Bir neçə gündür ölkə gündəminin geniş müzakirə mövzusu Cəmil Həsənlinin qızı Günel Həsənlinin yayılan videolarıdır. Cəmil Həsənli ilk açıqlamasında bunu özünün siyasi fəaliyyətinə zərbə vurmaq cəhdi kimi dəyərləndirdi. Əlavə etdi ki, qızının şəxsi həyatına müdaxilə də yolverilməzdir. Əsas müzakirə mövzusu videonu çəkən, yayan şəxs və ya şəxslərin kimliyidir.
Müzakirələr davam edən ərəfədə Günel Həsənlinin yaydığı açıqlama müxtəlif fikirlərin ortaya çıxmasına səbəb oldu.
Əvvəlcə onu bildirək ki, Günel Həsənlinin adından ilk olaraq “videolardakı şəxs mən deyiləm” kimi fikirlər yayılmışdı. Amma sonradan təkzib olundu. Martın 31-də isə Günel Həsənli baş verənlərlə bağlı ətraflı izahat verdi. Videoda onunla birlikdə olan şəxsin adını da açıqladı.
Günel Həsənli həmin açıqlamasına belə başlayır: “Mən, Həsənli Günel Cəmil qızı, sosial şəbəkələrdə şəxsi həyatıma qanunsuz müdaxilə ilə bağlı yayılan məlumatların, xüsusilə həmin məlumatların ailəmin və atam Cəmil Həsənlinin şəxsiyyətinə ağır zərbə olduğunun dərin məyusluğunu və məsuliyyətini yaşayıram. Heç şübhəsiz ki, öz məsuliyyətsizliyim səbəbindən də yaşadıqlarım və doğmalarıma yaşatdıqlarımı özümə bağışlamıram…”
Cəmil Həsənlinin qızı bunların arxasında ustalıqla qurulmuş geniş bir əməliyyat olduğunu, özünü isə bu əməliyyatın hədəfi kimi təqdim edir. Mahir adlı şəxsin onunla evlənmək niyyətində olduğunu, hətta ona qızıl üzük də aldığını, etimadını qazandığını və sonda aldadıldığını deyib.
Günel Həsənli son görüşdə ona meyvə şirəsi verildiyini və sonra olanları xatırlamadığını bildirib.
Baxanlara bəlli olduğu kimi, məlum iyrənc kadrlarda üzü gizlədilən kişi portnyoru Günel Həsənliyə pul verir. Cəmil Həsənlinin qızı həmin pul məsələsini belə izah edir: “Pul məsələsinə gəlincə, Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və ”özün nə istəyirsən, al” dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam”.
Günel Həsənlinin bu açıqlamalarından sonra üçüncü intim video yayımlandı. Həmin video açıqlamanı və oradakı iddiaları əhəmiyyətli şəkildə təsirsizləşdirir. Çünki Günel Həsənli açıqlamasında bu görüşün bir dəfə olduğunu, həmin zaman da aldadıldığını izah etməyə çalışırdı. Lakin ortada 3 ayrı vaxtda çəkilmiş videogörüntülər var.
“Musavat TV”nin canlı efirində Azərbaycan Xalq Partiyasının sədri Pəhah Hüseyn və YAP-çı deputat Elman Nəsirov da bu məsələyə münasibət bildirib. Elman Nəsirov baş verən hadisəni üçüncü bir tərəfin təxribatı kimi dəyərləndirib: “Azərbaycan cəmiyyətinin mahiyyətinə, xislətinə, xalqımızın dünya görüşünə və tərbiyəsinə uyğun gəlməyən məsələlərdir. Bu işin mənəvi tərəfidir. Məsələnin qanuni tərəfi isə belədir ki, ölkəmizdə keçirilən referendumda konstitusiyaya düzəliş oldu. Bu düzəlişdə insanın icazəsi olmadan onun şəklini, videosunu çəkmək və paylaşmaq olmaz. Bu, konstitusiya ilə qadağan olunub. İndiki məqamda müəyyən siyasi dairələrin məqsədi Azərbaycanda bizim dövlətçiliyin mahiyyətinə, xalqımızın mənəvi əxlaqi dəyərlərinə uyğun gəlməyən məsələləri qabartmaqdır. Xaricdə bir qrup söyüşcül blogerlər var. Bu da onun başqa bir formada təzahürüdür. Mənim gəldiyim qənaət belədir ki, dövlət iki halda çox ciddi beynəlxalq siyasi dairələrin təsiri altına düşür. Birincisi, zəif olanda, ikincisi isə nə qədər paradoksal səslənsə də güclü olanda. Heç bir halda həzm edə bilmirlər ki, nədən Azərbaycan dövləti özü birbaşa qərar qəbul elədi və öz ərazi bütövlüyünü bərpa elədi. Bunun nəticəsidir ki, həmin dairələr müxtəlif bəhanələrlə ölkə daxilində cəmiyyəti, vətəndaş həmrəyliyini pozmağa çalışırlar. Bu videolar da həmin siyasi qruplaşmaların niyyətidir ki, Azərbaycan dövlətinə ləkə atsınlar, dövlətin müvafiq qurumlarını gözdən salsınlar”.
Deputat deyib ki, Azərbaycan dövlətini, onun müvafiq qurumlarını bu cür məsələlərdə ittiham etmək kökündən yanlışdır. Elman Nəsirov fikrilərinə əlavə edib ki, məsələ qanun çərçivəsində araşdırılmalıdır: “Xüsusi xidmət orqanları bu məsələni araşdıracaq və cinayətkarı aşkar edəcək. Bu kimi cinayətlər daha əvvəllər də olub. Həmin cinayəti törədən şəxslər cəzalandırılıb. Sadəcə, bu dəfə həmin şəxs Cəmil Həsənlinin qızı olduğu üçün məsələ bu qədər ajiotaj yaradıb”.
YAP-çı deputat onu da əlavə edib ki, baş verən hadisənin özü də məyusedicidir: “Bizim milli mənəvi dəyərlərimizə də tam ziddir. İnsan bir insanla görüşə bilər. Amma burada üçüncü bir xanımın da iştirakı var. Bu kimi hallar məyusedicidir. Bu kimi məsələlərdə tələm-tələsik fikirlər bildirmək, qərarlar vermək olmaz. Rəsmi qurumların araşdırmasını gözləmək lazımdır”.
Pənah Hüseyn isə məsələyə emosional yanaşaraq baş verənlərin təcili şəkildə araşdırılmasının tərəfdarı olduğunu bildirib: “Bu hadisə kim tərəfindən törədilibsə, çox alçaq bir cinayətdir. Ortalıqda bir fakt var. İndiki iqtidarın prinsipial tənqidçilərindən biri olan şəxsin siyasi fəaliyyəti ilə əlaqələndirilən bir cinayətin törədilməsi və bu cinayətin arxasında konkret rəsmi qurumların durması haqda ciddi rəy var. Bəli, bir qurumu ittiham edirsənsə, bunu sübut etməlisən. Amma bu hadisə həmin kateqoriyaya aid etmək olmaz. Burada dövlətin, dövlətin əsas qurumlarının üzərinə ləkə atıldığına görə dövlət dərhal müraciət gözləmədən hərəkətə keçməlidir. İctimai rəyi qane edəcək dərəcədə inandırıcı dəlil və sübutlarla işin üstü açılmalıdır. Bu hərəkəti kim edibsə, ciddi şəkildə cəzalandırılmalıdır. Bizə deyilib ki, bu məsələ ciddi şəkildə nəzarətə götürülüb və bu istiqamətdə ciddi irəliləyişlər var. İctimai rəydə fikirləri dövlətin üstünə yönəltməyə çalışırlar. Buna görə də dövlət özü maraqlı olmalı və qısa zamanda məsələnin üstünü və gerçəkləri açmalıdır. Mən bu cür məsələlərdə dözümsüz və emosionalam”.
Hüquq-mühafizə orqanlarından Musavat.com-a verilən məlumata görə, hadisənin araşdırılması istiqamətində işlər görülür.
araz.az xəbər portalı.