Eflatunamasov

Son günlər müxtəlif internet informasiya resurslarında, habelə sosial şəbəkə profillərində intiharlarla bağlı xəbərlərin sayı artmaqdadır. Azərbaycan Mətbuat Şurasının sədri, elə bir vətəndaş olaraq da bu durumdan narahatam. Əslində narahatlığımı bir müddət öncə də ifadə etmişdim. İndi də təxminən eyni dəst-xəttə sadiqəm. Təəssüf ki, intihar xəbərlərinə marağın azaldığını görmürəm. Yəqin sizlərin də gördükləri elə mənim müşahidələrimdən fərqlənmir.

Mətbuat Şurası intiharlarla bağlı informasiyalara həmişə həssas yanaşıb. Şura eyni zamanda bu qənaətdə olub ki, belə informasiyaların ilk mənbəyi rolunda çıxış edən müvafiq dövlət qurumları da məsələyə həssas yanaşmalıdırlar.

Dünya statistikasına əsasən demək olar ki, intiharların baş verməsinin ən müxtəlif səbəbləri var. Araşdırmalar göstərir ki, səbəblər böyük ölçüdə ictimai əhəmiyyət daşımır, hansısa şəxsin fərdi durumundan irəli gələn affekt davranış halı kimi özünü göstərir. Deməli, intihar hadisəsi ilə bağlı bilgi ictimai əhəmiyyət daşımırsa, həmin bilgi informasiya dövriyyəsinə buraxılmamalıdır.

Bəli, intihar olayına dair bilgi insanların total şəkildə yanlış məlumatlandırılmasının qarşısının alınmasına xidmət etmirsə,onun informasiya dəyəri qazanmasına ehtiyac qətiyyən yoxdur. Bu baxımdan müvafiq dövlət qurumlarının üzərinə daha böyük məsuliyyət düşür. Medianın və sosial şəbəkə istifadəçilərinin də məsuliyyəti öz yerində.

***

Sosial şəbəkə istifadəçiləri hər şeydən öncə bilməlidirlər ki, intihar bir faciədir. Əgər kimsə məsələyə faciə prizmasından kənar yanaşmırsa, demək ki, zombiləşib. Necə düşünməmək olar ki, intihar edənin də əzizləri, yaxın qohumları, dostları, həmkarları var? Axı onlar təsadüfi çəkilmiş video görüntüyə baxıb sarsıntı keçirəcəklər. Daha doğrusu, intiharın verdiyi sarsıntı və üzüntü bir qədər də dərinləşəcək. Düşünəcəklər ki, çevrələrindəki şəxslər artıq onlara intihar edən adamın qohumu, dostu, əzizi kimi yanaşacaqlar. Mümkündür ki, münasibətlərdəki baxışlar kökündən dəyişsin. Dəyişiklik isə insanın həyat tərzinə də təsir göstərəcək. Hamımız sosial şəbəkə istifadəçiləriyik və sosial şəbəkə istifadəçilərinin bunu nəzərə almaları mütləqdir.

***

Yeri gəlmişkən, araşdırmalar onu göstərir ki, bəzən intihar hadisəsi ilə bağlı bilgilər kütləvi informasiya vasitələrinə sosial şəbəkələrdən daxil olur. Kimsə intihar anını əks etdirən videonu çəkir və özünün tutalım, facebook səhifəsində paylaşır. Media orqanlarının məsələyə münasibəti iki cür olur. Bir qrup heç nəyə baxmadan, hadisənin, nə vaxt, harada baş verməsinə fikir vermədən onu yayımlayır. İkinci qrup isə dəqiqləşdirmə aparmaq məqsədilə müvafiq dövlət qurumlarına müraciət edir.

Birinci hal əlbəttə tam yolverilməzdir, peşə etikasına birbaşa ziddir. İkinci halda isə media üçün əsas olan intiharın motivində ictimai əhəmiyyət daşıyan olayın, məsələn, hansısa vəzifəli şəxsin və ya yüksək rütbəli məmurun hərəkətinin, ümumən məişət müstəvisindən uzaq davranışın olub-olmadığını müəyyənləşdirməkdir. Yəni demirəm ki, media intihardan ümumiyyətlə yazmamalıdır. Ola bilər ki, yazılmaması pisdir. Bəlkə yazılmaması hansısa cinayətin ört-basdır edilməsidir?!

Deməli, media faktı dəqiqləşdirmək üçün müvafiq dövlət qurumuna üz tutmalıdır. Məhz bu məqamda media və dövlət əməkdaşlığı özünü göstərməlidir. Məlumatlı tərəf olan dövlət qurumu intihar faktı varsa, təsdiqləməlidir. Ancaq bu təsdiqləmə heç də o anlama gəlməməlidir ki, media onun barəsində yazmalıdır. Hər iki tərəf müştərək şəkildə qərar verməlidir – yuxarıda bildirdiyimiz kimi, bu intihar hadisəsi ilə bağlı bilginin informasiya kimi yayılması cəmiyyətə nə verəcək? Burada elə bir məqam varmı ki, məsələni məişət müstəvisindən çıxarsın? Əgər yoxdursa, demək ki, bilginin informasiya olaraq cəmiyyətə çatmaq hüququ da yoxdur. Bunlar ciddi şəkildə nəzərə alınmalıdır.

***

Nəyə görə intiharlarla bağlı məlumatların geniş topluma çatması mənfi tendensiyadır? Güman etmirəm ki, bunu ayrılıqda uzun-uzadı izah etməyə ehtiyac var. Hərçənd əvvəldə yazdıqlarım müəyyən mənada onun da izahı idi. Bəs, əsas məsələ nədir? Əsas məsələ odur ki, intihar xəbərlərinin bolluğu intiharı adiləşdirir. Buna qarşı ictimai müqavimət get-gedə əhəmiyyətsiz hal alır. Hər kəs düşünür ki, intihar hansısa problemdən çıxış yoludur və ya hansısa problemə adekvat münasibət formasıdır. Nəticədə belə düşüncənin şüurlarda möhkəmlənmə riski yaranır. İctimai missiya daşıyan media üçün vacib məqam məhz bu təhlükəni görmək və qarşısını almaqdır. Eyni missiya dövlət üçün də vacibdir. Hər intihar xəbərini yaymaq media üçün məlumatlılıq göstəricisi sayılmadığı kimi, bununla əlaqədar ilk mənbə rolunda çıxış etmək də dövlət qurumu üçün informasiya açıqlığı göstəricisi sayıla bilməz.

Əflatun AMAŞOV, 

Azərbaycan Mətbuat Şurasının sədri.

araz.az xəbər portalı.