rasim

 

Yaralılara can verən öz canından keçdi
Torpaq, uğrunda ölən varsa, Vətəndir!
Bu aforizmə çevrilmiş fikir müqəddəsdir, ona görə ki, hər kəsin Vətənə bir oğulluq borcu var. Bəlkə də min illər boyunca torpaq namus kimi müqəddəs sa¬yılıb və uğrunda candan keçilib. Son yüzillikdə baş verənlər haqqında da yetərincə məlumatımız var. Təəssüf ki, imperiyalar uzun illər insanları öz doğma ata-baba yur-dunu qorumasından da uzaq salmışdı. Məsələn, Sovet İttifaqı on beş respublikanı bir qırmızı imperiya bayrağı altında zəncirləyib SSRİ-ni onlara vətən kimi sırımışdı. Sonradan məlum oldu ki, xalqları zülmlə zalimliyə tabe etdiriblər, heç bir müttəfiqlik-zad yox imiş…
Müstəqillik hər kəsin və xalqın haqqıdır. Bu, eyni zamanda insan azadlığı da deməkdir. Bunu dadını insanların əlindən alıb, kölə, qul kimi işlədib əməyini mənimsəyən imperiya cəlladları son anda öz çirkin sifətlərini 20 Yanvar 1990-cı il tarixində xalqımıza göstərdi.
Tarixi torpaqlarımızı əlimizdən zornan, silah gücünə alıb özünün vassalına verərək, haylara ərazilərimizdə ikinci bir Ermənistan da qurmağa çalışdı kökündən laxlayan imperiya. 30 ilə yaxın müddətdə xalqımız təhqir olunmuş halda yaşamağa məcbur oldu, nəhayət, müstəqilliyini qanı-canı bahasına bərpa edən xalqımızın cəngavər oğulları bu təhqirə dözməyib, ötən il başda Ali Baş Komandan İlham Əliyev olmaqla, tarixi ərazilərimizi erməni silahlı quldurlarından, işğalçı Ermənistandan azad etmək üçün 44 günlük Vətən müharibəsində özünü oda atdı.
Vətənpərvər oğullarımız bu döyüşlərdən kənarda qalmadı. Belə oğullardan biri də, əlbəttə, haqqında söz açılan Rasim həkim idi. Belə oğullar könüllü olaraq cəbhəyə getdilər. Onların məqsədi adam öldürmək deyil, tarixi torpaqlarımızı azad edib, dövlətimizin sərhədlərini bər¬pa etmək olduğu üçün Tanrı onlara yar oldu.
Əlbəttə, bu yolda şəhidlik də var idi, qazilik də, qəhrəmanlıq da, təslim olmaq da. Tariximizin şərəfli səhifəsini yazan Müzəffər Azərbaycan Ordusu cəmi 44 günlük Vətən müharibəsində nəinki qarşısnda duruş gətirə bilməyib qaçan satqın, qorxaq erməni dığalarını gəldikləri yerə kimi qovdular, hətta, bu döyüşlərdə imperiya xislətlilərə də öz yerlərini göstərdilər. Məğlubiyyət aktına imza atan Paşinyan bir vaxtlar Şuşamızda çaxırdan içib başını itirərərək qol götürüb “Yallı” getməsinin cavabını aldı: diz çökərərk, 9 noyabr 2020-ci il tarixdə gecəyarısı kapitulyasiya Aktına qol çəkdi. Bu, Azərbaycan oğullarının Şanlı Zəfəri kimi tarixə yazıldı…
Belə şərəfli yolda döyüşmək, yaralanmaq, şəhid olmaq Azərbaycan oğullarının müqəddəs borcuna çevrilmişdi. Xalqımız o çətin və ağır günlərdə göstərdiyi birliklə dünyada özünün varlığını təsdiqlədi.
Kəlbəcərdən uzaqlarda doğma yurd həsrətini çəkənlərin də Vətən müharibəsində deməyə sözü oldu. Belə oğullardan biri də Rasim həkim idi. Həyat hekayəsini yazmağa vaxtı olmasa da, döyüşlərə atılmağa zamanı vardı. Getdi və özündən sonra belə bir qısa olsa da, şərəfli ömür yaşadığını öyrəndik.
Tanıyaq: Rasim Miryaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərindəki 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.
Rasim həkim 2016-cı ilin “Aprel döyüşləri”ndə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluq-çusu Rasim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində isə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Məhəmməd NƏRİMANOĞLU.

araz.az xəbər portalı.