Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim videosu ilə bağlı müzakirələr səngimir. Bu, normaldır. Çünki Cəmil Həsənli sıradan biri deyil. Uzun illərdir, siyasətdədir, elə bu səbəbdən məsələ ilə bağlı fərqli fikirlər səsləndirildi; Cəmil Həsənlini tənqid edənlər də oldu, tərəfini saxlayanlar da…
Təbii ki, bu əməl şəxsi həyata müdaxilədir, cinayət hesab olunur. Kiminsə şəxsi həyatı ilə bağlı bu cür məlumatın yayılması yolverilməzdir. Demək olar, əksəriyyət bu mövqedən çıxış etdi. Azərbaycan Konstitusiyasının 32-ci (Şəxsi toxunulmazlıq hüququ) maddəsi var. Qeyd olunur ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsində də cəzalar nəzərdə tutulub. Belə ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılmasına görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni əməllər: vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, əsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yəni məhkəməyə müraciət olunacaqsa, qanunun müddəaları işə düşəcək.
Günel Həsənlinin özü də bu barədə açıqlama yayıb, baş verənləri təsdiqləyib.
“Sosial şəbəkələrdə şəxsi həyatıma qanunsuz müdaxilə ilə bağlı yayılan məlumatların, xüsusilə həmin məlumatların ailəmin və atam Cəmil Həsənlinin şəxsiyyətinə ağır zərbə olduğunun dərin məyusluğunu və məsuliyyətini yaşayıram. Heç şübhəsiz ki, öz məsuliyyətsizliyim səbəbindən də yaşadıqlarım və doğmalarıma yaşatdıqlarımı özümə bağışlamıram” – Günel Həsənli bildirir.
Təbii ki, Cəmil Həsənli kimi şəxsin qızı diqqətli olmalı idi. O, məsələnin detallarını açıqlayıb. Amma məsələnin mənəvi tərəfləri də var. Cəmil Həsənli dərhal hakimiyyəti ittiham etdi. Təbii ki, hər kəsin söz haqqı var, bunun da versiya kimi irəli sürülməsində qəbahət yoxdur. Amma Cəmil Həsənlinin yalnız bu versiya üzərində dayanması da normal deyil. Milli Şura sədri heçmi özündə günah görmədi? Günlərdir, mətbuatda müxtəlif versiyalar irəli sürürlər, hətta “beşinci kolon” izi də axtarılıb. Ehtimal edilir ki, Azərbaycan hökumətinə zərbə vurmaq üçün belə bir addım atılıb. Hökumətin başı Qarabağ məsələsinə qarışıb, işğaldan azad edilən ərazilərin qurulması prioritet məsələdir. Qarabağ məsələsi daha ciddidir. Seçki vaxtı olsaydı, bəlkə də düşünmək olardı. Ortada bir fəaliyyət də yoxdur axı… Etiraf edək ki, hansısa məmurun başına belə bir hadisə gəlsəydi, normal qəbul olunacaqdı. Amma biz şəxsi həyatın toxunulmazlığından danışırıq axı, məmur da insandır.
Müzakirələrin davamında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn mətbuata açıqlama verdi ki, bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, “video cinayətkarlığı”na aydınlıq gətirilməsi, həmin rəzil əməlin təşkilatçı və icraçılarının tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıb. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib. Günel Həsənlinin açıqlamasından belə aydın olur ki, məsələ şəxsi münasibətlər zəmnində baş verib.
Doğrudur, bu hadisə Cəmil Həsənliyə ağır zərbədir, Azərbaycan cəmiyyəti konservativdir, əksəriyyət belə halları normal qəbul etmir. Ailə dəyərləri ən ali dəyər hesab olunur. Videoda yayılan formada hərəkətləri qəti şəkildə qəbul etmək olmaz. Üstəlik pul məsələsinin ortaya çıxması… Bir daha deyirəm, bu, adi şəxsin başına gəlsəydi, bu cür rezonans doğura bilməzdi. Amma Cəmil Həsənli kimi prezident olmağa iddialı şəxsin ailəsində bu cür hal baş verməməli idi. Seçkilərdə xalqın qarşısına çıxmaq da lazımdır axı. Amma necə? Təbii ki, Günel Həsənlinin 38 yaşı var, əməllərinə görə məsuliyyəti də özü daşıyır.
O deyir: Özünü mənə iş adamı Mahir kimi təqdim edən 20.02.1980-ci il doğumlu şəxslə 2020-ci ilin dekabr ayında tanış olmuşam. Dekabr və yanvar aylarında yalnız sosial şəbəkələr üzərindən ünsiyyətimiz olub. Mahirlə ilk dəfə gerçək həyatda 5 fevral tarixində, “Günaydın” restoranında görüşüb birlikdə şam yeməyi yemişik. Mahir ilk ünsiyyətdən özü haqqında çox gözəl təəssürat yaratmağı bacardı və təəssüf ki, mən ona inandım”. Hər şey də bundan sona başlayıb, vəssalam. Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı buna oxşar mövzuda belə bir yazı yazmışdı, bir hissəni təqdim edirəm: “Belə qızın, qadının kişi ailə üzvü ən axırıncı, ən yaramaz adamla, ən haqlı olduğu durumda mübahisə edərsə, axırda məğlub ayrılacaq, çünki o qaxıncın qarşısında söz tapmayacaq”. Danışmaq, susmaq hər kəsin öz haqqıdır, amma Cəmil Həsənli də bir qədər fasilə versə, daha yaxşıdır. Əvvəldən susmaq, əxlaq dərsi keçməmək lazım idi. Bir ailəni idarə etmək bu qədər çətindirsə, görün dövləti idarə etmək nə qədər çətindir, məsuliyyətlidir.
Kənan MİRZƏYEV.
araz.az xəbər portalı.