thumb600x0ə

Ərəb turistlərin Qax Dövlət Təbiət Yasaqlığında ov etməsi, nadir quşları ovlaması, bundan əvvəl isə Acınohur çölündə göyərçinləri dronlara bağlayaraq, özlərinin bəslədikləri ov şahinlərinin yeminə çevirmələri ciddi ajiotaja səbəb olub. İctimai nəzarət funksiyasını həyata keçirən sosial şəbəkələr ərəb turistlərə qarşı ən sərt fikirlərlə çalxalanır və hazırda yerli medianının da əsas manşetini məhz ərəb turistlərin ov səhnələrini qınayan materiallar zəbt edib.

Ərəb turistləri nədə ittiham edirik?

Müşahidə etsək görərik ki, cəmiyyət ərəb turistləri iki hərəkətə görə ittiham edir və insanların onlara qarşı etirazlarının kökündə əsas bu iki amil dayanır: dövlət qoruğunda nadir quşların ovlanması, ərəblər tərəfindən dronlara bağlanan quşları ov şahinlərinin havada parçalaması… Şübhəsiz,  pandemiya şərtlərinin hökm sürdüyü bir ərəfədə ərəblərin ölkəmizdə nadir quşları öldürərək, bunu əyləncəyə çevirməsi cəmiyyətdə ciddi psixoloji narahatlığa da səbəb olub. Təbiətə, nadir quşlara qarşı amansız rəftar edən ərəblərə qarşı kəskin, barışmaz çıxışlar başadüşüləndir. Qısa haşiyə: dövlət qoruğunun əsas fəaliyyəti təkcə faunanı, təbiəti qorumaq yox, həm də nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsidir. Bu baxımdan təbiətdə sayı 200 cütdən bir qədər artıq olan Qafqaz durnasının ovlanması yolverilməzdir.

Amma… Bütünlükdə ərəb dünyasını, ərəblərin turist səfərləri linç etmək doğrudurmu? 

Ən əsası, bu məsələdə ərəb turistlərin quşları ovlamasından da daha çox bizi düşündürən başqa məqamlar olmalıdır. Ərəblər təbiət qoruğuna birdən-birə gəlib düşməyiblər, onların ərəb ölkələrindən gəlib ölkəmizdə ov etmələrinə qədər böyük bir məsafə var.

Əslində biz hansı suallara cavab tapmalıyıq?

BİRİNCİSİ: İcazəli ov mart ayının 1-dən dayandırıldığı halda, ərəb turistləri ov məqsədilə Azərbaycana kimlər gətirib? Bu işdə hansı məmurların əli var?

İKİNCİSİ: Ölkəmizə gələn xarici ölkə vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə almalı olduğu halda, ərəb turistlərin səfəri üçün kimlərdən icazə alınıb, onlara kim icazə verib? 

ÜÇÜNCÜSÜ: Pandemiya dövründə xarici ölkə vətəndaşlarının ölkəmizə daxil olması üçün səfirlik və konsulluqların konkret vəzifələri  və müəyyənləşdirilmiş şərtlər var. Bəs bu şərtləri kimlər və necə pozublar?

Ərəb turistlər kimlərin qonağıdır və dezinformasiyaları cəmiyyətə kimlər ötürürlər?

Məsələ o qədər böyüdü ki, artıq hansısa məmurun adı gündəmə gətirilməli və məsələ belə ictimailəşməli idi: “Ərəblər …. qonağıdır”. Ərəb turistlərin ov səfərlərini təşkil edənlər öz şəxsi maraqlarını naminə dövlət maraqlarını qurban verdilər və o nöqtələrin yeri xaincəsinə belə dolduruldu: “Ərəb turistlər Prezident İlham Əliyevin qonaqlarıdır”. Bəli, dövlət başçısına da qarşı xaincəsinə işlənmiş plan! Xaricdə və ölkəmizdə fəaliyyət göstərən marginal qrupların əllərinə fürsət düşdü və bu məsələdə də dövlət başçısının adını hallandırdılar. Ad günlərini, istirahət vaxtlarını əsgərlər arasında, işğaldan azad edilmiş torpaqlarda keçirən, dağıdılmış torpaqlarımızın bərpası üçün Qarabağa səfərlər edən Prezidentin adını belə bir məsələdə gündəmə gətirmək üçün ən azı cinayətdir. Daha sonra başqa bir dezo dövriyyəyə buraxıldı və saytlar, sosial şəbəkə fəalları fərqinə varmadan, araşdırmadan ictimailəşdirməyə başladılar: “Ərəb turistlər Kəmaləddin Heydərovun qonaqlarıdır”.

Və bu məsələdə də istinad etdiklərin bir ərəbin bircə cümləsi oldu. “Biz Kəmaləddin müəllimin qonaqlarıyıq”, deyən ərəb özünü hörmətli və dəvətli göstərmək üçün ölkənin ən məşhur nazirlərindən birinin adı çəkə bilərdi. Neçə ki bu ərəb turistlər Fransada restoranda dava salarkən prezident Makronun qonaqları olduğunu demişdilər.

Ərəb turistlərin ölkəmizə ov səfərini təşkil edən hansı məmurdur?

Məsələnin aktuallığnı nəzər alaraq kiçik, amma ciddi bir araşdırma apardım. Araşdırmalar nəticəsində əldə etdiyim informasiyaya görə, ərəb turistlərin Azərbaycanda ov etməsi üçün onların səfərlərini təşkil edən Prezident Administrasiyasının Protokol şöbəsinin əməkdaşı Orxan adlı şəxsdir. O, bu məsələdə maşadır. Heç şübhəsiz ki, Orxan bu işi özbaşına həyata keçirməyib və onun buna təkbaşına gücü də çatmazdı. Görünür, Orxanın himayəçilərindən olan hansısa orta səviyyəli məmur bu işin başında durur. Bu adamlar Nazirlər Kabinetinin başının üzərindən atlayaraq ərəb turistlərin səfərlərini necə təşkil ediblər? Ümumiyyətlə “fövqəladə və səlahiyyətli səfir” statusu daşıyan şəxslərin bu məsələdə rolu varmı və onlar dövlətin başqa qurumlarına necə nüfuz edə biliblər?

Gəlir, pul əldə etmək üçün dövlətin qanunlarını ayaq altına atıb tapdalamaq, cəmiyyətdə dövlətə qarşı dərin aqressiya hissi aşılamaq, bu tip provokativ addımlarla ölkənin turizm sektoruna balta çalmaq, cəmiyyətdə antiərəb cərəyanı formalaşdırmaq bu şəxslərin nəyinə lazımdır?

Ərəblər Azərbaycana hansı reyslə gəliblər?

Sosial şəbəkələrdə yayılan videogörüntülərdən aydın olur ki, ərəb turistlər ölkəmizə mart ayının 15-də xüsusi reyslə gəliblər. Təyyarədə ərəblərdən başqa heç kəs yoxdur. Oturacaqları ərəblər və onların bəslədikləri ov şahinləri doldurublar. Ərəblərin qarşısında Azərbaycan istehsalı olan mineral sulardan bəlli olur ki, təyyarə Azərbaycana məxsus olan xüsusi çarter reysidir.

Dünyada quşları, heyvanları ovlayan təkcə ərəblərdirmi?

Dünyanın bir çox ölkələrində ov etmək üçün tur paketlər var. Bu, avropalılar və amerikalılar üçün də ən prestij istirahət növü sayılır. Yəni, heyvan öldürməkdən təkcə varlı ərəblər zövq almır. Məsələn, Şərq və Afrika ölkələrində ov etmək ingilis, amerikan, holland, fransız əsilzadələri üçün ən zövqverici yerlərdir. Namibiya da vəhşi leopard ovlamaq üçün 16 min dollarlıq paket var və bu paketin hamısından avroplalılar yararalanırlar. Əgər ov zamanı leopard ovlaya bilməsələr, pulun 5 min dolları geri qaytarılır. Qalan məbləğə aeroportdan birbaşa transport, ovçuluq öncəsi hazırlıq alətləri, lisenziyalı ov tüfəngləri, avtomobillər və s. daxildir. İnterdə axtarış etsəniz, avroplalıların müxtəlif heyvanların dərilərini boğazlarından necə çıxardıqlarını foto-videolarda açıq şəkildə görə bilərsiniz.

Əgər quş öldürdüyünə görə ərəbləri vəhşi, barbar adlandırırıqsa, o zaman tülkünün gözlərini çıxarıb buzlu şüşədə suvenir kimi maşınında saxlayan ingilisi də vəhşi, barbar adlandırmalıyıq. Amma etmirik! Çünki “Avropa dəyərləri” deyilən bir nəsnə bizə yanlış təlqin olunub.

Ərəblər Azərbaycana hansı ölkələrdən gəlirlər?

Ov turizmi istənilən ölkədə turizm potensialının əsas göstəricilərindən biri hesab olunur. Ərəb turistlər ov məqsədilə ölkəmizə Bəhrəyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbsistanından gəlirlər. Onlar öz ölkələrində kral ailələrinin üzvləri, qohumları, dost-tanışlarıdırlar. Nəzərə almaq lazımdır ki, bu ərəblər Azərbaycana artıq bir neçə ildir həm də ov məqsədilə gəlirlər və dövlətə pul ödəyirlər, burada pul xərcləyirlər. Ölkəyə böyük pul kütləsi daxil olur. Şübhəsiz ki, əgər Azərbaycana maraq olmasa idi, onlar hər il bura gəlib milyonlarla pul xərcləməzdilər. Yəni, Azərbaycanın turizm potensiallı ölkə kimi onların diqqət nöqtəsinə çevrilməyi bacarıb. Ancaq bu sahəyə, onların ov etmələrinə dövlətin güclü nəzarət mexanizmləri yaradılmalıdır.

Ərəblər hər istədiyini edə bilərmi, yaxud biz hansı addımları atmalıyıq?

Ərəblər istədiyi yerdə, istədiyi heyvanı, istədiyi quşu ovlaya bilməz. Ən əsası, dövlət qoruqlarında istənilən şəkildə ov etmək qəti şəkildə qadağan olunmalıdır. Azərbaycanda turizmin inkişafı üçün ciddi işlər görülüb. Amma bu sahədə xeyli axsamalar, problemlər var. Ərəblərin sərhədsiz ov səhnələri bunu bir daha sübut elədi. Dövlət bu sahədəki işi doğru-düzgün qurmalıdır. Dövlət Turizm Agentliyi və Ekolologiya və Təbii Sərvətlər Nazirliyi turizm sahəsindəki, eləcə də ov turizmindəki boşluqları, problemləri görməli, konseptual işlər həyata keçirməlidir. Ölkəmizə ov üçün gələn turistlərin hərəkətlərinə nəzarət olunmasından tutmuş, onların hərəkət marşrutlarına, ov etmək üçün seçilən çoğrafi mövqeyə qədər hər bir şey öncədən planlı şəkildə hazırlanmalıdır. ETSN işini daha operativ, çevik və işlək formada qurmalıdır. Ölkənin təbiətinə cavabdeh olan qurum heç bir halda məsuliyyəti boynundan ata bilməz.

Bütün ərəbləri söyməliyikmi? Bəs biz qoyunun ayaqlarını niyə yeyirik?

İnsanların hərəkətlərinə görə, ümumilikdə bütöv bir xalqı, milləti hədəfə almaq doğru seçim deyil. İnsanları milli kimliyinə, milli mənsubiyyətinə görə təhqir etmək yolverilməzdir. Düşündüyümüz kimi, heç də bütün ərəblər milyonçu və milyarder deyillər, dünyada aclıqdan, susuzluqdan ölən milyonlarla ərəb var. Ən nəhayət, qəbul etməliyik ki, ərəblər də sosial şəbəkə istifadəçiləridirlər, onlar da bizim münasibətlərimizi görə, təhlil edə, nəticələr çıxar bilirlər. Həmçinin, ərəb ölkələrinin Azərbaycanda səfirlikləri, diplomatik korpusları fəaliyyəti göstərir. Suallar çoxdur: öz varlı adamlarımız, məmur övladları qoruqlarımızda ov etmirmi? Edir! Heyvanları quyruğundan asmırmı? Asır! Azərbaycanlı bəzi məmurlar, varlı insanlar qoruqlarımızı darmadağın ediblər, heyvan da vururlar, quş da quşlayırlar, kabab da çəkirlər.

Məgər dünyada qoyunu, inəyi kəsən, daha sonra o qoyunun başından, ayaqlarından xaşlama eləyib bəhlə-bəhlə yeyən neçə xalq var? Mən demirəm ki, niyə qoyun yeyirik? Amma qoyunun əti bir tərəfə, ayaqlarını da yeyirik. Kimi söyürük? Ərəbimi?

Ərəblər bizə nə verir?

Ərəblər “köçəri ağıllı turistlərdir”. Bu o deməkdir ki, onlar bir müddət hansısa ölkəyə turist kimi gəlib ov edirlər, böyük pullar gətirirlər, bir müddət sonra isə həmin ölkəyə daha səfərlər etmirlər. Ən vacib məqam odur ki, ərəb turistlər bir çox hallarda investorlara da çevrilirlər. Yəni, onları burdan qovmaq yox, investorlara çevirmək lazımdır. Pandemiyadan əvvəlki dövrə nəzər salsaq, 2019-cu ildə Azərbaycana 3 milyon 170,4 min nəfər turist gəlib. 2017-ci ildə isə bu rəqəm 2 milyon 700 min nəfərdən ibarət idi. Bunun bir hissəsini ərəb turistlər təşkil edib və ərəb ölkələrindən gələn turistlərin sayı ilbəil artıb. Məsələn, 2016-cı illə müqayisədə 2017-ci ildə ərəb ölkələrindən gələnlərin sayı 66% artmışdı. 2018-ci ildə 30% artaraq 200 min nəfər çatmışdı. 2018-ci ildə təkcə Səudiyyə Ərəbistanından ölkəmizə 73 min turist gəlmişdi. Halbuki, bundan cəmi 2 il öncə Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayı 7463 nəfər idi. Ərəblər ölkəmizə gələn xarici ölkə vətəndaşları içərisində nağd və köçürmə yolu ilə ən çox pul xərcləyən turistlər kimi ilk yerlərdə qərarlaşırlar. Təsadüf deyil ki, ərəblər təkcə 2018-2019-cu illərdə alış-verişə, istirahətə milyardlarla pul xərcləyiblər. 2019-cu ildə ölkəmizdən 46 milyon manatlıq hədiyyə alıb aparıblar. Elə həmin ilin ölkəmizə Səudiyyə Ərəbistanında gələn turistlər ilk aylarında təkcə yeməyə 43,3 milyon manat, Küveytdən gələn turistlər 10,9 milyon manat, BƏƏ-dən gələn turistlər isə 23, 7 milyon manat pul xərcləyiblər.

Nə təklif edirəm?

Qarabağda işğaldan azad edilən torpaqlarda ov turizmi yaradılsın. Ov etmək üçün ən ideal məkanı həmin ərazilərdə təşkil etmək mümkündür. İşğaldan azad edilən ərazilərimizdə ov üçün dağlıq, təpəlik çoxdur. Bu, bir neçə istiqamət üzrə ölkəmizə xeyir gətirmiş olar. İşğaldan azad edilən ərazilərə yatırılan pul, xərclənən milyardlar “ölü kapital”a çevrilməməlidir. Qoyulan pul, pul gətirməlidir. Bunun üçün də ən ideal addımlardan biri həmin ərazilərdə turizmin inkişafına nail olmaqdır, eləcə də ov turizminin.

Ən əsası isə, ölkəmizə o üçün gələn ərəb turistləri investorlara çevirməyi bacarmalıyıq. Zəngin ərəb ailələrinin üzvlərinin diqqətini Qarabağa çəkmək lazımdır.

Samir FEYRUZOV,

Azsiyasət.com

araz.az xəbər portalı.