Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. Müraciətdə minillər boyu Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı son iki əsrdə aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmasından və bu ərazidə ermənilər tərəfindən azərbaycanlıların mədəni irsinin məhv edilməsindən bəhs edilmiş, UNESCO-dan məsələyə rəsmi münasibət bildirməsi xahiş olunub.
Müraciəti imzalayanların ön sıralarında Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli də yer alıb.
Modern.az Əziz Ələkbərlidən məsələyə münasibət bildirməsini xahiş edib. O bildirib ki, Azərbaycan ziyalılarının Qərbi Azərbaycandakı mədəni irsimizlə bağlı UNESCO-ya müraciəti erməni vandalizminin ifşasında yeni mərhələnin başlanğıcıdır:
“Bu, eyni zamanda Azərbaycan xalqının, Azərbaycan ordusunun və Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi milli həmrəyliyin, siyasi iradə və qətiyyətin növbəti təzahürüdür. Bu, həm də Vətən müharibəsindəki möhtəşəm Qələbəmizin doğurduğu yeni reallığın nəticəsidir. Artıq ermənilər bilməlidirlər ki, siyasi oyunbazlıq dövrü keçib, işğal müddətində tarixi torpaqlarımızda törətdikləri vandalizm hərəkətlərinə görə mütləq cavab verəcəklər. Həm də təkcə 30 ildə Qarabağda və ətrafındakı yeddi rayonda törətdikləri cinayətlərə görə yox, həm də son iki yüz ildə Azərbaycanın bütün tarixi torpaqlarında törətdikləri vandalizm hərəkətlərinə görə!
Bu məsələdə təkcə ermənilər yox, bütün bu müddət ərzində ermənilərin əməllərinə göz yuman, göz yummaqla rəvac verən beynəlxalq təşkilatlar da öz hesabını götürməlidir. O cümlədən BMT-nin Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO. 1945-ci ildə yaradılan və irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqların mədəni irsinin qorunmasında məsul olan bu qurum 75 il ərzində ermənilərin bölgədə törətdiyi vandalizm əməllərinə bir dəfə də olsun münasibət bildiribmi? 1948-1953-cü illər deportasiyası, 1988-1991-ci illər soyqırımı, birinci və ikinci Qarabağ müharibəsi dövründə erməni vandalizmini görməzdən gələn bu təşkilat, nəhayət, Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etməlidir. Azərbaycan ziyalıları bu gün haqlı olaraq UNESCO-dan Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edir. Bu, minillər ərzində dünya mədəni irsinə saysız-hesabsız töhfələr verən Azərbaycan xalqının tarixi-mənəvi haqqıdır”
araz.az
araz.az xəbər portalı.