Son günlər COVID-19-un statistikasında yoluxma sayının sürətlə artması hər kəsin narahatlığına səbəb olub. Çünki bu, sağlamlıq və həyatımız üçün ciddi təhlükə riskinin olması ilə bağlı həyəcan təbilidir. Ötən günlərlə müqayisədə yoluxma ilə yanaşı, COVID-19-dan ölənlərin də sayı çoxalıb. Bütün bunlar bir kənara, üstəlik virusun Britaniya ştammına da yoluxanlar da var. Artmaqda olan pozitiv test cavabları mövcud vəziyyəti əməlli başlı neqativləşdirir.
“Bəli, yoluxmaların sayı artıq dördrəqəmlidir. Karantin qaydalarının yumşaldılması öz sözünü deyir. Yoluxmanın artması gördüyümüz kimi, sürətlə gedir. İnfeksiyalarda R0 deyilən əmsal var. Bununla bir xəstə insanın özündə olan virusu neçə nəfərə yoluxdurması ölçülür. Bir qızılcalı şəxs 12, ebolaya yoluxmuş adam 2 nəfəri yoluxdura bilir. Yoluxanlar da eyni qayda ilə başqalarını yoluxdururlar. COVİD-19-da bu rəqəm 2-2,5 arasıdır. 2 nəfər 5 nəfəri yoluxdurur. Bu formada yoluxma sürətlə arta-arta gedir”.
Bu fikirləri həkim-infeksionist Mərdan Əliyev söyləyib.
İnfeksionistin sözlərinə görə, 3 sadə qaydaya mütləq əməl etməli olduğumuzu unutmamalıyıq: “Maska taxmaq, sosial məsafəni qorumaq və gigiyena qaydalarına əməl etmək. Bunların içində ən önəmlisi isə tibbi maskalardan düzgün istifadə etməkdir. Çünki bu virus hava-damcı yolu ilə yayılır. Bu da o deməkdir ki, xəstə şəxsin tənəffüs yollarından çıxan viruslar sağlam insana yoluxur. Hər iki şəxs maska taxarsa 98 faizə qədər yoluxma ehtimalının azaldılması mümkündür. Sosial məsafəyə əməl olunmalıdır. Kontakt yolu ilə də yoluxma olduğu üçün əllərin yuyulması vacibdir. Çirklənmiş yerlərə toxunduqdan və yaxud da xəstə şəxslə görüşdükdən sonra əlimizi üzümüzə, burnumuza vurarıqsa, yenə də yoluxma imkanı var. İctimai nəqliyyat vasitələrindən istifadə etdikdən sonra əllərimizi mütləq yumalıyıq. Yuyana qədər isə əllərimizi üzümüzə, ağzımıza vurmamalıyıq.”
Ekspert sırf vaksinasiya prosesinə ümidli olub heç bir preventiv tədbirlər görməyənlərə bunun hələ tez olduğunu vurğuladı:
“Vaksinasiya prosesinin lazımi nəticəni göstərməsi üçün təbii ki vaxt lazımdır. Əhalinin 80 faizə qədəri immunizasiya qazandıqda yoluxma zənciri qırılır və yoluxma zaman keçdikcə azalır. Təqribi hesablama ilə 10 milyon əhalimizin 5 milyonu uşaqdır. Qalır 5 milyon insanın təqribən 2,5 milyonu yoluxub. 2,5 milyonu isə qalır. Belə çıxır ki, biz 2,5 milyon şəxsə peyvənd vurmalıyıq. Bunların da ən azı 80 faizi peyvəndlənsə bu zaman məsələ həll olar. Hazırda bizdə 500 mindən artıq şəxsə peyvənd vurulub. Hələ qarşıda xeyli vaxt var. Buna görə də hələ peyvəndlənmədən nəticə gözləmək olmaz. Bizə bir az vaxt lazımdır. Təbii ki zaman keçdikcə vaksin yoluxmanın qarşısını alacaq. Peyvənd olunmaq 100 faiz virusdan qorunmaq demək deyil. Hazırda vurulan vaksinin effektivliyi 90 faizdən yuxarıdır. Peyvənd olunan şəxslər 6 aydan 1 ilə qədər virusdan qoruna bilirlər.”
M.Əliyev virusun Britaniya ştammına da münasibət bildirib: “Viruslar sürətlə artıb çoxalan orqanizmlər olduğu üçün onlarda mutasiyalar tez-tez baş verir. Bu mutasiyalar nəticəsində virusların yeni variantları meydana çıxır. Britaniya ştammı da COVID-19-un yeni variantlarından biridir. Burada fərq nədədir deyə soruşsanız bildirməliyəm ki, bir proteində mutasiya baş verib. Həmin protein insan orqanizminin hüceyrəsinə yapışmağa cavabdeh olan proteindir. Mutasiya nəticəsində həmin protein daha yaxşı yapışır. Nəticədə virusun yoluxduruculuq qabiliyyəti artır. Amma digər patogenliyində, görünüşündə, strukturunda heç bir dəyişiklik yoxdur. Mutasiya virusun antigenində gedib. Ona görə peyvəndlə elə bir əlaqəsi olmayacaq. Virus peyvəndə qarşı təsirini itirmir. Öldürücülük qabiliyyətinə də təsir göstərmir. Məsələn, deyək ki, bu virusda 2.5 nəfəri yoluxurdusa, mutasiyaya uğramış virus 3-4 nəfəri yoluxdurur. Amma bu say hələ dəqiq məlumat deyil. Amma mutasiya nə virusun potegenliyinə, nə də virulentliyinə təsir göstərir. Sadəcə, yoluxma qabiliyyəti artıb, başqa təhlükə yoxdur.”
Həmsöhbətimiz əlavə edib ki, hələ də cəmiyyətlərdə COVID-19-a inanmayan insanlar var. Ancaq inanmayan qrup çox olanda, virusla mübarizəyə mənfi təsir edir: “Ancaq inanmayanları da qınamıram. Çünki onları maarifləndirmək lazımdır. Mən inanmadığını deyən bir çox insana izah etmişəm və inanıblar. Ancaq fərdi şəkildə bu cür iş aparmaq da olmur. Bunun mexanizmi qurulmalı və maariflənmə daha yaxşı aparılmalı idi. Sərt karantin rejimi olarsa, yoluxmaların artmasının qarşısını almaq olar. Fikrimcə, sərt karantin rejiminin tətbiqi zəruridir. Çıxış yolu isanların fərdi şəkildə qaydalara riayət etməsindədir. Ümumilikdə isə mövcud vəziyyətdən çıxış yolu nə qədər ki, vaksin tam vurulmayıb, peyvəndlənmə bitməyib, karantin rejiminin nisbətən sərtləşdirilməsidir.”
araz.az
araz.az xəbər portalı.