d275d65b 68ea 46d4 ae1b 43bc010df7e1 335x420 1

Onlar təkcə xasiyyət, danışıq və yaşam tərzi ilə deyil, geyim formaları ilə də bir-birinə çox bənzəyirlər

Bu gün əksər sahələrdə olduğu kimi, mediada da kifayət qədər nöqsanlar, uzun illərdən bəri həllini gözləyən problemlər mövcuddur. Belə ki, mətbuata qeyri-peşəkarların kütləvi surətdə axını nəticəsində bu sektorda normal cümlə qurmağı, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaranların, vasitəli niqti vasitəsiz nitqdən ayırd edə bilənlərin, o cümlədən nəqli keçmişlə şühudi keçmişin arasında fərqdən məlumatlı olanların sayı digərlərinə nisbətən xeyli azalıb.

Bir müddətdir ki, bununla bağlı araşdırma aparıram. Və gəldiyim qənaət odur ki, işi-gücü olmayan, özünü ixtisası üzrə təsdiqləyə bilməyənlər, kimin və ya nəyinsə vasitəsilə asanlıqla mediaya daxil olur, qısa müddət sonra ağızdolusu jurnalistikadan dəm vurmağa, hətta illər uzunu bu sektorda can qoyanlara məsləhətlər verməyə, özünü çoxbilmiş kimi aparmağa başlayır. Belələrini görəndə 11 il orta məktəbdə, 5 il isə univesitetdə təhsil aldığım, o cümlədən 17 il ərzində müxtəlif qəzet və saytlarda çalışdığım zamana heyifim gəlir. Vallah, əgər o vaxt bilsəydim ki, mətbuat sahəsində çalışmaqdan ötrü savadın, biliyin o qədər də önəmi yoxdur, zəhmət çəkib gecə-gündüz kitab-dəftər vərəqləməz, özümü əziyyətə verməzdim. Canımçün hərdən həmkarlarımla bu mövzuda söhbət düşəndə bildirirəm ki, əgər əlimdə səlahiyyət olsaydı, o zaman bu gün kütləvi informasiya vasitələrində çalışan hər kəsi, hətta bu sahənin rəhbər şəxslərini belə, imtahana çəkər, onların hər birinə müxtəlif mövzu ilə bağlı yazı yazmalarını tapşırar və yalnız bundan sonra kimin mediada qalıb, kimin isə bu sektoru tərk etməsinə qərar verərdim. İnandırım sizi, mətbuatı qeyri-peşəkarlardan, adi bir məqaləni ortaya çıxara bilməyənlərdən xilas etməyin yeganə yolu məhz budur. Təəssüf ki, hələlik bu barədə danışan, ortaya konkret tədbirlər planı qoyan yoxdur. Lakin buna baxmayaraq, az qala hamı bir ağızdan deyir ki, bəli, son illər mediada təcrübəsizlərin, normal yazı yaza bilməyənlərin, efirdə durmadan kobud səhvlərə yol verənləri sayı artıb…

Ümumiyyətlə, mətbuat elə bir sahədir ki, burda dostu düşməndən ayırd etmək, kimin kimə və nə üçün xidmət etdiyini müəyyənləşdirmək bir qədər çətindir. Məhz elə bu xüsusiyyətinə görə mətbuatı siyasətlə eyniləşdirmək olar. Hər hər iki sahənin bir sıra oxşar cəhəti var. Məsələn, siyasətdəki yalan-dolan, üzə gülüb arxadan danışmaq, müttəfiq dediyin şəxsi və ya təşkilatı dar ayaqda taleyin ümüdünə buraxmaq, maraqlar toqquşduqda dünənin dostuna bu gün düşmən kimi hücum etmək və digər bəzi əlamətlər, əfsus ki, mətbuatda da mövcuddur. Söz yox ki, bütün bunlar media cameəsindəki insanların hamısına aid deyil. Lakin aramızda elələri var ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanundan, Jurnalistlərin Peşə Davranışı Qaydalarından xəbərsiz olduqları üçün özlərini media nümayəndəsi kimi yox, səviyyəsiz küçə adamları kimi aparırlar. Əgər diqqət yetirsəniz görərsiniz ki, son zamanlar bələlərinin sayı xeyli artıb. Hara baxırsan, hansı məclisdə iştirak edirsənsə qarşına “həşəmətli jurnalist” çıxır. Özü də bu tip geydirmə media nümayəndələri təkcə xasiyyət, danışıq və yaşam tərzi ilə deyil, geyim formaları ilə də bir-birinə çox bənzəyirlər. Görünür, onlar biri digərini nümunə götürdüyü üçün daim eyni stildə olurlar. Vallah, beləsinə adamın jurnalist deməyə dili də gəlmir. Axı sən kimsən, hansı işin-peşənin sahibisən, nə vaxt mətbuata gəldin ki, bu gün artıq özünü yekə-yekə aparır, qanmadığın, başın çıxmayan mətləblərdən dəm vurursan? Bu cür insanları gördükdə əsəbdən dişini-dodağını gəmirməyəsən neyləyəsən?..

Bu sözlərimdən sonra birdən elə düşünərsiniz ki, özümü medianın dühası-filan zənn edirəm. Əsla. Məni yaxşı tanıyan, xasiyyətimə bələd olan həmkarlarım bilirlər ki, indiyədək bir də dəfə olsun özümdən razı olmamış, başımdan böyük ifadələr işlətməmişəm. Ən əsası isə odur ki, mətbuatdakı müəllimimi tanıyır və onu inkar etmirəm. Atalar yaxşı deyib ki, ustadına kəm baxanın gözlərinə qan damar. Lakin bu gün özünü əsl jurnalist kimi qələmə verməyə çalışanların bir qisminin nə ustadı var, nə də normal məktəb görüblər. Ancaq yenə də iştirak etdikləri məclislərdə hapa-gopa basır, kütləvi informasiya vasitələrindən-zaddan dəm vururlar. Məncə, onların bu qədər özündən razı olması, yəni müştəbehlik etmələri müsbət keyfiyyət hesab olunmadığı kimi, psixi pozğunluğun əlamətidir. Çünki ağlı yerində olan, normal düşünə bilən məntiqli insanlar heç vaxt özülərini gülünc vəziyyətə qoymazlar. Bütün bunları deməkdə məqsədim odur ki, nəhayət, insanlar əsl jurnalistlə dəllalı bir-birindən ayırd etməyi bacarsınlar.

Vazeh BƏHRAMOĞLU.

araz.az xəbər portalı.