konulnurullayeva12

Azərbaycanın pandemiyaya qarşı mübarizə siyasəti ilk gündən qlobal həmrəylik və ədalətli yanaşma ilə xarakterizə olunur. Təcrübə də göstərdi ki, pandemiyaya qarşı effektiv mübarizə qlobal səviyyədə səylərin birləşdirilməsini tələb edir. Bu reallıqdan yanaşaraq, hələ ötən ilin dekabrında Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi. Paralel olaraq, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biridir.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, Azərbaycan regionda vaksinasiya həyata keçirən ilk ölkədir:

“Qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri kimi Azərbaycan vaksinlərin ədalətli bölgüsünün də tərəfdarı olduğunu əvvəldən bəyan edib. Ədalətli bölgü dedikdə təbii ki, inkişaf səviyyəsi və sosial durumundan asılı olmayaraq bütün dövlətlərin və cəmiyyətlərin vaksinə əlçatanlığının təmin edilməsi nəzərdə tutulur. Təəssüflə qeyd etməliyik ki, pandemiyaya qarşı qlobal mübarizədə fəallıq nümayiş etdirən Azərbaycan digər dövlətlər kimi COVAX-ın ədalətsiz yanaşması ilə üz-üzədir. Vəd olunan vaksinlər hələ də ölkəmizə təhvil verilməyib. Eyni zamanda vəd ediləndən daha az sayda vaksinin verilməsi nəzərdə tutulsa da, bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Ziddiyyət isə ondadır ki, COVAX tərəfindən qonşu dövlətə artıq ilk partiya vaksinlər çatdırılıb”.

Millət vəkili vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı faktların göz önündə olduğunu və bunun qəbuledilməzliyini vurğulayıb:

Məsələ beynəlxalq səviyyədə gündəmə gəlib.Təsadüfi deyil ki, martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. Bundan əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilmişdi. Yəni, məsələ kifayət qədər ciddidir və qlobal səviyyədə etirazla müşaiyət olunur”.

Könül Nurullayevanın fikrincə, vaksinlərin dünya ölkələri arasında bərabər və ədaləti bölgüsü məqsədilə yaradılan COVAX platforması öz öhdəliklərini yerinə yetirmir, ikili standartlardan çıxış edir:

“Doğrudur, COVAX-ın ikili standartları əks etdirən mövqeyi Azərbaycanda vaksinasiya prosesinə təsir etmir. Çünki Azərbaycan bu sahədə də preventiv tədbirlər həyata keçirib. Çin şirkəti ilə imzalanan müqavilə əsasında artıq ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub. Proses davam edir. Azərbaycan bu prosesdə də bütün riskləri gözə alıb. Sadəcə, COVAX-ın Azərbaycana münasibətdə öhdəliyini yerinə yetirməməsi haqlı olaraq narazılıq yaradır. Bu, pandemiyaya qarşı mübarizədə tələb olunan qlobal həmrəylik və səylərin birləşdirilməsi prinsipi ilə də ziddiyyət təşkil edir”.

 

 

araz.az

araz.az xəbər portalı.