ONDA, DÖRD QİTƏDƏN OLAN ŞAGİRDLƏR DƏ, AZƏRBAYCAN NEMƏTLƏRİNİN ADLARINI ƏZBƏRLƏMİŞDİLƏR
Rusiya Federasiyasının mərkəzində İvanovo adlı çox tanınmış gözəl bir şəhər var. Bu şəhər, Sovetlər dönəmində dünyanın toxuculuq mərkəzlərindən biri kimi tanınırdı. Amma, daha çox, 70-dən yuxarı ölkənin inqilabçılarının, mütərəqqi fikirli insanlarının minlərlə övladının burada təhsil almasına görə diqqəti çəkirdi. Keçmiş şagirdlərin hamısının xatirələrində İnternat doğma yurd kimi qalıb. Görkəmli inqilab, partiya və dövlət xadimi Yelena Stasovanın yüksək təşkilatçılığı, qayğıkeşliyi sayəsində, dövr üçün, misli görünməyən təlim-tərbiyə ocağı yaradılmışdı. Müxtəlif ölkələrin mübariz insanları övladlarının orada oxumasından qürur duyur, arxayıncasına, nigaranlıq çəkmədən işlərini davam etdirirdilər.
1940-cı ilədək, xaricdən gələnlər arasında, sayca ispanlar üstünlük təşkil edirdilər. Onlar beynəlxalq təcavüz nəticəsində məğlub olan vətənpərvər qüvvələrin ölümdən, təqiblərdən yayındırılan oğlan və qızları idilər. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə, 21 Azər Hərəkatının qələbəsinə imza atanların — firqəçilərin, fədailərin və fəalların mühacirət etmə məcburiyyətində qalan ailələri də, həmin məktəbə övladlarını tərəddüd etmədən göndərirdilər. Onlar, Sovet dönəmində digər qitələrdən və ölkələrdən gələnlərə nisbətdə sayca üstünlük təşkil edirdilər. Üçüncülük isə, “qara polkovniklər”in çevrilişindən, edam və təqiblərindən yaxa qurtarmaq üçün, SSRİ-yə pənah gətirən yunanların uşaqlarına məxsus idi. Beynəlxalq İnternat Evi (“İnterdom”), müdavimlərin hər biri üçün, beləcə isti yurd-yuva olmuşdu.
Təhsil ocağında bəşəri insanların yetişdirilməsi, heç də, hamı tərəfindən alqışlanmırdı. İmperialist dairələr yaxşı bilirdilər ki, səmimiyyət olan yerdə, onların yeri yoxdur. 1991-ci ildən baş verən proseslər buradan da yan keçmədi. Bəşəri dəyərlərə meydan oxuyanların Rusiyada da hakimiyyət başına gəlməsi ilə, təlim-tərbiyə müəssisəsinin təyinatı dəyişdi. Ona qarşı əvvəlki maraqlardan getdikcə əsər-əlamət qalmadı. Şahmat üzrə eks-dünya çempionu Anatoli Karpov Dumada həyəcan təbili çaldı: “İvanovo İnternat Evinə əvvəlki statusu qaytarılmalıdır” (İnterdom.info saytı, 05.07.2011).
Deyə bilmərəm, hörmətli qrossmeyster bu internat evini nə dərəcədə tanıyırdı. Məlum həqiqətdir ki, keçmiş ittifaqı dağıtmağın Amerika və Qərb ssenarilərində xalqlar arasında düşmənçiliyin genişləndirilməsi, münaqişə ocaqlarının yayılması əsas istiqamətlərdən olduğundan, belə müəssisələr də, hədəfdə dayanırdı. Mixail Qorbaçov və Boris Yeltsin dönəmlərində, bunun üçün, nə lazım gəldi etdilər. Hədəflər sırasında İvanovodakı məktəbin təməlinin sarsıldılması da dayanırdı.
Söhbətdən yayınmayaq. Məktəbin ilkin təyinatından, demək olar ki, əsər-əlamət qalmayıb, amma, bir neçə nəsil var ki, onların simasında dostluq, mehribanlıq indiyədək yaşamaqdadır. Bir parta arxasında əyləşən gənclər, haradan gəldiklərinin fərqinə varmadan, ailə qurublar, məktəb yoldaşları ilə əlaqələri itirməyiblər. Azərbaycandan da, bu barədə misallar gətirə bilərik. Məktəb məzunlarını 10 ildən yuxarıdır bir araya gətirən beynəlxalq təşkilat fəaliyyət göstərir. Keçmiş sinif yoldaşları, 2010-cu ildən bəri, 54 beynəlxalq konfrans düzənləyiblər –Bolqarıstanda, Yunanıstanda, Çində, Almaniyada, Ekvadorda, Keniyada, Portuqaliyada!.. İnternatın özü konfransların üçünə ev sahibliyi edib. Biri isə, Bakıda (2014-cü ildə) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli köməyi və qayğısı ilə, yüksək səviyyədə keçirilib.
Onda, bu konfransın keçirilməsi üçün, paytaxtın Xəzər dənizi sahilindəki beş ulduzlu otel ayrılmışdı. Həmin gün gördüklərim, eşitdiklərim sanki məni sehirli bir aləmə qovuşdurmuşdu. Bunu mütləq deməliyəm ki, konfransda iştiraka və unudulmaz təssürata görə, Bəhram Daneşianiyə özümü borclu sayıram. O, Azərbaycan Demokrat Firqəsinə uzun ilər rəhbərlik etmiş, general Qulam Yəhya Danişianinin həmin məktəbdə təhsil almış övladlarının böyüyüdür.
Onda, iştirakçıları salamlayanlardan birinin — 90 yaşlı braziliyalı qadının kövrək təbrikləri hamıya təsirsiz qalmadı. Ən maraqlı lövhələrdən biri isə, Bəhramın tanış etdiyi keniyalı qadının sorğusu oldu: “Hər il martın 26-da Bakıdan məktəbimizə bolluca şəkərbura, paxlava göndərərdilər. Elə dadlı idi ki, istəyirdik, hər gün martın 26-sı olsun”. Cavab verdim ki, həmin nemətləri fərdlər yox, mənim də mənsub olduğum Azərbaycan Demokrat Firqəsi yollayıb. Bu təşkilatın uzun illər rəhbərlərindən biri Bəhramın atası olub.
Bəli, ADF hər il İvanovodan olan uşaqlara şəkərbura, paxlavanı nəinki dadızdırmış, həm də adını belə əzbərlətmişdi. Martın 26-nın üzərində ona görə xüsusi dayandım ki, əsaslı səbəbi var; Həmin günü təşkilatımızın, Çinin, İspaniyanın və Yunanıstanın təmsilçiləri bir araya gələrək təsis etmişdilər. Məqsəd, bütün internat evi şagirdlərinin ildə bir dəfə, ümumi qeyd edə biləcəkləri günü müəyyənləşdirmək olmuşdu. Sovet dönəmində bütün bayram yığıncaqlarının, məcislərinin sponsorluğu ADF-nin üzərinə düşürdü.
Səhər İvanovoda təhsil almış məsləkdaşlarımızdan birinin qardaşı — A. Nadir elektron poçtuma şəkil atmışdı. Fotoda xəbərdarlıq edilirdi ki, martın 26-dır. Bilirdim ki, həmin məktəbdə keçirilən tədbirləri yada salır. Sovet dönəmində, martın 20-dən sonra, Bakının qənnadı fabrikləri, demək olar ki, ADF-nin sifarişini yerinə yetirmək üçün işləyirdilər. İndi həmin günlərin adı da, dadı da yaddaşlardadır.
Sonda, onu da qeyd edim ki, bizim təşəbbüsümüzlə paytaxtımızda belə İvanovo internat evi məzunlarının təşkilatı yaradılıb. İxtisasca memar olan Qaçay Əzimi tədbirlərini sonraya saldıqlarını dedi. Onlar dəfələrlə həmin günü bayram ediblər, yenə də, bu bayram gününün qeyd olunması yolunu müəyyənləşdirəcəklər.
Rəhim HÜSEYNZADƏ,
Azərbaycan Demokrat Firqəsinin sədri,
Əməkdar jurnalist.
araz.az xəbər portalı.