Artıq ikinci ildir ki, Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Bu ayda dini ayinlərin, ibadətlərin, iftar süfrələrinin kütləvi təşkil olunmaması üçün qardaş Türkiyədə karantin daha da sərtləşdirildi. Azərbaycanda da hər nə qədər inanclı insanlarımız məscidlərin açılmasını gözləsə də, yoluxmaların artması bunun əksini deyir. Karantin şəraitində bu mübarək ayı necə qarşılayaq, onun ibadət və ayinlərini necə yerinə yetirək? İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Hacı Şahin Həsənli “Yeni Müsavat”a müsahibəsində bu haqda danışıb.
– Hacı, mübarək Ramazan ayına sayılı günlər qaldığı bir vaxtda, bu ayın fəzilətləri və üstünlüyü barədə nə deyə bilərsiniz? Bu rəhmət ayından müsəlmanlar necə bəhrələnə bilərlər?
– Quran-Kərimdə və hədislərdə Ramazan ayı haqqında geniş şəkildə danışılır. Ramazan ayı Quranda adı çəkilən yeganə aydır. Bu ay oruca görə fəzilətli deyil. Bəli, Ramazan ayında oruc tutmaq vacibdir. Amma ayın əsas üstünlüyü bu ayda Qurani-Kərimin nazil olmasıdır. Quranın özünün buyurduğuna əsasən müqəddəs kitabımız bu ayda nazil olub. Qurani-Kərim Allahın bəşəriyyətə göndərdiyi son sözdür, ən kamil kitabdır. Bu kitab məhz Ramazan ayında nazil olduğu üçün bu ay şərafətlənib, digər aylardan fərqlənib. Təsadüfi deyil ki, bu ayda oruc tutmaq müsəlmanlara vacib buyrulub, bu baxımdan da Ramazan ayı digər aylardan fərqlənir. Orucun fəziləti bundadır ki, insan nəfsi sınağa çəkilir və insan Ramazan ayında özünə yox deməyi bacarır. Həyatda ən böyük uğurları qazanan insanlar da özünə yox deməyi bacaran, özü ilə mübarizədə qələbə çalan insanlardır. Bu ay mənəviyyatın xasiyyətə qələbəsidir. İnsan könüllü seçim arasında qalır, öz nəfsani istəklərinə yox deyir, nəfsi ilə mübarizə aparır, bu vasitə ilə də təkmilləşir, kamilləşir. Ramazan ayı həm də Allah ziyafəti ayıdır. Hədislərdə qeyd olunur k, bu ayda siz Allah ziyafətinə, ilahi ziyafətə dəvət olunmusunuz. Bu mənəvi bir qonaqlıqdır, bu ayda hər bir əməlin dəyəri artır, insanların nəfəsi belə, yuxusu belə ibadət sayılır. Artıq Şaban ayının ortalarından insanlar Ramazan ayına hazırlaşır. İnsanın günahlardan təmizlənməsi, Allahla ibadətə vaxt ayırması, digər insanlara yaxşılıq etməsi kimi əməllər artıq Şaban ayında tövsiyə olunur ki, Ramazan ayına təmizlənmiş halda daxil ola bilək.
– Rəcəb və Şaban ayları da Ramazan ayına doğru hazırlıq aylarıdır deyə bilərikmi?
– Bəli, Rəcəb və Şaban ayları da fəzilətinə görə fərqlənir, birinci yerdə Ramazan ayı dayanırsa, sonra da Rəcəb və Şaban ayları gəlir. Bu aylar ona görə dəyərlidir ki, ilahi ziyafətə dəvət üçün nəzərdə tutulub.
– Hacı, ötən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir, toplu tədbirlər qadağan olunub, məscidlər bağlanıb. Bu, Ramazan ayinlərinə necə təsir edəcək?
– Bəli, bu il də Ramazan ayı pandemiya şəraitində keçiriləcək, insanların kütləvi məscidlərə toplaşması yenə də mümkün görünmür. Buna görə də insanlar Ramazan ayının ayinlərini fərdi qaydada icra edəcəklər. Məscidlərdən canlı yayımlar olacaq, onlayn qaydada dini ayinlər icra edilib insanlara çatdırılacaq, xütbələr oxunacaq. Əgər bu müddətdə vəziyyət dəyişməsə, çox güman ki, Qədir gecəsinin ayinləri də bu şəkildə qeyd olunacaq. İnsanları kütləvi iftar mərasimlərindən çəkinməyə çağırırıq. Mövcud qaydalar çərçivəsində məhdud sayda insanın iştirakı ilə iftar süfrələri təşkil olunur, amma geniş şəkildə təşkil olunması məqsədəuyğun deyil. Çünki dinimiz insanın sağlamlığına ciddi önəm verir. İnsan sağlamlığı ən önəmli məsələdir və ibadətlər zamanı da bu nəzərə alınır. Məsələn, oruc tutmaq xəstə insanların səhhətinə zərər vurursa, onlara tutmamaq əmr olunur. İnsanın sağlıq durumu imkan vermirsə, Həcc ziyarəti də sağalana qədər onun üzərindən götürülür. Pandemiya dövründə də biz qaydalara riayət etməliyik, özümüzün və başqalarının sağlamlığını düşünməliyik. Çünki can Allah-Təalanın bizə verdiyi əmanətdir və bu əmanəti qorumaq hər bir müsəlmanın əsas vəzifələrindən biridir.
– Bir çox sahələrlə bağlı karantin yumşaldıqca möminlərdə məscidlərin açılmamasından dolayı bir küskünlük yaranır. Çünki bəzi sahələr var ki, orada kütləvilik heç də məscidlərdən az deyil, lakin fəaliyyətinə icazə verilib. Bununla bağlı dindarlarımıza sözünüz nədir?
– Məscidlərlə bağlı məsələ hər zaman Qafqaz Müsəlmanları İdarəsi olaraq bizim gündəmimizdədir. Bununla bağlı təkliflər hazırlamışıq və mütəmadi olaraq müvafiq qurumlarla, Operativ Qərargahla birgə bu məsələlər müzakirə olunur. Müxtəlif dövlət qurumlarına məktublar da ünvanlanıb, mövcud qaydalar şəraitində məscidlərin fərdi ibadətə açılması məsələsi də müzakirə olunub. Bu barədə müsbət irəliləyişlər də var idi. Ancaq yenə də yoluxma dinamikasında artım müşahidə olunur, belə bir şəraitdə mövcud durum nəzərə alınmalıdır. Biz çox arzulayardıq ki, məscidlərimiz açılsın. İnsanlarımız yenə də əvvəlki qaydada ibadət etsinlər. Bunu bəlkə də hamıdan çox biz arzulayırıq, çünki birbaşa fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Çalışırıq ki, bu məsələ müsbət yöndə həll olunsun. Ancaq yoluxma sayı artır və belə bir şəraitdə insanların sağlamlığının qorunması da vacibdir. İnanclı vətəndaşlar bilməlidir ki, din xadimləri, Qafqaz Müsəlmanları İdarəsi bu məsələ ilə mütəmadi məşğul olurlar, təklif verirlər, müzakirə aparırlar. İlk fürsətdə bu məsələ həllini tapacaq. Yoluxma halları azalarsa, icmalar bu məsuliyyəti üzərinə götürəcək. Əgər mövcud qaydalara uyğun bunu fərdi şəkildə icra etmək mümkün olarsa… Hələ ki bu mümkün olmadığından bir qədər səbir etmək lazımdır, dünyada artıq pandemiya üçüncü mərhələyə keçib. Hər yerdə bu məhdudiyyətlər var, bəzi yerlərdə məscidlər açılsa da, yoluxma artdıqca yenə də məhdudiyyətlər tətbiq olunur. İnsanlar bizim bu məsələyə biganə olduğumuzu düşünməsin, şəxsən özümüzün diqqətimizdədir, din xadimləri də, Qafqaz Müsəlmanları İdarəsi də fürsət olduqca dəqiq məlumat verəcək.
– Türkiyədə də Ramazan ayı kütləvi tədbirlərlə müşahidə olunurdu, coşqulu keçirilirdi və insanların toplaşmasının qarşısını almaq üçün Ramazan öncəsi karantin qaydaları daha da sərtləşdirildi. Azərbaycanda da Ramazan ayına görə sərt karantinə keçirilməsini gözləyirsinimiz?
– Mən bu məsələ ilə bağlı məlumatlı deyiləm, Qafqaz Müsəlmanları İdarəsinin xalqa müraciəti, fətvası olacaq, orada müxtəlif məsələlər öz əksini tapacaq. Arzu edirik ki, insanlar qaydalara riayət etsinlər və yoluxma sayı artmasın. Hazırki durum əhalini narahat etsə də, obyektiv səbəblərdəndir. Bütün dünyada karantin bu və ya digər şəkildə tətbiq edilir. Əlavə məhdudiyyətlərin olmamasını arzu edərdik, ancaq bu bizdən asılı deyil, şəraitdən və ona uyğun qəbul edilən qərarlardan asılıdır. Hələ ki bu barədə heç nə demək mümkün deyil. Məsələ müzakirə olunur, yəqin ki, Ramazan ayına qədər dini qurum olan Qafqaz Müsəlmanları İdarəsinin də müraciəti olacaq.
– Ramazan ayı gələndə iki qisim insanları müşahidə edirik. Bir qisim səhhətinə zərərli olduğu halda israrla oruc tutur, digər qisim isə müxtəlif bəhanələrlə orucdan yayınır, vacibata əməl etmir. İnsan nəyin əsasında qərar verməlidir ki, oruc ona vacibdir, ya yox?
– Oruc tutmaq bütün müsəlmanlara vacibdir. Qurani-Kərimin Bəqərə surəsində də var ki, “Ey iman gətirənlər, sizdən öncəkilərə vacib edildiyi kimi oruc sizə də vacib edildi ki, bəlkə pəhrizkarlardan olasınız. Bu, dinin vacib hökmüdür və səhhəti imkan verən insanlar oruc tutmalıdır. Lakin hər il qeyd edirik ki, orucun sağlamlığına ciddi ziyan vurduğu xəstələr ondan azaddırlar. Hətta insan bilsə ki, oruc tutmaq onun səhhətinə ciddi mənfi təsir göstərir, hansısa xəstəliyini ağırlaşdırır, o zaman haram hesab olunur. İnsan məqsədli şəkildə sağlamlığına zərər vura bilməz. Etimad olunan həkimlərə müraciət etməli, onların məsləhətinə uyğun hərəkət etməlidir. Bəzi insanlar da var ki, oruc onların səhhətinə ziyan vurmur, lakin yayınmağa çalışırlar. Belə bir zarafat də var ki, ildə bir dəfə mədələri ağrıyır və oruc tutmaqdan boyun qaçırmaq istəyirlər. Orucun ziyan vurduğu ciddi xəstəliyi olanlar da bilməlidirlər ki, Allah onlardan oruc istəmir və tutarlarsa günah etmiş olurlar. Aclığın və susuzluğun zərər vurmadığı xəstəliklər də var ki, onlar oruc tutmalıdırlar, hətta həkimlərlə məsləhətləşərkən də bəzən onlar deyirlər ki, dərmanların vaxtını dəyişmək olar, imsak və iftar vaxtında qəbul etmək olar. Həkimlər icazə verirsə, bu şəkildə də orucu davam etdirmək olar.
– Dinimizə görə, qız uşaqları 9, oğlanlar isə 13 yaşından həddi-buluğa çatır və o zaman oruc tutmaq da onlara vacib olur. Lakin 9 yaşlı uşaqların orqanizmi elədir ki, bəlkə də 1 ay buna tab gətirə bilməz, valideynlər də bu səbəbdən istəmirlər. O zaman dinin hökmü nədir?
– 9 yaşından qız uşaqlarının oruc tutması ilə bağlı dinin fərqli görüşləri var. Namaz 9 yaşından qızlara vacib olduğu halda, orucu gücü çatdığı qədər tuta bilər. Sağlıq durumlarına uyğun olaraq 1 ay ərzində tam tutmaya da bilərlər. Şəriətimizdə fərqli görüşlər də var ki, qız uşaqlarına 13 yaşından oruc tutmağı buyurur.
– Hər il Ramazan bayramı günü ilə bağlı müsəlman dünyasında təqvim ixtilafı yaşanır. Adi vaxtlarda təriqət ayrı-seçkiliyi olmasa da, həmin günlərdə parçalanma yaşanır, bayram namazları ayrı-ayrı günlərdə qılınır. Bunun həlli yolu nədir?
– Bu o qədər də qabardılmalı, siyasi rəng verilməli məsələ deyil. İnsanlar yanlış olaraq fərqli yerlərə yozurlar. Burada dini və elmi yanaşma əsas götürülməlidir. Quranda da qeyd edilir ki, ayı gördüyünüz zaman orucu dayandırın. Əsas olan ayın görünməsidir. Təbii ki, məzhəblərin varlığı reallıqdır, bu qorxulu hal deyil. Əsas olan bunu ixtilaf halına çatdırmamaqdır. Neçə illərdir ki, QMİ Şamaxı Rəsədxanası ilə birgə bu məsələni tənzimləyir, təqvimlərlə bağlı Azərbaycan şəraitinə uyğun qərar verilir. Din xadimlərinin fətvası və bu sahənin mütəxəssislərinin rəyi ilə ayın Azərbaycan ərazisində görünməsi ilə Ramazan ayının başlaması və bitməsi tarixləri insanlara çatdırılır. Mən də bu komissiyanın üzvüyəm və tam məsuliyyətimlə deyirəm ki, məzhəblərin ortaq görüşləri əsasında tərtib olunur, yerli coğrafi şərait nəzərə alınır və elmi baxışlarla dini baxışlar bu məsələdə tam uzlaşır. İnsanlar arxayın şəkildə bu fətvalara əməl edə bilərlər.
– Hacı, orucun kəffarəsini və ya iftar süfrəsini imkansız ailələrə ərzaq yardımı ilə əvəzləmək olarmı?
– Bəli, ötən il də bütün məscidlərdə yardımlar edildi, bizim məsciddə də edildi. Bu il də təklif edərdim ki, iftar süfrələri əvəzinə yardım edilsə daha yaxşıdır. Həmin vəsaiti yoxsul və ehtiyaclı insanlara sərf etmək olar. Bunun savabı da daha çox olar. Hazırkı şəraitdə kütləvi iftarlar mümkün olmadığı üçün insanlar bu vəsaitləri yardım kampaniyalarına sərf etsinlər. Hədislərdə də qeyd olunur ki, Allah orucu zənginlər yoxsulların halından xəbərdar olsunlar deyə vacib edib. Bu kampaniyalar orucun fəlsəfəsinə də uyğundur və çox böyük savabdır. Kəffarə acları doyurmaqdısa, elə həmin məbləğə uyğun da imkansız insanlara yardım etmək olar.
araz.az
araz.az xəbər portalı.