fb374f3d9e159d76542e0089ff6c3714 XL

Son vaxtlar bəzi sosial şəbəkə, internet TV kanaları tərəfindən şəhər İcra Hakimiyyətinin rəhbər və məsul əməkdaşları barədə ölkə Prezidentinə ünvanlanmış əsassız, qərəzli və böhtan xarakterli müraciətlərin yayılması təəssüf hissi doğurur, cəmiyyətdə dövlət idarələrini və dövlət qulluqçularını nüfuzdan salmaq, onların işgüzar fəaliyyətlərinə xələl gətirməyə xidmət edir.

Bu da, bəzi sosial şəbəkə, internet TV kanalları ilə əməkdaşlıq edən səriştəsiz “jurnalist”lərin KİV haqqında qanuna əməl etməmələrindən, lazımi jurnalist araşdırması aparmadan, qarşı tərəfin rəyini almadan, öz şəxsi mənafeləri naminə müəyyən insanların maraqlarına xidmət etmələrindən irəli gəlir.
Belə ki, Şirvan şəhəri H.Z.Tağıyev küçəsi 59/1 saylı ünvanda yaşayan Əliyev Elçin Xanlar oğlunun, onun qonşusu Kazım Bəşirovun və Təbriz küçəsi 44 nömrəli evdə yaşayan Vətən müharibəsi iştirakçısı Dadaşov Fuad Elçin oğlunun sosial şəbəkələrdə, internet TV kanalarında yayımlanan müraciətlərində guya şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmədikləri, onlara maddi yardım olunmadığı bildirilir və köməklik göstərilməsi xahiş olunur.

Şirvan şəhər İcra Hakimiyyətinin mətbuat xidməti olaraq bildiririk ki, anadangəlmə gözdən əlil Elçin Əiyev və əlil Kazım Bəşirov müraciətləri əsasında karantin rejiminin qaydaları gözlənilməklə dəfələrlə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş, qaldırdıqları məsələlərin həlli istiqamətində onlara zəruri köməkliklər olunmuşdur.

Elçin Əliyevin İcra Hakimiyyətinə ünvanladığı müraciəti əsasında onun yaşadığı fərdi evin təmiri üçün zəruri materialların alınmasına vəsait ayrılmış və bank hesabına köçürülmüşdür. 

Həmçinin maddi durumu nəzərə alınaraq ona 16.04.2020-ci il tarixdə ərzaq yardımı verilmiş, 2020-2021-ci dərs ilinin əvvəlində övladının məktəbli geyimi və dərs ləvazimatı ilə təmin olunması məqsədilə 220 manat maliyyə köməkliyi olunmuş, 2020-ci ilin oktyabr ayında 200 manat birdəfəlik maddi yardım edilmiş və 19.03.2021-ci il tarixdə isə Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımı verilmişdir.
Onun müraciəti əsasında 24.03.2021-ci il tarixdə bacısı oğlu azyaşlı, anadangəlmə serebral iflic olan Zeynalov Yusif Rəşad oğlunun ailəsinə Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımı verilmişdir. Şəhər İcra Hakimiyyəti başçısının qəbulunda olarkən həyat yoldaşı və bacısının işlə təmin olunmaları haqda müraciətləri də müsbət həll edilmişdir. Lakin Əliyev Elçin bununla kifayətlənməyərək 19.03.2021-ci il tarixində yenidən İcra Hakimiyyətinə gələrək ona 3000 min manat verilməyəcəyi təqdirdə bacısı oğlu ilə birlikdə meydanda özlərini yandıracaqlarını bildirmişdir.

Vətəndaş Bəşirov Kazım Əhməd oğlu da dəfələrlə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş, onun qaldırdığı məsələlərlə bağlı zəruri tədbirlər görülmüşdür. Müraciəti əsasında oğlu və həyat yoldaşı işlə təmin olunmuş, ailəsinə vaxtaşırı ərzaq yardımları edilmiş, yaşadığı evin təmiri üçün bank hesabına maliyyə vəsaiti köçürülmüş, ailəsi zəruri dərman preparatları ilə təmin edilmişdir. Ona 19 mart 2021-ci il tarixdə Novruz bayramı ilə də əlaqədar ərzaq yardımı verilmişdir.
Vətən müharibəsi iştirakçısı Dadaşov Fuad Elçin oğlu isə hazırda Şirvan şəhər Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir, xəstəxana tərəfindən zəruri dərman preparatları ilə təmin olunur.

Anası Dadaşova Sübi Sədiyar qızının maddi yardımla bağlı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciəti nəzərə alınmış Novruz bayramı ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən ona ərzaq yardımı olunmuşdur. Fuad Dadaşov şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı tərəfindən vaxtaşırı ziyarət olunmuş, onun qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Göründüyü kimi Elçin Əliyevin, Kazım Bəşirovun və Fuad Dadaşovun şəhər İcra Hakimiyyətinin rəhbər və məsul əməkdaşları tərəfindən diqqətdən kənarda qalmaları barədə müraciətləri əsassızdır, reallığı əks etdirmir.

Zaur SARIYEV,

Arazmedia.az

araz.az xəbər portalı.