9235268519f7d8b49deba49d56b12b44 XL

 
Elə bil bu dünya sənsizliyə qərq olub. Hər yerdən sənsizlik boylanır. Hər kəsin gözlərindən sənsizlik tökülür. Artıq 5 il ötməsinə baxmayaraq bu sənsizlik ilk günkü kimidir. Ürək sənsizliyin ilk toxunuşunda necə titrəmişdisə hələ də eyni titrəyir. Hələ bəzi xəyallar ki, var bax ən çox onlar düçar olub sənsizliyə. Səni sənsiz yaşadan xəyallar. Sanki bir nəfəs kimi yaxın olduğun xəyalların qanadları bir anda qırılır və bir daş məzara çırpılır. O an bütün cahanı sən adlı sənsizlik bürüyür Rasim…
Əslində sən doğulduğun gün 1977-ci ilin 20 mayında vətənə pənah olmuşdun. O zaman heç kim bunun fərqində olmasa da qısa müddət sonra əqidənlə sən bunu aşkara çıxardın. Fərqliliyinlə fərqləndin. Bir az da ailənin qəhrəmanlarına bənzəyirdin. Axı böyüdüyün ailə qəhrəmanlar ailəsi idi. Atanın, əminin ürəyindəki vətən eşqi ürəyinə, gözlərindəki intiqam qığılcımı isə gözlərinə sıçramışdı. 1983-1994-cü illərdə Cəhri kənd orta məktəbində oxuyan şagirdlər arasında vətənin işıqlı sabahı olacağın heç kimə sirr deyildi. Çünki sən bir qəhrəman oğlu idin. O qəhrəmanın isə düşməndən alınacaq qisası var idi. Bir də düşmən tapdağında olan torpaqlar. Bir qazi oğlu vətən torpaqlarının düşmən tapdağında olmağına razı olarmı? Xeyir!
   Sən sonunu bildiyin yolu getməkdə qərarlı idin. Çünki o yolun yolçusu olan atan Əbdül Məmmədov gözlərinin önündə idi. Yaxşı bilirdin ki, vətən yolun gedənlərin son dayanacağı ya şəhadətdir ya da şəhadətin bir addımlığından dönülən qazilik. Bu gerçəyi bilərəkdən 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə addım atdın.2000-ci ildə həmin məktəbi tank qoşunları komandiri ixtisası üzrə bitirdikdən sonra Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etdirdin. Sən artıq bir Leytenant Rasim Məmmədov idin. Ancaq hələ gedəcək yolun uzun idi. 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə “təlim taborunun tuşlayıcı tağımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə “təlim döyüş tankları” tağımının komandiri vəzifələrində çalışdın. 2002-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi aldın. Həmin ildən 2005-ci ilə qədər N saylı hərbi hissədə “tank” tağımının komandiri vəzifəsində çalışdın. Baş leytenant rütbəsi aldıqdan 3 il sonra, 2005-ci ildə kapitan rütbəsi aldın və N saylı hərbi hissədə Mexanikləşdirilmiş bölük komandiri vəzifəsində çalışdın. Ötən zamanla bərabər bir hərbçi kimi püxtələşdin. Körpəlikdən könül verdiyin vətəninə sevərək xidmət etməyin çətinliyi gözlərinə görünmürdü. Axı sevənlər sevdiyi uğrunda ölümə belə gedərlər. 2007-ci ildən 2010-cu ilə qədər Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində çalışdın. Daha sonra bir müddət digər hərbi hissənin Motoatıcı Taborun Qərargah rəisi kimi xidmət etdin. 2011-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsinə yüksəldin. Ancaq yüksələcəyin ən böyük rütbə hələ qabaqda idi. 2011-ci ildən 2012-ci ilə qədər N sayılı hərbi hissədə Motoatıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə həmin hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışdıqdan sonra, 2014-cü ildən 2015-ci ilə qədər həmin hərbi hissənin 2-ci Motoatıcı Taborun komandiri kimi xidmət etdin.18 aprel 2015-ci ildən, şəhid olduğun günə qədər isə N saylı hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışdın.
      Ömrünün hər anından vətən boyda ümid boylanırdı vətənə. İki əlli tutduğun vətənin yolunda irəlilədikcə sevdiklərindən uzağa düşürdün. Addım-addım uzaqlaşırdın. Məsafələr dərinləşir, kəskinləşirdi. Bəzən həsrətin sevənlərinin ürəyinə toxunurdu. Ancaq bir gəlişinlə qışdan sonra gələn bahar kimi çöhrələrə gülüş bəxş edərdin, yazda qoxan torpaq kimi qoxardın vətən oğlu. Nazilə ana səndən övlad qoxusu duyardı, Qazi Əbdülsə həsrət qaldığı torpaqların qoxusun. Bir gün o həsrətli torpaqların, Qarabağın torpağını gətirəcəyin arzusu ilə yaşayırdı səni sevənlər. Elə də oldu. Bir zaman sən torpaq qoxurdun, indi isə torpaq sən qoxur. Qoxunu duydum şəhid. Lələ təpə torpağına hopan qanının qoxusunu…
    Əbəs yerə Lələ təpə fatehi deyilmir sənə. Sən o torpağı fəth edən qəhrəman kimi tarixin yaddaşına həkk olunmasın Rasim Məmmədov. 
     2016 – cı ilin aprel ayında tarixin toz tutan səhifələrini igidlər qan ilə yudular. Vətən yollarına şəhidlər qan, şəhid anaları göz yaşı çilədi. O yolların bir çox yolçuları dönüşlərində azad olan torpaqlarda ucalan bayraqların əksi düşən tabutlarda döndülər. Sənin kimi…
     Dönüşün duruşun kimi əsalətindən xəbər verirdi. Zarafat deyil illərdən sonra düşmən tapdağından torpaq azad etmək. Azadlığa gedən yoldan bəhs olunan “Aprel zəfəri” adlı qəhrəmanlıq dastanının ilk səhifəsini qanı ilə yazan şəhidlərdən biri kimi tarixdə qaldın. Sən qalib kimi döndün. Şanına yaraşdı ucaltdığın bayraq. İllərdi addım ata bilməyən atan bayraqlı tabutunun önündə məğrur durdu. İllər öncə Sədərəkdə məğrur duruşu ilə göz oxşayan hərbçi indi şəhid atası kimi məğrur duruşu ilə göz oxşadı. Ürəyindən qopan o teli bəlli etmədi kimsəyə. Əslində həmin gün ruhu yaşamdan ayrıldı cismi günlər sonra yaşamdan ayrılan şəhid atasının.
      Qardaşların Aslan, Şahin və Etibar şəhadətinin alovu ilə yanan ürəklərinə əmanətlərinin göz yaşlarını çilədilər. Bu həsrətin küləyi nə qədər sərt əssə də qardaşlar bir-birinə tutunub ayaqda qalmağı bacardılar. Axı onlar şəhid qardaşlarıdır.O adı qürurla daşıdılar. 
    Həmin gün qanınla boyanan şanlı bayraq övladlarının göz yaşları ilə islandı. Onlar atasızlıq adında sonu görünməyən bir yola ilk addım atdılar. Ürəyi sevginlə döyünən yarın həmin gün sənsizliyə düçar oldu. 
     Aprelin 4-dən 5-nə keçən gecə sanki Naxçıvanın gözlərinin yuxusu ərşə çəkilmişdi. Bütün naxçıvanlılar qəhrəmanının gələn yollarına düzülmüşdü. Hər kəs qalibiyyətin dərilən çiçəyinə gözlərindən səhər jaləsi pay verməyə çalışırdı. Vətəndaşlar son dəfə sevgi seli ilə şəhidini son mənzilə yola saldılar. Əslində isə 5 aprel günü sənin cismin torpağa tapşırılsa da adın ürəklərdə əbədi yazıldı. 
     Həsrətinə atan kimi dözməyib cənnətinə tələsənlərdə oldu, bu dünyada sənsizliyə qərq olanlar da…
    Vətənə elə layiqli xidmət etdin ki, ilk öncə əsgərlərin, zabitlərin, rəğbətini qazandın. Daha sonra xidmətin ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 İlliyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medallarına layiq görüldün. Şəhadətə ucaldığın gün ən ali mükafatı qazandın və şəhadətindən sonra “Qüsursuz xidmətə görə ” 2-ci dərəcəli medalı və “Vətən uğrunda” medalına layiq görüldün.
      Şəhadət ən böyük arzun olsa da Qarabağı tam azad etdikdən sonra şəhadətə ucalmaq arzusunda idin. Ancaq sən Qarabağa gedən yoldakı ən aşılmaz səddi aşdın və şəhid oldun. Sayəndə 5 il öncə Lələ təpə yüksəkliyinə sancılan bayraq hər əsintisində Azərbaycan ordusunda qalibiyyət əzmini daha da artırdı. Həmin o əzmin gücündən 2020-ci ildə zəfər doğdu. Azərbaycan ordusu sənin və sənin kimi minlərlə oğulların intiqamını alıb, Qarabağın vətən həsrətli ürəyində bayraq ucaltdı.
ŞƏHİD RASİM
 
Sənin məzarından vətənin əksi, 
Görünür hər Günəş qürub edəndə. 
Gecənin sükutu susub dinləyir, 
Susmuş rəsimlərin dilə gələndə. 
Bu susmuş daş məzar dil açıb deyir, 
Vətənin qanayan yaralarından. 
Sanki anaları xəbərdar edir, 
Yaralı can verən balalarından. 
Neçə əsgərinin son nəfəsində, 
Sonuncu kəlməsin duymusan şəhid?! 
Sən də son nəfəsi verdiyin zaman, 
O son nəfəsinə kim oldu şahid? 
Sən Lələtəpəyə sancdığın bayraq, 
Zəfər sədasıyla hey dalğalanır. 
Bu günkü zəfərin qalib ordusu, 
Bütün şəhidləri rəhmətlə anır. 
İlk zəfər sevincin siz yaşatdınız, 
Dərdi tükənməyən uca millətə. 
Rasim, öz ömrünü sən bəxş elədin, 
Qəlbi dağlı olan bu məmləkətə. 
MANYA SƏXAVƏTQIZ

araz.az xəbər portalı.