələ də odur ki, əgər biz Qarabağımızı müharibə yolu ilə alan zaman Rusiya bunun qarşısını almağa cəhd göstərsə, sonuncu çıxış yolu olaraq, nüvə silahından istifadə etməklə özümüzlə birlikdə Rusiyanı da məhv edərik. Bu, vacib mesajlardır. Düşünürəm ki, mənim bu mesajlarım Dağlıq Qarabaq münaqişəsinin həllininin sürətlənməsinə köməklik edəcək”.

Prezidentliyə namizəd seçkilərdə qalib gələcəyi təqdirdə, ilk sərəncamını aprelin 5-də açıqlayacağını bildirib: “Mən prezident seçiləcəyim təqdirdə ilk sərəncamım barədə düşünmüşəm. Amma bunu açıqlamaq istəmirəm. Çünki, özümə söz vermişəm ki, inşallah, bu barədə aprelin 5-də açıqlama yayacam”.

Səid Qərib

İnterpress.az

araz.az xəbər portalı.