“Türkdilli dövlətlərin yaxınlaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi dönəm xüsusi əhəmiyyət daşıyır. Pandemiya dövrü olmasına baxmayaraq, Şuraya üzv olan ölkələr arasındakı iqtisadi əlaqələr daha da genişlənib”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlara sədrliyində həmin təşkilatların aktiv fəaliyyəti müşahidə olunur: “Ölkə başçısı cənab İlham Əliyev nəinki ölkəmizdə, sədri olduğu təşkilatlarda da liderlik nümayiş etdirir. Bildiyimiz kimi, bizim Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyimiz qlobal pandemiya dövrünə təsadüf etdi. Bu dönəm zirvə görüşlərinin keçirilməsində müəyyən çətinliklər yaratsa da, ölkə başçısı beynəlxalq praktikada ilk dəfə olaraq video formatda zirvə görüşlərinin və konfransların keçirilməsinin mümkünlüyü təqdim etdi və VII zirvə görüşü baş tutdu. Prezident görüşlər zamanı beynəlxalq gündəmi narahat edən məsələləri gündəliyə gətirir. Məsələn, bu gün dünyanı narahat edən əsas problemlərdən bəlkə də birincisi COVİD-19 pandemiyasıdır ki, görüş zamanı Prezident pandemiyaya qarşı mübarizədə dünya ölkələrinin əməkdaşlığının vacibliyini vurğulayır. Qeyd etmək istərdim ki, türkdilli dövlətlərin yaxınlaşmasında dövlətimizin başçısının sədrlik etdiyi dönəm xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Türk Şurasının üzvü deyildi, amma Prezident İlham Əliyevin sədrliyi dönəmində Özbəkistan da üzvlüyə qəbul edildi. Bütün bunlar deməyə əsas verir ki, türkdilli dövlətlərin dostluğu daha da möhkəmlənir”.
Azər Badamov qeyd edib ki, Azərbaycanın sədrliyi ilə keçirilən zirvə görüşləri türkdilli ölkələrin iqtisadi inkişafına böyük töhvə verir: “Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı həm 44 günlük Vətən Müharibəsindəki qələbə yolumuz haqqında məlumat verdi, həm də əməkdaşlıq şurasının fəaliyyətinin müsbət nəticələrini açıqladı. Aydın oldu ki, pandemiya dövrü olmasına baxmayaraq, ölkələr arasındakı iqtisadi əlaqələr daha da genişlənib. Misal üçün, Azərbaycan üzərindən daşınan qeyri-neft sektorunu əhatə edən yüklər avtomobil daşımalarında 52% artım müşahidə olunub”.
Deputat vurğulayıb ki, görüş zamanı həmçinin gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər də müzakirə olunub: “Müəyyən fəaliyyət sahələrini əhatə edən nazirlərin, biznes strukturları rəhbərlərinin iştirakı ilə aprel ayında biznes forumların keçirilməsi və s. barədə məlumat verilib. Eyni zamanda, ölkə başçısının qeyd etdiyi kimi, regionda yaranmış yeni reallıq, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Türk Şurasına daxil olan ölkələr arasındakı iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaq”.
A.Badamovun fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında Azərbaycanı təbrik etməsi, tezliklə Şuşaya səfər edəcəyi mesajını verməsi onu göstərir ki, iki dövlət arasında yaranmış dostluq münasibəti sarsılmazdır: “Tədbirdə iştirak edən bütün dövlət başçılarının zəfər münasibətilə Azərbaycanı təbrik etmələri, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini dəstəkləmələri bir daha sübut edir ki, artıq regionda və dünyada türkdilli dövlətlərin böyük əməkdaşlıq birliyi yaranıb”.
Qeyd: Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Görüşdə region və dünyanı əhatə edən qlobal problemlər və türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.
Nəzrin CAVİD.
araz.az xəbər portalı.