modern

Bu gün – 2 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılovun həbs olunduğu barədə rəsmi məlumat açıqlanıb.

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, R.Cəbrayılov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

R.Cəbrayılovun deputat olarkən qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Rafael Cəbrayılovun törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır.

***
Qeyd edək ki, bu, Azərbaycanda sabiq deputatların həbs edilməsilə bağlı ilk hadisə deyil.

Bundan əvvəl də bir neçə dəfə keçmiş deputatın dəmir barmaqlıq arasına düşməsinin şahidi olmuşuq.

Pravda.az həbs edilmiş sabiq deputatlarla bağlı qısa araşdırmanı təqdim edir.

***

2003-cü ildə keçirilən prezident seçkiləri sonrası Bakıdakı Azadlıq meydanında müxalifət qüvvələrilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmanın nəticəsi o zamankı deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə üçün çox ağır olmuşdu. Həmin vaxt həbs edilən İqbal Ağazadəyə “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açılmış, toxunulmazlıq hüququ əlindən alınmış və həbs olunmuşdu.

Bir il davam edən məhkəmə prosesindən sonra 22 oktyabr 2004-cü il tarixdə Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə İ.Ağazadə 3 il müddətinə həbs olunmuşdu.

İqbal Ağazadə 20 mart 2005-ci ildə əfv fərmanı ilə azad edilmişdi.

***

Milli Məclisin 2007-ci ildəki yaz sessiyasının iclasında Nazirlər Kabinetinin hesabatı təqdim olunarkən deputat Hüseyn Abdullayevin etiraz çıxışı parlamentdə böyük qalmaqalla nəticələnmişdi. Deputat Fəzail Ağamalının replikasına həmkarı H.Abdullayevin əsəbi reaksiyası onların əlbəyaxa davası ilə sonuclanmışdı. Dava-dalaşdan sonra Milli Məclisin İntizam Komissiyası Hüseyn Abdullayevin işi ilə bağlı sərt qərar çıxardı. Mandatdan məhrum olunan deputat barəsində Baş Prokurorluq cinayət işi açdı. 2 aylıq həbsdən sonra azadlığa buraxılan H.Abdullayev daha sonra Almaniyaya getdi, bir neçə il orada yaşadı.

2018-ci ildə sabiq deputat Türkiyədə yenidən həbs edilərək Azərbaycana gətirildi.

İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanıb.

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.

2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi hakim Həbib Həsənovun sədrliyi ilə aparılan prosesdə keçmiş deputat Hüseyn Abdullayevə 6 il həbs cəzası kəsib.

***

Daha bir qalmaqallı deputat həbsi Gülər Əhmədovanın adı ilə bağlıdır. 2012-ci ilin sentyabrında ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin eks-rektoru Elşad Abdullayevin yaydığı videoda deputat mandatı ilə bağlı bazarlıq faktı ölkədə ciddi səs-küy doğurmuşdu.

E.Abdullayev iddia edirdi ki, G.Əhmədova ona 2 milyon manat qarşılığında Milli Məclisə üzv seçiləcəyi vədi vermişdi.   

Elə həmin ilin noyabrında öz mandatından imtina edən G.Əhmədova bunu istintaqa kömək məqsədilə etdiyini vurğulamışdı.

2013-cü ilin fevralında Səbail Rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İstintaq yekunlaşandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

2014-cü ilin mayında Bakı Apellyasiya Məhkəməsi həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işinə baxıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

Və Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.
  
***

2016-cı ilin fevralında daha bir sabiq deputatın həbsinə şahid olduq. Belə ki, 2010-2015-ci illərdə deputat olmuş iş adamı, “Globus Plaza”nın sahibi  Dünyamin Xəlilov dələduzluqda təqsirləndirilərək həbs edilib.

O, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib.

D.Xəlilov “Azərbaycan Beynəlxalq Bank” ASC-dən külli miqdarda kredit götürüb qaytarmamaqda təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il, müddətinə azadlıqdan məhrum edilib.

D.Xəlilovun əmlakı “AqroKredit” ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödənilməsinə yönəldilib.

Hökmdən narazı qalan D.Xəlilov apellyasiya şikayəti verib. O, barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini və ona bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya endirilib.

2018-ci ilin fevralında sabiq deputat Dünyamin Xəlilov saxlanıdığı Bakı istintaq Təcridxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) köçürülüb.

***
22 avqust 2020-ci il tarixində Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

Qərara əsasən, İ.Əliyev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin kürəkənidir. O, pandemiya zamanı qızına toy mərasimi keçirdiyinə görə cəzalandırılmışdı.

İlham Əliyev IV və V çağırış Milli Məclisin deputatı olub.

Modern.az

araz.az xəbər portalı.