WhatsApp Image 2021 03 31 at 17.16.41

Həbsdə olan sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib.

O, günahsız yerə həbs edildiyini, 3 ildir qanunsuz həbsdə saxlandığını və əziyyət çəkdiyini qeyd edib.

“Quska” səhhətinin ağırlaşdığını, 70 yaşlı anasının da bu səbəbdən əziyyət çəkdiyini və onun da səhhətində ciddi problemlər yarandığını bildirib.

Hüseyn Abdullayev məktubunun sonunda baş verənlərin ədalətsizlik olduğunu söyləyərək Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.

İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır.

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.

Hüseyn Abdullayev özünü təqsirli bilmir.

araz.az xəbər portalı.